İlk dəfə parta arxasına Bakı Dövlət Universitetində əyləşdi...

Bu gün kifayət qədər gəncimiz xarici ölkələrdə yüksək təhsil almaları, elmi nailiyyətləri ilə tanınır, əldə etdikləri uğurları sayəsində adlarından söz etdirməyi bacarırlar.

 

Müsahibimiz Gülməmməd Məmmədov da uğur hekayəsini özü yazan belə  gənclərimizdəndir. Əslən laçınlı olan alim hələ tələbə ikən qeyri-adi bilik və bacarığı ilə dünya alimlərinin diqqətini özünə çəkməyi bacarıb. Onun Azərbaycan elmi ictimaiyyəti üçün də maraq kəsb edəcəyini düşünərək işlədiyi ADA Universitetində görüşüb söhbətləşməyi qərara aldıq. Birlikdə alimin ömür  səhifələrini vərəqlədik, ağrılı-şirinli uşaqlıq, tələbəlik illərinə, elmə gedən yoluna nəzər saldıq...

 

Humanitar yardımlar zamanı paylanılan dərs vəsaitlərindən istifadə edirdim

 

1984-cü ildə Laçın rayonu Şeylanlı kəndində anadan olub. İbtidai təhsilə doğma kəndində başlasa da, sonradan rayonun ermənilər tərəfindən  işğalı nəticəsində evlərindən məcburi köçkün düşərək Ağcabədi rayon Taxtakörpü ərazisində yerləşən qış yataqlarında məskunlaşıb. Həmin zamanlar Laçın camaatının  vəziyyətinin ağır olduğunu, bu yataqlarda məktəb binası,  həmçinin müəllim kollektivi olmadığı üçün məktəbə gedə bilmədiyini, adının  sadəcə formal olaraq məktəb jurnalında qeyd edildiyini deyən müsahibimiz uşaqlıq arzularını bu şəkildə dilə gətirir: “Oxumaq istəyirdim, həyatımı yalnız bu şəkildə dəyişə biləcəyimi dərk edirdim. Uşaqlıqdan texniki avadanlıqlara, məişət elektrik cihazlarına marağım var idi. Onların işləmə mexanizmi məni çox maraqlandırırdı”. Texniki yönümlü fənləri yaxşı bilən atası övladının texnikaya olan marağını görərək, ona fizikanı öyrənməyi tövsiyə edir. Fizikanı öyrənmək  üçünsə riyaziyyatı da mükəmməl bilmək lazım idi. Gülməmmədin isə dərs kitabları belə yox idi: “O zamanlar humanitar yardımlar paylananda evdə məktəbli uşağı olan sakinlərə dərs vəsaitləri də verilirdi. Bu mənim işimi asanlaşdırdı.

13 yaşımdan ibtidai sinif fənlərindən tutmuş, yuxarı sinif fənlərinə qədər öyrənməyə başladım.Yaşım az olsa da, daha yuxarı siniflər üçün nəzərdə tutulan riyaziyyat, sonradan isə fizika kitablarını maraqla oxuyurdum. Fizika ixtisasına yiyələnməyi qarşıma məqsəd kimi qoymuşdum. O zamandan etibarən ali məktəblərə qəbul imtahanına heç kəsin köməyi olmadan özüm hazırlaşmağa başladım.

Az sayda həll edə bilmədiyim məsələləri və ya izaha ehtiyac yaranan mövzuları o vaxtlar Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində oxuyan böyük qardaşım  rayona tətilə gəldiyi zaman mənə izah edərdi. O zamanlar imtahana salınan, lakin dərsliklərdə olmayan bəzi mövzuları isə TQDK-nın dərc etdiyi xüsusi buraxılış jurnallarından əldə etməli idim. Həmin jurnalların alınmasına maddi imkanım çatmadığı üçün rayon mərkəzində, sanki oğurluq edirmiş kimi, qəzet köşklərində ayaqüstü  oxuyub öyrənirdim. Gördüyünüz kimi, oxumaq üçün mənim nə rahat şəraitim, nə də sevdiyim fənlərə hazırlaşmağım üçün repetitor yanına getməyimə valideynlərimin imkanı olub”.

 

Elmi sahədə tanınmağı arzulayırdım

 

16 yaşında abituriyentlər üçün nəzərdə tutulmuş sınaq imtahanlarında iştirak edərək, 1-ci qrup üzrə kifayət qədər yüksək bal toplayır. 2001-ci ildə Laçın rayonu Şeylanlı kənd 2 nömrəli məktəbi bitirməyi ilə bağlı sənədi alır. Elə həmin ili ali məktəblərə qəbul imtahanlarında 509 bal toplayaraq Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbul olunur. “Məktəbli kimi parta arxasında əyləşdiyimi heç cür xatırlaya bilməsəm də, ilk dəfə tələbə kimi Bakı Dövlət Universitetində partada əyləşdiyim gün yaxşı yadımdadır” - deyir.

