“Heydər Əliyev İli”nə həsr edilmiş şahmat turniri

“Təhsil” Respublika İdman Mərkəzinin 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin şahmat zalında “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib.    Əvvəlcə  ulu öndər Heydər Əliyevin  əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İdman məktəbinin direktoru Natiq Ələkbərov 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətinə toxunaraq, Ümummilli Liderin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi,  gələcək nəsillərə çatdırılması baxımından vacibliyini bildirib. N. Ələkbərov qeyd edib ki,  Ulu Öndərin  ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi:” Artıq 3-cü ildir ki, müstəqil Azərbaycan Zəfər bayramının sevincini yaşayır. Ulu Öndərin arzusunu, vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun, xalqımızın sarsılmaz birliyinin və vəhdətinin nəticəsi olaraq doğma Qarabağımız düşmən işğalından azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu”.

 

Məktəbin məşqçi-müəllimləri də xalqımızın böyük oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin həyat yolundan, Vətən qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı, unudulmaz tarixdir.

        

Sonra 175 idmançı şagirdin iştirakı ilə şahmat turniri başlayıb.  Turnirin sonunda uğur qazanan idmançılar diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

 

Rəşad ZİYADOV

 



07.02.2023 | 10:33