Elm və təhsil sahəsinin tanınmış qadınları

Elm və təhsil sahəsində öz töhfəsini verən, hər kəsin tanıdığı və sevdiyi qadınlar az deyil. Hətta, demək olar ki, bu sahədə daha çoxdur. Onlar, sadəcə ailəsində övlad deyil, cəmiyyətə insan, ölkəyə vətəndaş yetişdirirlər. Hər şagirdi, yetişdirdiyi hər insan onların imzasına çevrilir. Yetişdirdikləri insanların da gözündə ucaldıqca ucalır, fənn müəllimindən həyat müəlliminə yüksəlirlər.

 

“Mənim üçün ən böyük hədiyyə şagirdlərimin mənə sarılmalarıdır”

 

Müəllimlərinin müəllim etdiyi, özü də çoxlarına müəllim olmağı bacaranlardır qonağımız. Məsələn, Bakı  şəhəri  Suraxanı  rayonu Şəhid Etibar Cəfərovun adını daşıyan  118  nömrəli  məktəbin  tarix  müəllimi Amənə Kərbalayeva təhsilli bir ailədə yetişib. Anasının təhsilli evdar qadın olması onun gələcək taleyinə təsir edib: “Ailəmiz çoxuşaqlı olduğundan anam çalışmırdı. Evdar xanım olsa da, bizim təhsilə, kitaba bağlanmağımız üçün əlindən gələni etdi. Yay  tətilini onun tutduğu plan əsasında keçirirdik. Anamın siyahısı ilə kitabxanadan  kitab  götürüb oxuyurduq”.

 

Özü evdar olsa da, balalarının təhsilli olmasına nail olan anası sayəsində Amənə orta təhsil səviyyəsini uğurla tamamlayıb: “Bakının Nəsimi rayonundakı 44 nömrəli tam orta məktəbin məzunuyam. Həmin təhsil ocağı,  müəllimləri ilə bağlı xoş  xatirələrim var. Tərəddüd etmədən müəllimliyi seçib bu şərəfli sənətə ömürlük bağlanmağımda da məhz müəllimlərim həlledici oldu”.

 

Amənə müəllim Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. 1996-2001-ci illərdə Tarix fakültəsində bakalavr, 2006-2009-ci illərdə isə magistr təhsil səviyyəsini bitirib. 2011-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantı olub. 2017-ci ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Cəlalilər hərəkatı və Azərbaycan (XVI əsrin sonu - XVII əsrin əvvəlləri)”mövzusunda dissertasiya işini  müdafiə edib. Tarix üzrə  fəlsəfə doktorudur. Elmi fəaliyyətini pedaqoji sahədəki fəaliyyəti ilə paralel inkişaf etdirir.

 

Pedaqoji fəaliyyətə hələ III kurs tələbəsi ikən -1999-cu ildə Bakının Nizami rayonundakı 201 nömrəli tam orta  məktəbdə tarix müəllimi kimi başlayıb. Hazırda yenə Nizami rayonunda, amma başqa - 118 nömrəli tam orta  məktəbdə müəllimdir. Bu illər ərzində, sadəcə iş yerini yox, bacarıqları da dəyişib: “Qiyabi ali təhsil aldığım üçün hələ III kursdan Bakının Nizami rayonundakı 201 nömrəli tam orta məktəbdə gənc tarix müəllimi kimi işə başladım. Məktəbdə qarşılaşdığım hər çətinliyin öhdəsindən gələrkən ən yaxın bələdçim, dəstəkçim o vaxtkı direktorum Süsən Salmanov oldu. Həm onun köməyi, həm də üzərimdə ciddi məşğul olmağım müsbət nəticəsini verdi”.

 

2013-cü ildən müəllim olaraq ilk böyük uğurunu qazanıb. Əvvəlcə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi yarışda “Tarix müəlliminin ən yaxşı açıq dərsi” nominasiyası üzrə III yeri qazanaraq “Fəxri fərman”la təltif  edilib. Sonra ölkə  Prezidentinin Sərəncamına əsasən, 2012-2013-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən olub. İlin uğurlu müəllimlərindən biri kimi 2013-cü ilin dekabrında keçirilən Azərbaycan müəllimlərinin XIV qurultayında iştirak edib. 2016-cı ildə isə ölkə Prezidentinin Sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif edilib. 1 dərslik, 2 müəllim üçün metodik vəsait,  1 monoqrafiya və 30 elmi  məqalənin müəllifidir.

