“Narkomaniyaya yox, sağlam həyata hə” adlı videoçarx hazırlanıb

“Uşaq və Gənclərin İnkişafına dəstək” İctimai Birliyi Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyaya yox, sağlam həyata hə” adlı layihə çərçivəsində eyniadlı təbliğat videoçarxı hazırlayıb.

 

Layihə  narkomaniyanın fəsadlarını göstərməklə yanaşı, sağlam həyat tərzinin təbliğatını nəzərdə tutur.

 

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyada, eyni zamanda ölkəmizdə son dərəcə mürəkkəb, ictimai baxımdan təhlükəli hadisədir. Narkomaniyanın insan həyatına, ailələrə, cəmiyyətə vurduğu ziyanın həcmi çox böyükdür.  Narkotik istifadəçisinin şəxsiyyəti deqradasiyaya uğrayır,  o, müxtəlif cinayətlər törədir;  narkotik bəlası cəmiyyətin intellektual potensialını aşağı salır, sağlam genefonda mənfi təsir göstərir. Narkotik maddə təkcə  onu qəbul edən insanı məhv etmir, həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına da zərbə dəyir.

 

Narkotik maddələrdən və narkomaniyadan uzaq olmağın yollarından biri sağlam həyat tərzinə üstünlük verməkdir. Sağlam həyat tərzinin ən vacib elementlərindən biri isə idmandır. İdmana və sağlam həyat tərzinə meyillənmək gənclərimizi narkomaniya bəlasından qoruya biləcək yollardan biridir.

 

“Narkomaniyaya yox, sağlam həyata hə” adlı videoçarx gəncləri sağlam həyata həvəsləndirməklə yanaşı, pis vərdişlərdən və narkomaniyadan uzaqlaşmağa çağırır.  

 

 

 



08.12.2022 | 17:35