Azərbaycan-Çin əməkdaşlığının perspektivləri

Prezident İlham Əliyev ötən həftə  Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasında səfərdə olub. Zəngin proqramlı səfərdə bir sıra ölkələrin dövlət və hökumət başçıları, ayrı-ayrı xarici şirkətlərin rəhbərləri ilə işgüzar görüşlər keçirilib. Prezident İlham Əliyev Davosda həmçinin, Çinin CGTN (China Global Television Network) televiziya kanalına  müsahibə də verib.

 

Əvvala, Davosda Çin televiziyasına geniş müsahibə vermək bu ölkənin bu gün dünyada qlobal güc statusunda çıxış etməsi, nəhəng iqtisadi imkanları və dünya iqtisadiyyatına təsir göstərmək gücü nöqteyi-nəzərindən diqqətçəkici bir məqamdır. İkincisi, müsahibə Çin-Azərbaycan əlaqələri, qlobal iqtisadi böhran, Çinin dünyada artan iqtisadi imkanlarının qiymətləndirilməsi cəhətindən də maraq doğurur.    

 

Sirr deyil ki, bu gün Çindəki iqtisadi proseslər, iqtisadi inkişafın sürətli dinamikası, aparılan islahatlar dünya tərəfindən diqqətlə izlənilir. Çinlə dünya ölkələri arasında qarşılıqlı əlaqələrə hazırda böyük maraq var və əməkdaşlığın bu günü, sabahı haqqında fikirlər, planlar, perspektivlər müxtəlif aspektlərdən ətraflı təhlil olunur.    

 

Azərbaycana gəldikdə, bəllidir ki, İpək yolu coğrafiyası ölkəmizlə Çin əlaqələrinin tarixi köklərini daha qədimlərə aparıb çıxarır, amma siyasi əməkdaşlığın 30 illik bir tarixi var. Hər iki ölkə ənənəvi dostluq münasibətlərini qoruyub saxlamağı bacarır, bu xoş münasibətlərin, əməkdaşlığın inkişafı üçün əhəmiyyətli addımlar atır. Çin və Azərbaycan rəhbərləri arasında qarşılıqlı hörmət daim müşahidə edilir, dövlət başçıları beynəlxalq tədbirlər müstəvisində tez-tez bir araya gəlir, müxtəlif məsələləri birgə müzakirə edirlər. Təsadüfi deyildir ki,  Çinin dövlət başçısı Si Cinpi ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırdı. Sözsüz ki, bu lütfkarlıq aradakı etibarlı münasibətlərdən, düzgün qurulan Çin-Azərbaycan əməkdaşlığından qaynaqlanır.

 

Çinlə ticarət, təhsil, mədəniyyət sahələrində normal əməkdaşlığımız mövcuddur; iqtisadi əməkdaşlıq əlaqələri artan xətt üzrə gedir; İnformasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir fəaliyyət göstərir. İnfrastruktur, enerji və tikinti sahələrində investisiyalarla bağlı çoxlu müzakirələr aparılır, müəyyən praktiki addımlar atılır. Bu mənada Azərbaycan-Çin əməkdaşlığının yaxşı perspektivləri var. 

 

Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini daim dəstəkləyib. Bu gün gündəmdə olan ən maraqlı, irimiqyaslı layihələrdən biri kimi Orta Dəhliz layihəsi Çinlə Azərbaycanı, dünya ölkələrini birləşdirən, əlaqələrini artıran bir proyedir. Azərbaycan hətta bu layihə üzrə nəqliyyat infrastrukturunun bütün zəruri seqmentlərini də yerinə yetirib.

 

Çin tərəfindən irəli sürülən, böyük coğrafiyanı əhatə edən “Bir kəmər, bir yol” təşəbbüsünə Azərbaycan ilk günlərdən fəal şəkildə qoşulub. Son 10 il ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa edib. Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodu da tikilib. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırıb.

