“Polşanın tarixi və memarlıq irsi” adlı fotosərgi

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dünyanın şah memarlıq əsərləri” adlı fotolayihə çərçivəsində “Polşanın tarixi və memarlıq irsi” adlı sərgi keçirilib.

 

İtaliya-Azərbaycan Dizayn Mərkəzi və Polşanın Azərbaycandakı səfirliyinin  təşkilatçılığı ilə keçirilən sərgidə azərbaycanlı fotoqraf Cəmşid Mustafayevin 18 maraqlı foto işi nümayiş olunub. Fotoşəkillərdə Polşanın müxtəlif şəhərlərinin heyrətamiz tarixi və memarlıq əsərləri əks olunub. 

 

Tədbirdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, universitetin professor-müəllim heyəti, tələbələr, həmçinin Polşanın Azərbaycandakı səfiri Rafal Poborskin, Avstriyanın ölkəmizdəki səfiri Tomas Şuller-Qötzburq, layihənin kuratoru Aydın Sadıxov və Azərbaycandakı diplomatik korpusların nümayəndələri  iştirak ediblər.

 

Açılış mərasimində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov çıxış edərək “Dünyanın şah memarlıq əsərləri” adlı fotolayihə barədə məlumat verib. Qeyd edib ki, layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrinin memarlıq xüsusiyyətləri, tarixi və mədəni irsi, eləcə də dizayn sahəsində yenilikləri ilə tanışlıqdır.

 

Rektor G.Məmmədova çıxış edərək layihənin fərqli memarlıq nümunələrini öyrənmə, təbliğ etmə baxımından önəminə diqqət çəkib.

 

Polşa memarlığının Avropa memarlığında xüsusi yerə sahib olduğunu qeyd edən professor G.Məmmədova bildirib ki, maraqlı fotoşəkillərdən ibarət ekspozisiya Polşa memarlığını dərindən mənimsəmək üçün AzMİU tələbələrinə, memarlıq üzrə professor-müəllim heyətinə əlverişli şərait yaradacaq. Rektor Polşanın, xüsusilə Varşava, Vroslav, Qdansk, Krakov və Katovitsed şəhərlərinin unikal və tarixi memarlığına diqqət çəkərək memarlıq nümunələrinin qorunmasının əhəmiyyətindən danışıb.

 

Sərgiyə görə universitet rəhbərliyinə, təşkilatçılara təşəkkürünü bildirən səfir Rafal Poborskin bu tip tədbirlərin ölkələrimiz arasında əlaqələri gücləndirdiyini qeyd edib. Əlavə edib ki, Polşa tarixinə, memarlıq irsinə göstərilən diqqət AzMİU-nu bu ölkə üçün dava cazibədar ali təhsil müəssisəsinə çevirəcək.

 

Fotoqraf və səyyah, sərginin kuratoru Aydın Sadıxov AzMİU rəhbərliyinə və səfirlik nümayəndəsinə, eləcə də digər qonaqlara təşəkkür edib, layihənin davamlı olacağını bildirib.

 

Rəsmi hissədən sonra sərgiyə baxış keçirilib.

 

Qeyd edək ki, bu, layihə çərçivəsində keçirilən 3-cü sərgidir.

 

 



20.12.2022 | 18:14