Beynəlxalq Aptist İmtahanına start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin İngilis dili müəllimləri üçün Beynəlxalq Aptist İmtahanına start verilib.

 

“Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Beynəlxalq Aptist İmtahanının keçirilməsinin məqsədi İngilis dili müəllimlərinin dil və tədris bacarıqlarının yoxlanılması, müəllimlərin əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da təkmilləşdirilməsindən ibarətdir.

 

İmtahanda layihənin tətbiq edildiyi 68 ümumi təhsil məktəbindən 600 nəfər İngilis dili müəlliminin iştirakı nəzərədə tutulub.

 

Bakı şəhərinin 12 inzibati rayonu üzrə layihəyə cəlb olunmuş İngilis dili müəllimlərinin yazı, oxu, dinləmə, danışıq bacarıqları, söz ehtiyatı və qrammatika üzrə bilikləri qiymətləndirilir.

 

İmtahanda iştirak etmiş müəllimlər tədris ili ərzində dil təkmilləşdirmə, metodologiya və məktəb əsaslı peşəkar təlimlərə cəlb olunacaqlar. Təlimlərdən sonra layihəni uğurla başa vuran müəllimlərə sertifikat təqdim ediləcək.

 

Qeyd edək ki, “Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

 



29.10.2018 | 10:27