Texnologiya nəhəngləri süni intellekt təlimlərinə qarşı çıxıblar

Texnologiya nəhəngləri bəşəriyyət üçün təhlükə qorxusu fonunda güclü süni intellekt (AI) sistemlərinin təliminin dayandırılmasını təklif ediblər. Onlar potensial risklər barədə xəbərdarlıq edən açıq məktub imzalayıb və AI sistemlərinin inkişafı üzrə yarışın nəzarətdən çıxdığını bildiriblər.

 

BBC telekanalı xəbər verib ki, tviterin rəhbəri İlon Mask da müəyyən bir səviyyədən yuxarı süni intellekt təlimlərinin ən azı altı ay dayandırılmasını istəyənlər sırasında yer alıb. Bundan başqa, “Apple” kompaniyasının həmtəsisçisi Stiv Voznyak və “DeepMind” sisteminin bəzi tədqiqatçıları da bu məktubu imzalayıblar.

 

“ChatGPT”nin arxasında duran “OpenAI” şirkəti bu yaxınlarda “GPT-4” proqramını buraxıb. Bu sistem ən müasir texnologiya, müşahidəçiləri şəkillərdəki obyektlər haqqında suallara cavab vermək kimi tapşırıqları yerinə yetirmək qabiliyyəti ilə dünyanı heyran edib. Həyatın Gələcəyi İnstitutundan gələn və korifeylər tərəfindən imzalanan məktubda inkişafın müvəqqəti olaraq bu səviyyədə dayandırılması təklif olunur və gələcəkdə daha inkişaf etmiş sistemlərin yarada biləcəyi risklər barədə xəbərdarlıq olunur. Texnologiya nəhəngləri bildirirlər ki, insanla rəqabət aparan zəkaya malik süni intellekt sistemləri cəmiyyət və bəşəriyyət üçün böyük risklər yarada bilər.

 

Həyatın Gələcəyi İnstitutu qeyri-kommersiya təşkilatıdır və öz missiyasının transformativ texnologiyaları ifrat, genişmiqyaslı risklərdən uzaqlaşdırmaq və həyatdan faydalanmaq istiqamətində idarə etmək olduğunu bildirir. Tviterin sahibi və “Tesla” avtomobil şirkətinin baş icraçı direktoru İlon Mask bu təşkilatın xarici məsləhətçisi qismində çıxış edir.

 

Məktubda deyilir ki, qabaqcıl süni intellekt ehtiyatla inkişaf etdirilməlidir, lakin bunun əvəzinə, “son aylar süni intellekt laboratoriyalarının heç kimin, hətta onların yaradıcılarının belə qarşısını ala bilmədiyi daha güclü rəqəmsal zəkaları inkişaf etdirmək və yerləşdirmək üçün nəzarətdən kənar bir yarışa girdiyinin şahidi oluruq. Bu texnologiyalar proqnozlaşdırılmış və etibarlı şəkildə idarə edilməlidir”.

 

Ekspertlər xəbərdarlıq edirlər ki, AI sistemləri informasiya kanallarını dezinformasiya ilə doldura və bütün iş proseslərini avtomatlaşdırma ilə əvəz edə bilər. Süni intellektin məhsuldarlığı artıra biləcəyinə baxmayaraq, milyonlarla iş yerinin ləğv oluna biləcəyini bildirən “Goldman Sachs” investisiya bankı da son hesabatında bu prosesin bəşəriyyət üçün böyük problemlər yaradacağını qeyd edib. Digər ekspertlər də süni intellektin əmək bazarına təsirinin proqnozlaşdırılmasının çox çətin olduğunu söyləyiblər.

 

Məktubda məntiqli bir sual yer alıb: "Belə olan şəraitdə bizi əvəz edə biləcək qeyri-insani zəkaları inkişaf etdirmək lazımdırmı? Yanlış uyğunlaşdırılmış superintellektli sistemlər dünyaya ciddi zərər verə bilər. Bu proses mütləq nəzarət altında aparılmalı, süni intellekt laboratoriyalarında “GPT-4” proqramından daha güclü sistemlərin təlimi ən azı altı ay dayandırılmalıdır. Əgər belə bir məhdudiyyət tez bir zamanda qüvvəyə minməsə, hökumətlər işə qarışmalı və moratorium tətbiq edilməlidir. Eyni zamanda, AI ilə bağlı yeni və bacarıqlı tənzimləyici orqanlar da təsis edilməlidir".

 

Son zamanlar ABŞ, Böyük Britaniya və Avropa İttifaqında AI texnologiyalarının tənzimlənməsi ilə bağlı bir sıra təkliflər irəli sürülüb. Bununla belə, Böyük Britaniya süni intellekt üçün xüsusi tənzimləyici qurum olacağını istisna edib.

 

Azərtac



30.03.2023 | 10:24