“İnnovativ gənc mühəndislər” layihəsinin ikinci təlimi

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İnnovativ gənc mühəndislər” layihəsinin ikinci  təlimi keçirilib.

 

Layihənin rəhbəri Orxan Güləhmədov təlimin mövzuları, yerinə yetiriləcək praktiki işlərin yoxlanılma qaydalarını iştirakçıların diqqətinə çatdırıb. BDU-nun fizika fakültəsinin nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Faiq Paşayev, Elmi fəaliyyətin təşkili və İnnovasiyalar Mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin müdiri, layihənin koordinatoru Əfsanə Surxaylı çıxışlarında texniki biliklərin tətbiq sahələri və gələcək perspektivlərini qeyd edib,  gəncləri təlimlərdə fəal iştiraka çağırıblar. Kimya fakültəsinin IV kurs tələbəsi İsa İsayev tərsinə mühəndislik biliklərinin vacibliyi, elmin inkişafı nəticəsində yaranan texniki vasitələrin proqram təminatının mürəkkəbliyi və Arduino sistemlərinin unikallığı barədə fikirlərini bölüşüb.

 

Sonra layihənin təlimçisi Sara Rəhimzadə iştirakçılara layihələrin sensorlarla işlənilməsi, radar sisteminin sxeminin yığılması və proqramlaşdırılması, dezinfeksiya aparatı prototipinin hazırlanması qaydalarını izah edib, elektronikanın gündəlik həyatımıza təsiri, pilotsuz uçuş aparatları (PUA) haqqında ümumi məlumat verib.

 

Təlimin sonunda komandalar praktiki tapşırıqları yerinə yetiriblər.

 

 



31.01.2023 | 13:31