“Peşə təhsilində şəbəkələşmə və təcrübə mübadiləsi” mövzusunda seminar

Martın 16-da  Bakıdakı “JW Abşeron Marriott Baku” otelində “Peşə təhsilində şəbəkələşmə və təcrübə mübadiləsi” mövzusunda seminar keçirilib. Seminar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının dəstəyilə (BMTİP) keçirilib.

 

Tədbirin əsas məqsədi Azərbaycanda peşə təhsili və təlimi sistemində XXI əsr tələblərinə cavab verən pedaqoji kadr hazırlığı fəaliyyətlərinə dəstək olmaq üçün ölkədə layihə əsaslı öyrənmə təcrübələrini təşviq etməkdir. Bu məqsəd üçün Aİ-nin maliyyələşdirdiyi və BMTİP-nin icra etdiyi “Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsi ilə birgə peşə təhsili müəssisələri (PTM) heyətlərinin “eTwinning” layihəsinə cəlbi imkanları müzakirə edilib. Seminar Avropa ölkələrinin peşə təhsilində tətbiq edilən qabaqcıl təcrübələrinin öyrənilməsi və müəllimlərin mübadiləsi prosesinə dəstək olmağa yönəlib. 

 

Tədbirdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov çıxış edərək seminarın əhəmiyyətindən söz açıb. Peşə təhsili müəssisələrində çalışan müəllimlərin “eTwinning” layihəsinə qoşulmasının bu sahədə olan bilik və bacarıqlarının artmasına səbəb olacağından ümidvar olduğunu deyib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov çıxış edərək bu kimi layihələrin peşə təhsilinin inkişafına xüsusi töhfə verəcəyini bildirib.

 

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının “Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsinin meneceri Eltəkin Ömərov tədbirdə təqdimatla çıxış edərək bugünkü seminarda iştirak edən müəllimlərin seçim prosesindən danışıb. Peşə təhsili müəssisələrində çalışanların layihəyə böyük maraq göstərdiyini sözlərinə əlavə edib.

 

Çıxışlar zamanı “eTwinning” layihəsinin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurlu icrası barədə fikirlər səsləndirilib. Eyni zamanda qeyd edilib ki, layihəyə qoşulan müəllimlər layihə əsaslı dərs modelinin qurulması, şagirdyönümlü təhsilin inkişafı, onlayn peşəkar inkişaf imkanlarından faydalanmaq imkanı əldə edirlər. Rəqəmsal mühitdə tənqidi düşüncənin formalaşdırılması, kompüter elmləri və kodlaşdırma, onlayn mühitdə şagird təhlükəsizliyinin təmin edilməsi kimi vacib məsələlər xüsusilə vurğulanıb. Cari ildən etibarən müəyyən peşə təhsili müəssisələrinin də layihə fəaliyyətinə qoşulduğu bildirilib.

 

Seminar çərçivəsində müəllim platformasının yaradılması və idarəsi, yerli müəllimlərin avropalı həmkarları ilə əməkdaşlıq imkanları istiqamətləri üzrə sessiyalar keçirilib, o cümlədən uğurlu layihə modeli olaraq “Gələcək üçün Peşə Təhsili və Təlimi” layihəsi çərçivəsində “Layihə əsaslı öyrənmə və layihə metodikası” mövzularında müzakirələr aparılıb.  “Gələcək üçün Peşə Təhsili və Təlimi”  layihəsinin PTM-lərdə yeniliklərin tətbiqi, eləcə də potensialın artırılması və şəbəkələşmənin inkişafı üzrə fəaliyyət istiqamətlərinə müvafiq olduğu və davamlı olaraq dəstəkləniləcəyi də qeyd edilib. 

 

Niyazi RƏHİMOV

 



17.03.2023 | 14:12