“Əziz müəllimim, SİZ mənim içimdə özünəinam fidanları əkdiniz”

Bəzi insanlar vardır ki, həyatımızın müəyyən vaxtlarında onlarla ünsiyyətdə oluruq, zaman keçiririk. Arada yaş fərqinin olmasına baxmayaraq, düşüncələrini, keçirdiyin hissləri sənin gözlərindən, davranışından oxuya bilirlər. Hər ehtiyac duyduğunda, məsləhət almaq istəyəndə bir kəlmələri sənə məlhəm olur, problemlərini unutdurur.

 

...18 il əvvəl təhsil aldığım məktəbin həyətində sinif yoldaşlarımla birlikdə 4-cü sinfi bitirməyin həyəcanını yaşayırdıq. Artıq yeni tədris ilindən etibarən fərqli müəllimlərlə görüşməyin, müxtəlif fənnlərdən dərs keçəcəyimizin vaxtı idi. Həmin günü ibtidai sinif müəlliməmiz bizə yaxınlaşıb hər birimizə xoş arzularını söyləyəndə onun bir cümləsi mənim şüuruma daha çox hopmuşdu: “Siz bizim gələcəyimizsiniz, gələcəyimizə yaxşı baxın!”. O zaman bu cümlə mənə həm qəribə, həm də düşündürücü gəlmişdi. Beynim o fikrin mənasını sadəcə belə ayırd edirdi ki, müəllimim mənə yaxınlaşdı, saçlarıma sığal çəkdi və bu sığalla hamımıza toxunurmuş kimi şagirdlərindən ayrıldı... İstər son zəng, istərsə də yeni tədris ilinin başlanğıcında gözüm hər zaman Sürmə müəllimi axtarırdı, onun məlahətli səsini eşitmək istəyirdim. Lakin sonradan öyrəndim ki, biz onun son şagirdləri olmuşuq. Müəllimim yaşı ilə əlaqədar məktəbdən ayrılmışdı. Bəs mənim düşüncəmdən, xatirəmdən ayrıldımı? Əsla! Çox illər keçib, böyüdüyümə baxmayaraq müəllimimin isti əllərinin hərarətini saçlarımda hər zaman hiss edirəm. Ona olan sevgimin böyüklüyünü anlayıram. Lakin bu duyğularımı, ürək sözlərimi ona deməyə müvəffəq olmamışam. Hətta bu yazını yazarkən belə o sığalı üzərimdə hiss edirəm:

 

“Əziz müəlliməm, bu sözləri oxumağınızı çox istərdim. O zaman özümü çox xoşbəxt hiss edərəm. Sizə olan sevgim kəlmələrə belə sığmaz. Sizin yetirməniz olduğum üçün çox fəxr edirəm, qürur duyuram. Mənə görə əsl müəllimin bariz nümunəsi olmusunuz. Uşaq vaxtı sizinlə rastlaşdığım üçün çox şanslı biriyəm. Sizin sayənizdə indinin özündə də oxuduğum məktəbin önündən keçəndə o illərin ağuşunda oluram, oxuduğum sinifin mənzərəsi gözümdə canlanır, səsinizin melodiyası qulaqlarımda cingildəyir. Siz mənə o qədər inanırdınız ki... həmişə də inandınız. Hər zaman uğurlu olacağımı əminliklə söyləyirdiz. Təhsil həyatında atdığım hər uğurda ilk ağlıma gələn siz olursunuz. Siz mənim daxilimdə yarımçıqlıq hissini qovdunuz, özünəinam fidanları əkdiniz. Mənim sizə olan məhəbbətimi, sevgimi bir bilə bilsəniz. Mən sizi heç vaxt unutmayacağam. Sizinlə xatirə şəklim olmasa da, əlaqə qurulmasa da, beynimdə, xatirələrimdə əbədi olaraq kodlanmısınız. Sizin hər zaman gülməyinizi istəyirəm”.

 

Tünzalə QULİYEVA                   

 

 



09.03.2023 | 11:06