“ODTU-da tədqiqatlara xüsusi önəm verilir”

Ölkəmizdə istedadlı şagirdlərin aşkar edilməsi, onların bilik və bacarıqlarının stimullaşdırılması istiqamətində məqsədyönlü tədbirlər öz bəhrələrini verməkdədir. Artıq neçə illərdir ki, mütəmadi olaraq keçirilən respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq səviyyəli bilik yarışlarında iştirak edən, ölkəmizə medallar qazandıran  şagirdlərimizin sorağı dünyanın bir sıra nüfuzlu ali təhsil müəssisələrindən gəlir. Oxucularımızı daha bir olimpiada qalibi ilə tanış etmək istəyirik.

 

Tanıtım:  Ömər Elxan oğlu Əfəndi  2004-cü il dekabrın 17-də Bakı şəhərində anadan olub.  2011-ci ildə paytaxtdakı 160 nömrəli Klassik gimnaziyanın I sinfinə daxil olub. İlk təhsil illərindən nümunəvi davranışları və çalışqanlığı ilə seçilib.  2019-cu ildən təhsilini akademik Zərifə Əliyeva adına liseydə davam etdirib. 2022-ci ildə liseyi gümüş nişanla bitirib. Hazırda Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Orta Doğu Texnik Universitetinin  (ODTU)          kompüter mühəndisliyi fakültəsində  təhsil alır.

 

- Orta məktəbdə oxuyarkən daha çox hansı fənlərə maraq göstərirdiniz? Hansı uğurlarınızı qeyd edə bilərsiniz?

- Deyə bilərəm kii, VI sinifdən proqramlaşdırmaya həvəs göstərməyə başladım. İlk dəfə informatika fənni üzrə Respublika Fənn Olimpiadasında iştirak etdim və final mərhələsinə çatdım. Növbəti ildən etibarən, bir qızıl, bir gümüş və üç bürünc medala layiq görüldüm  və ölkəmizi müxtəlif beynəlxalq olimpiadalarda təmsil etdim.

 

- Ali təhsil üçün Türkiyəni, OTDU –nu seçmisiniz. OTDU-da təhsil sizin üçün nə dərəcədə cəlbedicidir?

- ODTU Türkiyənin kompüter elmləri və mühəndislik ixtisasları sahəsində ən nüfuzlu ali təhsil müəssisəsidr. Eyni zamanda ali təhsilin ən çətin olduğu universitet sayılır. Bu isə ODTU-nu  seçməyimin səbəblərindən biri idi. Həm də bir azərbaycanlı kimi Türkiyə mənə çox doğmadır  və burada təhsil almaq hər zaman mənə məntiqli gəlirdi.

 

- ODTU-nun tədris mühiti barədə nə deyə bilərsiniz? Tələbələrin tədqiqatlara münasibəti necədir, buna şərait və imkan yaradılırmı?

- Universitetdə tələbələr arasında rəqabət çox  yüksəkdir, çünki hər tələbənin aldığı qiymət o biri tələbələrin qiymətlərindən aslıdır. Bu cür vəziyyət tədris mühitinə spesifiklik əlavə edir. Universitetdə 41 proqram üzrə tədris həyata keçirilir. Bu proqramları 5 qrupa bölmək olar: mühəndislik, elm, memarlıq, pedaqogika və iqtisadiyyat. ODTU-da əsasən tədqiqatlara xüsusi önəm verilir və imkanlar yaradılır. Professorların çoxu  tələbələri tədqiqatçı olmağa həvəsləndirir.

 

- Kompüter mühəndisliyinin imkanları və gələcək perspektivləri barədə nə demək olar?

- Sirr deyil ki, indiki zamanda kompüter elmləri və mühəndislik, demək olar ki, bütün sahələrdə tətbiq olunur. Gələcəkdə kompüter elmlərinin imkanları daha da artacaq və genişlənəcək. Bu sahə başqa elmlərin də irəliləyişinə səbəb olacaq, təhsil prosesini asanlaşdıracaq, istehsalı çoxaldacaq və ucuzlaşdıracaq.

 

- Universitetdə tədris prosesində hansı formata üstünlük verilir: distant, yoxsa  hibrid modelə?

- Universitetdə dərslər ənənəvi keçirilir. Bəzi dərslərin mühazirələrini  və materiallarını universitetin saytına yükləyirlər və bu, tələbələrə çox yardım edir. Qiymətləndirilən ev tapşırıqları da olur, tez-tez kiçik  imtahanlar keçirilir.

 

- Universitetdə müəllim-tələbə münasibətləri necədir? ODTU-da diqqətinizi cəlb edən hansı maraqlı məqamları qeyd edə bilərsiniz?

- ODTU-nun kampusu böyük olduğuna görə müəllimlərin  də universitet ərazisində yaşamaq imkanı var. Buna görə tələbələr müəllimlərlə daha çox təmasda ola bilirlər. Nəticədə, müəllim-tələbə münasibətləri daha isti və səmimiliyi ilə seçilir.  Mənim diqqətimi cəlb edən məqamlardan biri iki professorun tələbələrlə bir “rok-qrupu”  şəklində möhtəşəm performans təşkil etməsi oldu. Bundan başqa,  qeyd edə bilərəm ki, ODTU-da, sadəcə tələbələr müəllimlərə yox, həm də müəllimlər tələbələrə hörmətlə "hocam" deyə müraciət edirlər.

 

-  Türkiyənin nüfuzlu ali məktəblərindən birinin tələbəsi kimi uğurlarınızın sirrini necə izah edərdiniz?

- Bu vaxta qədər əldə etdiklərimi uğur adlandırmaq istəməzdim. Amma bir şeyi deyə bilərəm ki, hər nailiyyətimə görə hər zaman yanımda olan ailəmə, mənə sonsuz dərəcədə vaxt ayıran müəllimlərimə, mənə dəstək olan dostlarıma borcluyam və onlara çox minnətdaram.

 

- Gələcək planlarınız nədir? Gələcəkdə özünüzü harada görürsünüz?

- Öz sahəmdə irəliləməyi düşünürəm. Əminəm ki, ODTU və bu universitetin təhsil  mühiti daha konkret planlarımın yaranmasına kömək edəcək.

 

Oruc MUSTAFAYEV

 



27.12.2022 | 10:28