 

Və bu onun həyatının yeni bir mərhələsinin, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün gediləcək yolun başlanğıcı idi. Yaşayışını çox ağır şərtlərlə təmin etməsinə baxmayaraq, birinci semestri əla qiymətlərlə başa vurur. İkinci semestrdə isə ulu öndər Heydər  Əliyevin 80 illik yubileyinə həsr olunmuş ali məktəb tələbələrinin IX Respublika Olimpiadasında fizika fənni üzrə I yerə layiq görülür. Növbəti illərdə də təhsilini eyni uğurlarla davam edir. 2005-ci ildə Bakı Dövlət Universitetinin bakalavr pilləsini fərqlənmə ilə bitirir. Məzun günü yüksək təhsil göstəricilərinə və ictimai fəallığına görə fizika fakültəsinin ən yaxşı tələbəsi kimi fəxri fərmanla təltif edilir. BDU-dan valideynlərinə təşəkkür məktubu da göndərilir.

 

Gülməmməd Məmmədov fəaliyyətini genişləndirmək, elmlə, tədqiqat  işləri ilə məşğul olmaq istəyir: “Mən universiteti əla qiymətlərlə qurtarsam da, bununla kifayətlənmək istəmirdim. Artıq digər hədəflərim var idi. Elm sahəsində özümü sınamaq istəyirdim. Əhatəmdə olanlar məndəki elmi potensialı görürdülər. Mən  elmi sahədə tanınmağı arzulayırdım...”. Məhz buna görə də təhsilini davam etdirmək məqsədi ilə BDU-nun magistraturasına qəbul olunur.

 

Rusiyalı alim Emil Əhmədovla tanışlıq həyatımı büsbütün dəyişdi

 

Hələ tələbəykən-3-cü kursda Gülməmmədə Rusiyanın Nəzəri və Təcrübi Fizika İnstitutunun (ITEP) professoru Emil Əhmədovun AMEA-nın Fizika İnstitutunda Landaunun nəzəri fizika kursu üzrə keçirdiyi seminarlarda iştirak etmək müyəssər olur. O, seminarlarda iştirakı və fəallığı ilə rusiyalı alimin diqqətini cəlb edir. Professorun suallarına verdiyi cavablarla qeyri-adi istedada malik olduğunu göstərə bilən azərbaycanlı tələbəyə təcili ingilis dilini öyrənmək tövsiyə olunur. Professor gəncə elmi potensialının güclü olduğunu, onun gələcəkdə dünya elm arenasında tanınacağına ümid etdiyini deyir.

 

Xarici dil kursuna getmək üçün maddi imkanı olmadığından, həmin vaxt bu tövsiyədən Gülməmməd yararlana bilmir. Yalnız iki ildən sonra magistr təhsili zamanı aldığı əlaçı tələbə təqaüdü ilə 9 ay ingilis dili kursuna gedir. İngilis dilini öyrənməsi, sözün həqiqi mənasında, onun dünya elminə gedən yoluna bir cığır açır. 2006-cı ildə Bakı Dövlət Universitetində magistraturanın birinci kursunu əla qiymətlərlə bitirdikdən sonra İtaliyanın Triest şəhərində yerləşən və dünyanın ən nüfuzlu nəzəri fizika mərkəzi olan Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (The Abdus Salam International Centre for Theoretical Physics - ICTP) inkişaf etməkdə olan ölkələrdən seçdiyi on tələbədən biri kimi birillik pre-doktoral təhsil proqramına dəvət alır.

 

O, Triestə gedir. İtaliyadakı Mərkəz tərəfindən təyin olunmuş tələbə təqaüdü ilə (illik 12 000 avro) birillik proqramı qrup üzvləri arasında fərqlənmə ilə başa vurub, 2007-ci ildə ABŞ-ın Nyu-York ştatında yerləşən Sirakuz Universitetində (Syracuse University) ən prestijli beşillik magistr/doktorantura (graduate) təqaüdünü (illik 50000 $) qazanır. Burada təhsilinə 2014-cü ilədək davam edərək  maye kristalları sahəsi üzrə magistr, bioloji fizika sahəsi üzrə fəlsəfə doktoru dərəcələrini alır.

 

“Rusiyalı professor, nəzəri fizika üzrə dünya səviyyəli alim Emil Əhmədovla tanışlıq həyatımı büsbütün dəyişdi”-deyən Gülməmməd Məmmədov qazandığı hər bir uğurunda ona mənəvi dəstək göstərdiyini bildirir. Təhsil aldığı ölkələrdə bu alimin onunla bağlı göndərdiyi təqdimatlarda, elmi fəaliyyəti ilə əlaqədar verdiyi rəylərdə hər zaman ona necə diqqət və həssaslıqla yanaşdığını söyləyir.

