Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə Yıldız Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov Türkiyənin Yıldız Texniki Universitetinin təhsil fakültəsinin dekanı professor Mehmet Engin Dənizlə görüşüb. Görüşdə, həmçinin universitetin müəllimləri dosent Seydi Ahmet Satıcı və dosent Begüm Satıcı iştirak ediblər.

 

Görüşdə psixologiya sahəsində hər iki təhsil müəssisəsinin mütəxəssislərinin əməkdaşlığı, birgə araşdırmaların aparılması, kadr hazırlığı, məktəb psixoloqları üçün metodik vəsaitlərin hazırlanması, bu istiqamətdə ortaq layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

 

Daha sonra Psixologiya Elmi-Tədqiqat İnstitutu ilə Yıldız Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Qeyd edək ki, 2018-ci ildən fəaliyyətə başlayan Psixologiya Elmi-Tədqiqat İnstitutu Azərbaycanda psixologiya elminin inkişafına töhfə vermək, dünya standartlarına uyğun psixoloji elmi-tədqiqat işlərinin aparılması, yerli psixoloji məlumatların araşdırılması, elmi psixoloji ekspertizaların təşkili və həyata keçirilməsi, psixologiya sahəsində kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, cəmiyyətə, o cümlədən fiziki və hüquqi şəxslərə peşəkar psixoloji xidmətin göstərilməsi məqsədilə yaradılıb.

 

 



08.12.2022 | 19:00