 

Təbii ki, bunlar kifayətedici deyil. Ölkəmiz çalışır ki, daha çox Çin şirkətləri Azərbaycana gəlsin, enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar, bərpaolunan enerji sahələrində də əməkdaşlıq qurulsun, genişlənsin. Çünki Azərbaycan böyük potensiala malikdir. Çinin də yüksək texnologiyalara sahibliyi danılmazdır, bu cəhətdən onların potensiallarının birləşməsi ilə ortaya arzuolunan nəticələr qoyula bilər. Azərbaycan hər zaman bəyan edir ki, ölkəmizdə investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar qorunur. Bu amillər təbii ki, xarici sərmayələr üçün  güvən mühiti formalaşdırır. Məlumdur ki, ölkəmiz Ələt bölgəsində azad iqtisadi zona yaradır və bu da müxtəlif şirkətlər üçün yaxşı fürsətlər deməkdir.  

 

Əlbəttə ki, Azərbaycanın belə imkanları, Avropa ilə Asiyanın arasında yerləşdiyinə görə malik olduğu üstün coğrafi mövqe Çin tərəfindən, digər dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Çünki həm Avropanın, həm Asiyanın ölkəmizə ehtiyacı var. Azərbaycan Şərq-Qərb arasında bir dəhlizdir. Açıq dənizə çıxışı olmayan bir ölkə kimi Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilib. Şimal-Cənub, Şərq-Qərb dəhlizinin iştirakçısı olan Azərbaycan bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturunu hazır vəziyyətə gətirir. Avtomagistrallar və hava limanları kimi layihələr həyata keçirir. Azərbaycanda hava limanları layihələrinin tamamlanması prosesi gedir. İşğaldan azad edilmiş ərazilərdə üçüncü hava limanı-Laçın hava limanı tikilir. Beynəlxalq hava limanlarının sayının doqquza çatdırılması planlaşdırılır ki, bu hava limanları həm sərnişin daşımalarına, həm də yük daşımalara xidmət edəcək. Dəmir yolu infrastrukturuna geniş investisiya qoyulur. Bakıdan Qərb istiqamətində infrastrukturu genişləndirmək üçün Azərbaycan əlavə sərmayə yatırır. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, mühüm faktordur. Bakı-Tbilisi-Qars dəmir yolu öz işini uğurla yerinə yetirir. Azərbaycan ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuş bir ölkədir. 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Azərbaycan Avropada qaz çatışmazlığı bir dönəmində enerji təhlükəsizliyinə töhfə verir. Ötən il Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzalayıb. Bütün bu işlər Azərbaycan və onunla əməkdaşlıq edən dövlətlər üçün son dərəcə əhəmiyyətli qərarlar və addımlardır.

 

Çinin artıq yeni bir dəmir yolu layihəsi təşəbbüsü ilə çıxış etməsi də sevindirici haldır. Çünki Çin-Qırğızıstan-Özbəkistan adlı bu yeni layihə əlavə təchizat marşrutudur və bu təchizat trayektoriyasında istiqamət kimi Xəzər dənizi də var.   Göründüyü kimi, Azərbaycanın adı Çinin ən yeni layihələrində də öz əksini tapır. Prezident İlham Əliyev məhz bu fakt üzərindən baxaraq, sonuncu müsahibəsində Orta Dəhlizi parlaq gələcəyi olan bir layihə adlandırdı.

 

Bu gün tarixi İpək yolu coğrafiyasının primitiv, daha qədim nəqliyyat kommunikasiyası- dəvə karvanları yoxdur. Bəşəriyyətin inkişafı elə sürətlə gedib ki, artıq çağdaş dünyanın modern texnologiyası, yeni kommunikasiya vasitələri-sürətli qatarlar, düz və rahat avtomobil yolları, çoxsaylı hava limanları  Şərqlə Qərbi bir –birinə olduqca sürətli və daha çevik bağlayır.     

 

Gələcəyinə nikbin baxılan Orta Dəhliz sözsüz, təkcə yükdaşımanı sürətləndirməyəcək, regional əməkdaşlığı daha da sağlamlaşdıracaq, geosiyasəti, iqtisadiyyatı  gücləndirəcək və dünyada firavanlığa töhfə verəcək. 

 

V.ALLAHVERDİYEVA

 



23.01.2023 | 11:24