ABŞ-ın 16-cı prezidentinin oğlunun müəlliminə yazdığı məktub

ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun (Uilyam Linkoln) müəlliminə yazdığı məktub əxlaq kodeksi daşıyan bir məktubdur. Linkoln oğlunu məktəbə göndərən zaman onun müəlliminə də məktub ünvanlayır. Məktubda oxuyuruq ki, ata məktəb həyatının ilk günündən oğlunu müəllimə əmanət edir. Ata istəyir ki, müəllim oğluna dürüstlüyü və ədalətli olmağı öyrətsin. Ona qısqanclığın pis bir mərəz olduğunu anlatsın. Müəllimdən oğluna səssiz gülüşün sirlərini öyrətməyi və həmçinin oğluna kitabları sevməyi, kitabların möcüzəli bir nemət olduğunu aşılamağı istəyir. Avraam Linkoln müəllimdən oğlunun təbiətə vurğun olmasını, sevdirməsini istəyir. İstəyir ki, oğlu təklikdə olan zaman göydəki quşların, arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi bacarsın. Ata müəllimdən oğluna məktəbdə səhv etməyin hiylə işlətməkdən daha şərəfli olduğunu bildirməyi istəyir.

Ata məktubda yazır ki, oğluma öyrət fikrinin üstündə möhkəm olsun, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olsun. Oğluma bildir ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. Linkoln yazır ki, oğluma insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib ancaq yaxşılan özünə götürməyi və həmçinin kədərləndiyi zaman necə gülə biləcəyini öyrət.

Bütün bunlarla yanaşı, Linkoln istəyir ki, müəllim oğluna əgər oğlu haqlıdırsa, dimdik ayaqda qalıb mübarizə aparmağı, səbrsiz olacaq qədər cəsarətə sahib olmağı, cəsur olacaq qədər səbrli olmağı öyrətsin. Linkoln istəyir ki, müəllim oğluna özünə inamı öyrətsin, çünki özünə inam olarsa bu yolla onun bəşəriyyətə də inamı daim olacaqdır. Sonda, oğluna qarşı müəllimin mehriban olmasını istəyir.

 

Göründüyü kimi, atanın (və ya valideynin) oğlunu əmanət etdiyi müəllim təbii ki, vətənpərvər, mənəviyyatı təmiz, əxlaqı saf, təlim- tərbiyə fəaliyyətində pedaqoji biliyə dərindən yiyələnən, uşaqlarla humanist münasibət quran, səlis və aydın nitqə sahib və sair yüksək keyfiyyətlərə malik müəllimdir. Necə ki, görkəmli pedaqoq Yan Amos Komenski deyirdi: “Ata kimi sevməsən, müəllim kimi hərəkət edə bilməzsən”.

 

Gələcək cəmiyyətin necəliyi müəyyən mənada müəllimdən asılıdır. Müəllim bu gün yaşayır, gələcəyi qurur. Buna görə də onun fəaliyyəti gələcəyə yönələn fəaliyyət olub, fəal şəxsiyyət formalaşdı­rılması prosesidir. Şagird düzlüyü, doğruçuluğu, səmimiliyi, saflığı, ətrafa, cəmiyyətə hörmət və məhəbbəti, mehribanlıq kimi yüksək mənəvi və əxlaqi keyfiyyətləri, ümumi mədəniyyətə, özünənəzarətə, özünü ələ alma bacarığına, tələbkarlığa və sair sirlərə müəllimin pedaqoji ustalığı ilə yiyələnir. Bu da şagirdin sonrakı fəaliyyəti üçün əsas və zəmin olur. Bu mənada, Linkoln müəllimdən oğlunun elə yetişdirilməsini istəyir ki, oğlu millətin, cəmiyyətin inkişafında əvəzsiz rol oynasın.