 

Bakı şəhəri  üzrə Təhsil İdarəsi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi tərəfindən təşkil olunan “XV Bakı Karl Popper Debat” formatı üzrə turnirin məşqçisi və təlimçisi olub.

 

Azərbaycan tarixi, ümumi tarix və həyat bilgisi fənn  kurikulumlarının hazırlanması, eləcə də qiymətləndirmə standartlarının hazırlanması üzrə işçi qruplarının üzvlərindən biridir. Peşəkarlığını artırmaq üçün 30-dan çox müxtəlif pedaqoji təlim kurslarında iştirak edib, sertifikatlar alıb, dünya təhsil sisteminin öyrənilməsi təcrübəsinə yiyələnib. Gürcüstanın Kobuleti şəhərində Təhsil  Şurasının təşkil etdiyi Beynəlxalq elmi-təcrübi konfransda iştirak edib, sertifikata layiq görülüb. “Akademik elm həftəliyi -2015” adlı beynəlxalq multidissiplinar forumun iştirakçısı olub və beynəlxalq sertifikat əldə edib.

 

2012-2019-cu illlərdə kurikulum təlimçisi və 2014-2015-ci illərdə Təhsil Nazirliyində  dərsliklər üzrə ekspert kimi fəaliyyət  göstərib.Təhsildə inkişaf və innovasiyalar üzrə “Tariximizi sevək ki, unutmayaq!” adlı layihə ilə  V, “İstedadlarla tarix Olimpiadasına hazırlıq” adlı layihə ilə  isə VI qrant müsabiqələrinin  qalibidir.

 

2020-2021-ci tədris ilində yüksək təlim naliyyətlərinə görə Fəxri fərmanla qiymətləndirilən Amənə müəllim 2021-ci ildə “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif  edilib. Həmin ilin dekabrında  “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsində fəal iştirakına görə Bakı Şəhəri  üzrə Təhsil İdarəsindən “Təşəkkürnamə” alıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən “Yaradıcı müəllim: inkişaf edək, etdirək” təqdimat müsabiqəsində birinci yer  qazanaraq qalib  olub.

 

Amənə müəllim ABŞ-ın Azərbaycandakı səfirliyinin Regional İngilis Dili Ofisinin Onlayn Peşəkar İngilis Şəbəkəsi (OPEN) Proqramının  ABŞ universitetləri tərəfindən hazırlanmış 8 həftəlik peşəkar inkişaf kursunu uğurla bitirib. Belə layihələrə qoşulmaqda isə bir məqsədi var: “Beynəlxalq layihələrə qoşularaq Azərbaycançılıq və başqa milli-mənəvi dəyərlərimizi dünya müəllimləri ilə bölüşmək həyatdakı əsas missiyamdır”.

 

Müəllim-şagird münasibətlərindən danışan Amənə Kərbalayeva sözlərinə əlavə edib: “Mənim üçün ən böyük hədiyyə  şagirdlərimin mənə  sarılmalarıdır. Ən  təsirləndiyim hədiyyələrimdən biri isə şagirdlərimin çəkdiyi rəsmim olub”.

 

Müəllim üçün şagirdlərinin uğurlarından böyük hədiyyəmi var? Amənə müəllim bunu bir daha təsdiq edir. Onun fikrincə, şagirdləri olimpiada  və  yarışmalarda qalib gələrək ona ən böyük hədiyyələri  verirlər: “Təhsildə inkişaf və innovasiyalar üzrə VI Qrant Müsabiqəsi çərçivəsində olimpiada mərkəzini məktəbdə təşkil  etmişəm. Artıq ilk nəticələrim də var. Zəfər olimpiadasında şagirdlərim Fatimə Məmmədli birinci  yer, Sabir Tağıyev  ikinci yeri qazanıb. Həm bu, həm də başqa sahələrdə uğurlarımın davamına çalışıram”.

 

Ruhiyyə DAŞSALAHLI

 



03.03.2023 | 11:09