“Ümumi təhsilin dövlət standartları və məktəb təcrübəsi-2023”

Naxçıvan Müəllimlər İnstitutunda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Ümumi təhsilin dövlət standartları və məktəb təcrübəsi - 2023” mövzusunda Respublika elmi konfransı keçirilib.

 

Konfransda respublikanın bir sıra ali təhsil müəssisələrində çalışan, pedaqoji tədqiqat aparan alimlər, ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri iştirak ediblər.

 

Konfransın plenar iclasında Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov iştirak ediblər.

 

Plenar iclası institutun rektoru Azad Novruzov açaraq, Ümummilli Lider Heydər Əliyevin ölkəmizə  rəhbərliyinin  həm birinci, həm də ikinci dönəmində elm və təhsil sahəsindəki siyasətindən danışıb, onun bu sahələrə  xüsusi həssaslıqla yanaşmasından, göstərdiyi qayğıdan konkret misallar gətirib. Rektor qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə təhsil sistemində ciddi islahatlar həyata keçirilib:”Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılmış və ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər artmışdır. Eləcə də dahi rəhbər keçmiş ittifaqın ən nüfuzlu təhsil müəssisələrində azərbaycanlıların oxumasına çalışmış və bu istiqamətdə əsaslı dönüş yaratmışdır. Məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa himayəsi nəticəsində 1970-ci ildən başlayaraq, hər il 800-900 gənc SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilmişdir ki, bu da respublikanın milli kadr potensialının daha da gücləndirilməsinə imkan yaratmışdır”.

 

Ulu Öndər Heydər Əliyev müstəqillik illərində də elm və təhsilin inkişafını diqqətdən kənarda qoymamış, o cümlədən elm-təhsil problemlərinə kompleks şəkildə yanaşmışdır. Ölkə başçısı bu sahədə mövcud olan problemlərin aradan qaldırılması və Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyasının həyata keçirilməsi məqsədilə ciddi tədbirlər həyata keçirmiş, mühüm tarixi fərman və sərəncamlar imzalamışdır:”Ulu Öndər müəllim peşəsinə çox böyük qiymət vermiş, onların əməyini hər zaman yüksək dəyərləndirmişdir. Böyük şəxsiyyətin rəhbərliyi dövründə bir sıra yeni ali təhsil müəssisələri yaradılmışdır ki, onlardan biri də Naxçıvan  Müəllimlər İnstitutudur. Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirir. Yaradılmış şərait və dövlət qayğısı nəticəsində institutda bakalvr, magistr və doktorantura səviyyələri üzrə kadr hazırlığı aparılır”. Rektor  qeyd edib ki, konfransın keçirilməsinin əsas məqsədi ölkəmizdə ümumi təhsildə həyata keçirilən davamlı islahatları təhlil etmək, nəzəriyyə və təcrübənin uyğunluq dərəcəsini təsbit etmək və Azərbaycanda ümumi təhsilin dövlət standartları sənədinin əsas müddəalarının reallaşdırılması istiqamətində elmi-əməli təcrübə mübadiləsini təmin etməkdir.

 

Təhsil naziri Rəhman Məmmədov isə ümumi təhsilin dövlət standartları üzrə tələblərin muxtar respublikada uğurlu tətbiqindən danışıb. Qeyd edib ki, ümumi təhsildə innovasiyaların mahiyyət və istiqamətlərini aşkarlamaq üçün bu sahədə çalışan tədqiqatçıları, təhsil təşkilatçıları və praktik mütəxəssisləri, fənn müəllimlərini, məktəbəhazırlıq və ibtidai sinif müəllimlərini, ali və orta ixtisas təhsili müəssisələrinin müəllimlərini, pedaqoq və psixoloqları, ümumiyyətlə ümumi təhsilin aktual məsələləri ilə maraqlananları bir araya gətirmək olduqca təqdirəlayiqdir. Təhsilverənlərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasında ümumi təhsilin dövlət standartlarının ən vacib tələblərdən olduğunu diqqətə çatdıran təhsil naziri vurğulayıb ki, hər il 1000-dən çox müəllim Naxçıvan Müəllimlər İnstitutunda keçirilən müxtəlif tədbirlərə cəlb olunur. Bu da ümumi təhsil pilləsində tədrisin yüksəlməsinə, şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyəsinin artmasına müsbət təsir göstərir.

 

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, ümumi təhsilin dövlət standartları ümumtəhsil və ali təhsil məktəblərində təhsil proqramlarında məzmun ardıcıllığının gözlənilməsi əsasında tədrisin təşkilini tələb edir. Rektor deyib ki, ali və ümumtəhsil məktəbləri müəllimlərinin eyni auditoriyada olmaları aparılan tədqiqatlar üzrə təcrübə mübadiləsi baxımından, həmçinin müəllimlərin gələcək rəqabətqabiliyyətli fəaliyyətlərində olduqca əhəmiyyətlidir.

      

Konfrans digər iştirakçıların çıxışları ilə davam edib.

 

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 



01.06.2023 | 11:39