 

Dünyanın ən qiymətli kapitalı, “yer üzünün əşrəfi” (N.Gəncəvi) olan insan və onun tərbiyəsi müəllimə etibar edilir. Cəmiyyətin gələcəyi müəllimin əməyindən və bu əməyin necəliyindən həlledici dərəcədə asılıdır. Gələcək cəmiyyət məhz müəllimin əli ilə yaradılır, onun zəhməti hesabına qurulur. Buna görə də müəllimlik, müəllim peşəsi və müəllim bütün dövrlərdə, cəmiyyətin bütün inkişaf mərhələlərində xalq tərəfindən müqəddəs tutulmuş, ona hörmətlə yanaşılmış, dövrün mütərəqqi fikirli adamları ona yüksək qiymətlər vermişlər.

 

Müəllimin rolu təkcə dərs demək və tərbiyə etməklə məhdudlaşmır. Onun cəmiyyətdə rolu böyükdür. Böyük rus pedaqoqu K.D.Uşinski bu münasibətlə yazırdı: “Əgər biz həkimlərə öz sağlamlığımızı etibar ediriksə, müəllimlərə uşaqlarımızın əxlaqını, ağlını, ruhunu və bütün bunlarla bərabər öz Vətənimizin gələcəyini etibar edirik”.

 

Cəmiyyətimizin müasir inkişaf mərhələsində müəllimin üzərinə mühüm vəzifələr və məsuliyyət düşür. Bu gün parta arxasında əyləşən hər bir məktəbli bir neçə ildən sonra müstəqil həyata atılacaq və cəmiyyətin ümumxalq həyatında fəaliyyət göstərəcək. Buna görə də müəllimin başlıca vəzifələrindən biri məhz gənc nəsli gələcək həyata hazırlamaqdır. Bu işi isə yüksək pedaqoji ustalığa, hərtərəfli hazırlığa və dərin peşə keyfiyyətlərinə malik olan əsl müəllimlər müvəffəqiyyətlə həyata keçirə bilər. Müəllimin pedaqoji ustalığı dərin məzmunlu və geniş sahəli elə bir problemdir ki, ona yiyələnmək, öz işinin əsl ustası olmaq hər bir müəllim üçün uğurdur, şan-şöhrətdir. Pedaqoji ustalıq - müəllimlik fəaliyyətində səriştəlilik, bacanqlılıq, mahirlik deməkdir. O, müəllimin dərin nəzəri biliyi ilə praktik fəaliyyətinin üzvi vəhdətinin birləşməsindən yaranan elə bir sənətkarlıqdır ki, burada artıq onun bütün xüsusiyyətləri - bacarıq və qabiliyyətləri, şəxsi keyfiyyətləri özünü göstərir.

 

Tərbiyənin məqsədinin gələcəyə yönələn olması ilə əlaqədar müəllimin də fəaliyyəti ilk növbədə tərbiyə etdiyi şəxsiyyətin gələcəyinə yönəldilir. Başqa sözlə desək, müəllimin fəaliyyəti şagirdlərin təlim-tərbiyəsinin gələcək nəticəsinin bu gün məqsəd kimi qarşıya qoyulub, gələcəyə istiqamətlənən olması ilə səciyyələnir. Müəllim gələcək cəmiyyətin qurucusu kimi onu indidən qurur, yaradır. Bu isə olduqca ağır və çətin iş olub, əsl ustalıq, yaradıcı yanaşma tələb edir.

 

Göründüyü kimi, insana həyat verən, onun ağlına, ruhuna, qəlbinə işıq salan müəllimdir.

 

Avraam Linkolnun oğlunun müəlliminə yazdığı əxlaq kodeksi daşıyan məktubdan sonda belə nəticəyə gəlmək olar: Müəllim yaradıcı olsun, müəllim hazır göstərişlərlə yox, hər bir konkret halda qarşıya çıxan problemlərə müstəqil və yaradıcı yanaşsın. Sinifdə və ya auditoriyada düşdüyü qeyri-standart vəziyyətdə qərarlar qəbul etsin. Müəllim həqiqi biliklə yanaşı müasir həyatın Sokratı olsun.

 

Bu gün müasir məktəbə məhz belə yaradıcı, tədqiqatçı müəllim lazımdır.

 

Kamal CAMALOV,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

 



26.10.2018 | 13:22