“Ən ümdə vəzifə bilikli, vətənpərvər vətəndaş yetişdirməkdir”

Aybəniz Məmmədova 1962 -ci ildə Bakı şəhərində doğulub. 1986-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Həmin vaxtdan Qax şəhər 4 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi, 2004-cü ildən isə rayon təhsil şöbəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodist vəzifəsində işləyib. Keçən il direktorların işə qəbulu imtahanında uğurla iştirak edərək Qax rayonu İlisu kənd tam orta məktəbinə direktor təyin olunub.

 

-Aybəniz xanım, bugünkü uğurlarınızın əsasında nə dayanır?

-Müəllimlik peşəsinə olan sonsuz məhəbbətim. Daim öyrənmək, öyrəndiklərimi yaradıcı şəkildə tətbiq etmək və məsuliyyət.

 

Müəllim ailəsində doğulub, boya-başa çatmışam. Əvvəl atamdan, sonra bu şərəfli peşəni vicdanla, ləyaqətlə daşıyan müəllimlərimdən bu peşəni sevməyi öyrənmişəm. Orta məktəb, tələbəlik illəri bir-birini əvəz etdi. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib təhsil aldığım məktəbdə müəllimlik fəaliyyətinə başladım. Tezliklə şagirdlərimin sevimlisinə çevrildim. Bu, əlbəttə, çalışqanlığın, prinsipiallığın nəticəsində oldu.

 

-Pedaqoji fəaliyyətinizdə ilk uğurunuzu necə xarakterizə edərdiniz?

-2001-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin respublika mərhələsində iştirak etdim. Nəticədə III dərəcəli diploma layiq görüldüm. Sonra “Sərhədlərimizi qoruyaq” qəzet-yazı nominasiyası üzrə respublika turunda fərqlənmə diplomuna və pul mükafatına layiq görüldüm.

 

-Belə bir uğur sizin gələcək fəaliyyətinizə hansı təkanı verdi?

-Sonrakı fəaliyyətim rayon təhsil şöbəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə metodistliklə bağlıdır. Təhsil sahəsində aparılan islahatlar, Milli Kurikulumun tətbiqi, “Təhsil qanunu”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və s. kimi hüquqi sənədlərin tətbiqi, yeni təlim metodları və İKT-dən səmərəli istifadə, gənc müəllimlərə metodik köməklik göstərmək ən ümdə vəzifələrdən biri kimi işimin əsasını təşkil etdi.

 

-Məktəb direktoru olmaq sizin üçün nə deməkdir?

-Çətin, məsuliyyətli bir yolun yolçusu olmaq. İşinlə, əməlinlə həm pedaqoji kollektivin, valideynlərin inamını doğrultmaq, həm də 130 illik tarixə malik olan elm, təhsil ocağının ənənələrini yaşatmaq.

 

-Bu gün cəmiyyət tərəfindən məktəbə verilən tələblər dəyişir, təhsil sahəsində aparılan dəyişikliklər, təkmilləşmələr məktəb və müəllimlər, o cümlədən məktəb rəhbərinin qarşısında mühüm vəzifələr qoyur. Sizin buna münasibətiniz necədir?

-Əlbəttə, bu gün bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi dəyişikliklər gedir. Dövlət başçısı tərəfindən təhsilimizə göstərilən diqqət və qayğı, həyata keçirilən tədbirlər təhsilimizin dünya standartlarına cavab verməsi məqsədi daşıyır. Eyni zamanda, təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələrdən ən ümdəsi bilikli, savadlı və vətənpərvər vətəndaşlar yetişdirməkdir.

 

-   Hazırda məktəb direktoru kimi işinizdə ilkin olaraq nədən başladınız?

-   İşlədiyim pedaqoji kollektivdə sağlam, mənəvi-psixoloji mühitin yaradılması, yaradıcı müəllimlərin inkişafına stimul vermək və onlarla birgə addımlamaq gündəlik fəaliyyətimizin əsas istiqamətini təşkil edir.

 

Təsadüfi deyildir ki, gördüyümüz işin bəhrəsi tez bir zamanda özünü göstərdi. Qısa müddət ərzində rəhbərlik etdiyim məktəbin iki müəllimi, kimya və ibtidai sinif müəllimləri “Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi”ndə qalib oldular.

 

-2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsi ilə bağlı gördüyünüz tədbirlər və bunların təhsilə, məktəbə təsiri?

-Əmrlə bağlı fəaliyyət planına uyğun olaraq tədris ili ərzində mütəmadi tədbirlər həyata keçirilib. Məktəb rəhbəri kimi “Təhsildə keyfiyyət ili” çərçivəsində keçirilən pedaqoji mühazirələrin respublika mərhələsində III dərəcəli diploma layiq görüldüm. Gənclərin Çağınşaqədərki Hazırlığı fənni rəhbəri Şahin Həsilov şagirdlərin hərbi-vətənpərvərlik sahəsindəki səmərəli fəaliyyətinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən fəxri fərmana, Sərhəd Mühafizəsi Xidmətinin yaranması münasibətilə keçirilən “Sərhədlərimizin keşiyində” inşa yazı müsabiqəsinin ümumrespublika mərhələsində X sinif şagirdi Səidə Əlimzadə II dərəcəli diploma layiq görülüblər. Qazandığımız uğurlar pedaqoji kollektivə, şagirdlərə böyük stimul verir.

 

-Sizcə, məktəb direktoru şagird nəticələrinə təsir edirmi?

-Çox maraqlı sualdır. Gözləyirdim ki, belə bir sual verəcəksiniz. Əlbəttə, indiki vaxtda şagird nailiyyətlərinə bir sıra amillərlə yanaşı, məktəb direktorunun idarəetmə üsulu da təsir edir. Çünki şagird nailiyyətləri yüksək olan məktəb rəhbərləri üçün daxili problemlərin həlli və pedaqoji təcrübənin inkişafı prioritet məsələdir.

 

- 2018-2019-cu tədris ilində konkret planlarınız ?

Müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyev təhsilə xüsusi önəm verərək: “Təhsil millətin gələcəyidir!” demişdir. Prezidentimiz İlham Əliyev də ulu öndərin bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də həyata keçirdiyi işlərini uğurla davam etdirir. Təhsil sahəsində misli görünməmiş layihələr həyata keçirilir ki, bu da gənc nəslin intellektual səviyyəsinin inkişafını təmin edir. Belə olan halda biz təhsil işçilərinin əsas vəzifəsi də yaradılan münbit şəraitdən maksimum yararlanmaqla, gənc nəslə dərin, praktik, məntiqli, intellektual, fundamental təhsil verməkdir.

 

Bir də unutmamalıyıq ki, məktəb rəhbəri kimi işimizdə araşdırmalar, statistik təhlillər aparmadan, bunun nəticəsində mövcud vəziyyəti qiymətləndirmədən yüksək səviyyəli təhsilə nail olmaq mümkün deyil.

 

Günay MAHMUDOVA,

Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



26.10.2018 | 17:07