NDU-nun Elmi Kitabxanasında “Biocoğrafiya” kitabının təqdimatı olub

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin rektoru, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov və biologiya üzrə fəlsəfə doktoru, dosent İsmayıl Sadiqovun birgə ərsəyə gətirdikləri  “Biocoğrafiya” kitabının təqdimetmə mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin elmi işlər üzrə prorektoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Mübariz Nuriyev kitabı universitetin 50 illiyinə qiymətli bir töhfə olaraq dəyərləndirib, coğrafiya və ekologiya ixtisaslarında tədris edilən biocoğrafiya haqqında məlumat verib. 

 

Zoologiya kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Həbib Hüseynov qeyd edib ki,  kitab giriş, 13 fəsil və 378 səhifədən ibarətdir. Daha çox xarici ədəbiyyatdan istifadə olunan dərslik biologiya və coğrafiya sahəsində əldə edilmiş son nailiyyətlərə əsasən tərtib edilib. Kitabda biocoğrafiyanın inkişaf tarixi, biosferin xüsusiyyətləri, maddələr dövranı, bitki və heyvanat aləminin bioloji-ekoloji xüsusiyyətləri, biosenoz, biogeosenoz və ekosistem, müxtəlif zonların biomları, biocoğrafiya və bioloji müxtəlifliyin qorunma problemləri və.s məsələlər geniş izah edilib.

 

Biocoğrafiya fənni və onun inkişaf tarixi haqda danışan coğrafiya kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əli Həsənov vurğulayıb ki, universitetin coğrafiya və ekologiya ixtisası üzrə tələbələri üçün nəzərdə tutulan kitabdan, həmçinin, bu sahədə elmi iş aparan tədqiqatçılar, müəllimlər də istifadə edə bilər.

 

Coğrafiya müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Kazım Kazımov bildirib ki, indiyə qədər ekologiya və coğrafiya ixtisasları üçün Azərbaycan dilində konkret bir dərsliyin olmaması  tələbələr üçün çətinlik yaratsa da, artıq bu kitab sayəsində problemlər aradan qalxacaq. 

 

Sonda tədbir iştirakçılarının kitab haqqında mülahizələri dinlənilib.



06.03.2018 | 15:00