“Ənənəvi və klassik dəyərlər multikultural mühitdə”

Bakı Musiqi Akademiyasında (BMA) “Ənənəvi və klassik dəyərlər multikultural mühitdə” beynəlxalq fənlərarası elmi-praktiki konfransın açılışı olub.

 

Konfransda BMA-nın rektoru, Xalq artisti, Dövlət mükafatları laureatı, professor Fərhad Bədəlbəylinin onlayn çıxışı səsləndirilib. Professor F.Bədəlbəyli multikulturalizmin çox önəmli bir amil olduğunu vurğulayıb, Azərbaycanda çoxlu azsaylı xalqın yaşadığını, onların dillərinin, mədəniyyətlərinin yaşaması üçün böyük işlərin görüldüyünü bildirib.

 

Konfransın açılışında BMA-nın 1-ci kurs bakalavr tələbəsi, klarnet ifaçısı Hüseyn Rzayev B.Kovaçın “Macar rapsodiyaları”nı, 1-ci kurs magistr tələbəsi, fleyta ifaçısı İlahə Məmmədova, konsertmeyster Leyla Zeynalova H.Rzayevin “Çahargah” rapsodiyasını, 1-ci kurs bakalavr tələbəsi, violin ifaçısı Özcan Cabbarlı və konsertmeyster Zöhrə Salamova Q.Venyavskinin “Vals – kapriççio”sunu ifa ediblər. Sonuncu ifa isə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Mehri Əsədullayeva və tabla ifaçısı Yaşar  Hüseynovun “Hind raqası” olub.

 

Sonra BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə qonaqları  salamlayaraq, konfrans iştirakçılarına uğurlar arzulayıb.

 

Konfransın moderatoru BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə Gəncə Dövlət Universitetinin, Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Milli Konservatoriyasının, Bakı Xoreoqrafiya Akademiyasının nümayəndələrini və digər qonaqları salamlayaraq, konfransda Türkiyə, Çin, Rusiya, İrandan iştirakçıların olacağını, konfrans müddətində 38 məruzənin səslənəcəyini bildirib.

 

4 bölümdən ibarət konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

 

 



08.12.2022 | 16:31