ABŞ universitetlərinə qəbul tələbləri və təqaüd imkanları...

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Xarici əlaqələr şöbəsinin dəvəti ilə EducationUSA-nın təhsil üzrə məsləhətçisi Sevinc Hüseynova tələbələr və müəllimlər üçün məlumat günü keçirib.

 

AzMİU-dan bildirilib ki, tədbirin əsas məqsədi tələbələrə ABŞ-da təhsil imkanları, qəbul tələbləri və prosesləri, təqaüd proqramları, tələb olunan imtahanlar, bilik və bacarıqlar haqqında məlumat vermək olub.

 

EducationUSA ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən təhsil məsləhət mərkəzləri şəbəkəsidir. Təşkilat müraciət prosesi, vizalar və mədəni mübadilə imkanları daxil olmaqla, ABŞ-da təhsil haqqında hərtərəfli və qərəzsiz məlumat verir. EducationUSA beynəlxalq tələbə mobilliyini təşviq etmək, ABŞ-ın beynəlxalq tələbələrlə əlaqəsini gücləndirmək və mədəniyyətlərarası anlaşmanı asanlaşdırmaq öhdəliyi götürür.

 

Tədbir zamanı Sevinc Hüseynova AzMİU tələbələrinə ABŞ-da müxtəlif tipli institutlar, o cümlədən icma kollecləri, dördillik kolleclər və universitetlər, bu institutlarda təklif olunan müxtəlif dərəcə proqramlarından söz açıb. Həmçinin qəbul prosesi və SAT, ACT, GRE, TOEFL kimi standartlaşdırılmış testlər, ABŞ universitetlərinə müraciət etmək üçün müxtəlif tələblərdən danışıb.

 

S.Hüseynova beynəlxalq tələbələr üçün mövcud olan müxtəlif təqaüd imkanları,  ABŞ hökuməti tərəfindən maliyyələşdirilən, dünyanın hər yerindən olan tələbələrə, alimlərə, mütəxəssislərə ABŞ-da təhsil almaq, tədqiqat aparmaq üçün imkanlar təklif edən nüfuzlu təqaüd proqramı olan Fulbrayt Proqramı  haqqında məlumat verib. O, mədəni mübadilə imkanlarının vacibliyini və ABŞ-da təhsilin faydalarını vurğulayıb, ünvanlanan sualları cavablandırıb.

 

 



29.03.2023 | 19:09