SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalı

Dekabrın 5-də Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində SAF 2022 - Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimi keçirilib. Azərbaycanın təhsil sahəsində böyük nüfuza malik tədbirin açılış mərasimində Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, digər dövlət qurumlarının rəsmiləri, millət vəkilləri, səfirlər, media qurumlarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri və xaricdən gələn qonaqlar iştirak ediblər. 

 

“Artıq STEAM Azərbaycan təhsilinin ayrılmaz hissəsidir”

 

Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev qonaqları salamlayaraq Beynəlxalq STEAM Azərbaycan Festivalının ölkəmizdə keçirilməsini böyük bir təhsil bayramı adlandırıb. STEAM layihəsindən danışan nazir bildirib ki, adıçəkilən layihə Azərbaycanın gələcək təhsilinin bu gün atılan ilk addımlarıdır. Emin Əmrullayev qeyd edib ki, STEAM-in tədrisində əsas məqsəd gələcək nəsli yeni çağırışlara, reallıqlara hazırlamaqdır. Azərbaycan məktəbinin, təhsil işçisinin və şagirdinin 5 il ərzində xeyli yol qət etdiyini söyləyən nazir vurğulayıb ki, artıq STEAM Azərbaycan təhsilinin ayrılmaz hissəsidir. Emin Əmrullayev bu işin həyata keçirilməsində dəstək göstərən Azərbaycandan, İsraildən, Türkiyədən olan əməkdaşlara təşəkkürünü bildirərək getdikcə STEAM Azərbaycanın əməkdaşlıq coğrafiyasının genişləndiyini vurğulayıb.

 

Elm və təhsil naziri festival iştirakçılarının 40 faizinin Azərbaycanın bölgələrini təmsil etdiyini bildirib. Ölkəmizin müxtəlif şəhər və rayonlarında yeni-yeni STEAM mərkəzlərinin açıldığını qeyd edən nazir bölgələrdən olan şagirdlərin öz layihələri ilə Bakıya qonaq gəlməsini çox sevindirici hal adlandırıb. Emin Əmrullayev ötən ilki festivalın sırf ölkəni əhatə etdiyi halda, bu il isə beynəlxalq səviyyədə keçirilməsinə diqqət çəkib.

 

Çıxışında festivalın təşkilində 250-dən çox “BİR” tələbə-könüllünün dəstəyini xüsusi vurğulayan elm və təhsil naziri onların hər birini 5 Dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib. Nazir çıxışının sonunda festivalın təşkilində əməyi olan hər kəsə təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb. 

 

“2026-cı ilə kimi layihə üzrə şagird sayının 280 minə çatdırılması nəzərdə tutulur”

 

Daha sonra çıxış edən “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov layihə və festival barədə ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan təhsil müəssisələrində STEAM layihəsinin tətbiqinə 2019-2020-ci tədris ilindən başlanılıb və bu layihə hazırda ölkə üzrə 318 məktəb və 100 305 şagirdi əhatə edir, əlavə olaraq 22 STEAM Mərkəzi fəaliyyət göstərir. İ.Nəzərov Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən 2026-cı ilə kimi layihə üzrə şagird sayının 280 minə çatdırılmasının nəzərdə tutulduğunu qeyd edib. Qızların IT, texnologiya, mühəndislik kimi yeni sahələrə cəlb edilməsinin dünyada olduğu kimi Azərbaycanda da aktuallığını diqqətə çatdıran layihə rəhbəri bu mövzuda Elm və Təhsil Nazirliyi və UNISEF arasında mövcud razılığa əsasən, qızların rəqəmsal bacarıqlarının inkişafı, karyera seçiminə dəstək layihəsinin həyata keçirilməsi, müxtəlif regionlarda STEAM layihəsi tətbiq olunmayan məktəblərdən qızları cəlb edib onlara bu sahələrin öyrədilməsi barədə məlumat verib. Qeyd edilib ki, orta məktəb kurikulumundan fərqli olaraq STEAM layihəsi çərçivəsində innovativ kurikulum vasitəsilə şagirdlərə robototexnika, modelləşmə, kodlaşdırma, mühəndisliyin müxtəlif istiqamətləri və s. modullar üzrə biliklər öyrədilir.

