"Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin təqdimatı

Sentyabrın 25-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin təqdimatı keçirilib.

 

Konfransın məqsədi ali təhsil müəssisələrini, digər maraqlı tərəfləri və geniş ictimaiyyəti növbəti iki ildə Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin məzmunu və əsas gözləntiləri barədə məlumatlandırmaqdır.

 

Tədbirdə təhsil naziri Ceyhun Bayramov bir sıra Avropa ölkələrinin Azərbaycandakı səfirləri, ali təhsil müəssisələrinin rəhbərləri, layihəyə cəlb olunmuş ekspertlər iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan təhsil naziri Ceyhun Bayramov bildirib ki,  Azərbaycan dünya təhsilində müşahidə olunan trendləri və çağırışları nəzərə alaraq təhsilin insan kapitalının inkişafı sahəsindəki rolunu düzgün dəyərləndirməyə və bu istiqamətdə davamlı tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan, Prezident cənab İlham Əliyev tərəfindən 2013-cü ildə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” yüksək səriştəli təhsilverənlərə və müasir texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe tutan təhsil sistemi formalaşdırılması məqsədini daşıyır. Milli təhsilimizin prioritetlərini və təhsil sahəsində əsas fəaliyyət istiqamətlərni müəyyənləşdirən bu konseptual sənəd hər bir şəxs üçün bərabər və keyfiyyətli təhsil imkanlarının yaradılmasını nəzərdə tutur.

 

Nazir qeyd edib ki, son dövrdə yüksək ixtisaslı kadr hazırlığında yeni yanaşma və metodologiyaların tətbiqi, ali təhsil müəssisələrinin muxtariyyətinin genişləndirilməsi, tələbə qəbulu qaydalarının təkmilləşdirilməsi, rəqabətəsaslı təqaüd sisteminin yaradılması, universitetlərdə keyfiyyətin təminatı mərkəzlərinin qurulması, məzunların işlə təmin olunmasına xidmət edən karyera mərkəzlərinin fəaliyyətinin effektivliyinin yüksəldilməsi və ali təhsil müəssisələrində elmi fəaliyyət nəticələrinin səmərəliliyinin artırılması istiqamətlərində ciddi uğurlar əldə olunub.

 

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev qeyd edib ki, layihənin icrasına cari ilin aprel ayında başlanılıb. Bu müddət ərzində artıq layihənin 1-ci komponenti üzrə bir neçə tədbir həyata keçirilib və üç tərəfdaş ölkənin ekspertlərindən ibarət missiyalar təşkil olunub. Ekspertlərin Bakıya səfərləri çərçivəsində Təhsil Nazirliyi və ali təhsil müəssisələrində geniş müzakirələr aparılıb və müvafiq mövzular üzrə seminarlar təşkil olunub.

 

Daha sonra çıxış edən  Avropa İttifaqının əməkdaşlıq şöbəsinin müdir əvəzi Alexandra Nerisanu , Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas, Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs, layihənin Avropa İttifaqı üzrə rəhbəri Bruno Curvale  bu əməkdaşlıqdan məmnun olduqlarını bildirib, layihənin ali təhsilə verəcəyi töhfələrdən danışıblar.

 

Proqram çərçivəsində reallaşdırılan və icrasına cari ilin aprel ayında başlanılan bu layihə Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilir. Layihə 2015-2017-ci illərdə “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” adlı Tvinninq layihəsinin davamı olaraq aparılır.

 

İki il ərzində icra ediləcək layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdan ibarətdir.

 



25.09.2018 | 16:01