 

SAF 2022-nin ötən ildən fərqini diqqətə çatdıran İqrar Nəzərov builki festivala ümumilikdə 350 komanda üzrə 1312  iştirakçının qatıldığını, komandalardan 27-nin xarici ölkələri, 198-nin Bakını, 125-nin isə bölgələri təmsil etdiyini, iştirakçıların 751 nəfərini oğlan, 561 nəfərini isə qızların təşkil etdiyini deyib. Bu il festivalda 6-10 yaşarası şagirdlər (200-dən çox) və universitetlər də təmsil olunur. İştirakçıların mükafatlandırılması barədə məlumat verən İqrar Nəzərov qızıl, gümüş, bürünc medallarla yanaşı iştirakçıların 70 faizindən çoxuna xüsusi prizlərin, sponsor şirkətlər tərəfindən hədiyyələrin veriləcəyini diqqətə çatdırıb.

 

Bildirilib ki, beynəlxalq səviyyədə təşkil olunan SAF 2022-də “VEX İQ” və “VEX V5” “Robotiks”, “Lego” “Axtarış və xilasetmə” (10-14,15-18 yaş), “Hakaton” (ali məktəb), “Hakaton” (ümumtəhsil məktəbləri), “Xəyal dünyası” (ibtidai sinif), “Robokids” (ibtidai sinif), “Mexatronika”, “Təhsil dronları” adlı ümumilikdə 10 kateqoriya müəyyənləşdirilib. Həmçinin bir kateqoriya üzrə “İnnovativ layihələr sərgisi” də təşkil olunub.

 

Müxtəlif kateqoriyalar üzrə festivalda iştirak məqsədilə Böyük Britaniya, İsveç, Türkiyə, Türkmənistan, Estoniya, Özbəkistan, Qazaxıstandan edilən müraciətlərə əsasən, bu ölkələrdən olan komandaların iştirakı təmin olunub. Yarışlarda komanda fəaliyyətinin qiymətləndirilməsi məqsədilə Fransa, İsrail, Norveç, Çin və Türkiyədən mütəxəssislər münsif olaraq dəvət edilib.

 

“Üzləşdiyimiz böhranlardan çıxış yolları əməkdaşlıqdan, ünsiyyətdən keçir”

 

Norveçdən Beynəlxalq STEAM Azərbaycan Festivalına təşrif buyuran “FIRST Scandinavia” şirkətinin təsisçisi Per-Arild Konradsen çıxışında 2019-cu ildən “STEAM Azərbaycan”la əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Qonaq qeyd edib ki, şagirdlərin heç də hamısı sinif otağında hər şeyi öyrənmir, həmin mühitdə öyrənməyə meyilli deyil. Bundan irəli gələrək daha çox praktiki bacarıqların aşılanması məqsədilə yeni mühit, yeni qruplar, yeni bacarıqların sınanması üçün yeni şərait yaradılıb və şagirdlər cəlb olunub.

 

Per-Arild Konradsen STEAM layihəsi çərçivəsində ənənəvi fənlərlə bərabər əməkdaşlıq, ünsiyyət, yaradıcılıq, tənqidi təfəkkür kimi bacarıqları da şagirdlərə aşılamağın vacibliyindən bəhs edib. O, bildirib ki, bütün bu bacarıqlar üzləşdiyimiz problemlərin həllində fövqəl əhəmiyyətə malikdir. Per-Arild Konradsen hazırda dünyamızın üzləşdiyi enerji, çirklənmə, tullantılar, iqlim dəyişikliyi kimi ciddi böhranlara diqqət çəkərək bu vəziyyətdən çıxış yollarının əməkdaşlıqdan, ünsiyyətdən keçdiyini vurğulayıb. Norveçli qonaq ilk növbədə 4 gün ərzində “STEAM Azərbaycan” çərçivəsində keçirilən festivalda iştirak etməyə, yarışları müşahidə etməyə gəldiyini söyləyib, iştirakçılara uğurlar diləyib, çox böyük məmnuniyyətlə dörd günü Azərbaycanda keçirəcəyini dilə gətirib.

 

Daha sonra aparıcılar Leyla Quliyeva və Ağa Nadirovun təqdimatında davam edən Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində iştirakçı komandalar bir-bir səhnəyə dəvət olunub və onlara yarışlarda uğurlar arzulanıb. Rəngarəng şou-proqramın nümayişi, tanınmış müğənnilərin səsləndirdiyi sevilən mahnılar, rəqs qruplarının ifa etdikləri rəqslər iştirakçıların böyük marağına səbəb olub.

 

Qeyd edək ki, dekabrın 9-dək davam edəcək STEAM Festivalının keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan təhsilalanların müəyyənləşdirilməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

 

Lamiyə ƏLİMƏRDANOVA

 



09.12.2022 | 09:44