 

Ağlıma da gəlməzdi ki, xaricdə elmi fəaliyyətlə məşğul olacağam 

 

Azərbaycanlı gəncin təhsili 5 ildən çox sürdüyü üçün qazandığı təqaüd proqramı bitdikdən sonra Amerika Milli Elm Fondunun (National Science Foundation) qrantı və universitetin tədqiqatyönümlü təqaüdləri ilə elmi fəaliyyətini davam etdirir. “Ağlıma da gəlməzdi ki, xaricdə elmi fəaliyyətlə məşğul olacağam” - söyləyən azərbaycanlı alim bu müddət ərzində elmi fəaliyyətlə yanaşı, doktorluq təhsilinin bir komponenti kimi universitetin Mühəndislik və Həyat elmləri (life sciences) fakültələrində bakalavr dərəcəsi üzrə təhsil alan tələbələrə mütəmadi dərslər keçərək, pedaqoji fəaliyyətlə də məşğul olur. Doktorluq dissertasiyasını (Measurement of the Membrane Electric Field and the Swimming Behavior of Chlamydomonas reinhardtii: Experiments and Analytical Modeling) 2014-cü ilin sentyabrında müdafiə etdikdən sonra 2015-ci ilin mayınadək  elmi rəhbərinin laboratoriyasında tədqiqat aparan doktorantlara rəhbərlik etməklə yanaşı, dissertasiyanın müdafiəsi zamanı ortaya çıxan bəzi maraqlı problemləri araşdırmaqla fəaliyyətinə davam edir.

 

Oxumaq, öyrənmək, daha da təkmilləşmək. Bu hədəflərinə sadiq qalan  Gülməmməd fizika ilə paralel digər elm sahələrində də özünü sınayır. 2015-ci ilin mayından bir il tibbdə Genetik və Elektron mikroskopik metodları öyrənmək üçün Nyu-York Dövlət Universiteti (SUNY) şəbəkəsinin Sirakuz şəhərində yerləşən nüfuzlu ali məktəblərdən biri sayılan Tibb Universitetində (Upstate Medical University) elmi işçi kimi çalışır. Ali təhsilin tədrisi sahəsində fərqli təcrübələr qazanmaq məqsədilə 2016-cı ilin iyun ayınadək adıçəkilən universitetlə yanaşı, Nyu-York Dövlət Universiteti şəbəkəsinin Texnologiya İnstitutunda (SUNY Polytechnic Institute) və Onondaqa Kollecində (Onondaga Community College) pedaqoji fəaliyyət göstərir.

 

Doktoranturada oxuduğu müddətdə mütəmadi olaraq Sirakuz Universiteti və digər təhsil ocaqlarında keçirilən elmin tədrisi istiqaməti üzrə müasir pedaqoji metodologiyaların tətbiqinə dair təlimlərdə iştirak edir.

 

İctimai fəaliyyəti ilə də diqqət çəkib

 

Gülməmməd müəllim yüksək bilik və bacarığı, pedaqoji fəaliyyəti ilə yanaşı, ictimai fəallığı ilə də seçilib, vətəndaşlıq mövqeyi göstərib. Təhsil aldığı illərdə Sirakuzda Azərbaycan mədəniyyətini, həmçinin ermənilərin ölkəmizə qarşı təcavüzünü əks etdirən təbliğat xarakterli tədbirlər keçirərək, orada “Xocalıya ədalət!” kampaniyasını təşkil edib.  Həmçinin yerli yəhudi, xristian və müsəlman icmaları ilə dostluq əlaqələri quraraq ermənilərin azərbaycanlılara qarşı soyqırımı, işğal olunmuş torpaqlarımız haqqında onlara mütəmadi məlumatlar verib. Dəfələrlə Sirakuz şəhərinin yüksək vəzifəli şəxsləri, Konqres təmsilçiləri ilə görüşlər keçirərək Azərbaycan həqiqətlərini onlara çatdırıb. Sirakuz Universitetinin “Türk Tələbə Assosiasiyası”nın İdarə Heyətinə üzv seçildikdən sonra təşkilat adından Sirakuz Universitetinə rəsmi müraciət edərək, Azərbaycan Respublikasının Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin universitetə dəvət olunması və ölkəmizin təbliği istiqamətində tədbirin keçirilməsi üçün icazə alıb. Universitetin professor və tələbə heyətinin iştirakı ilə baş tutan tədbirdə baş konsulun Azərbaycanın mədəni irsi, xarici siyasəti, Ermənistanın Azərbaycana qarşı  təcavüzü ilə bağlı geniş təqdimatı olub. Tədbir çərçivəsində həmçinin baş konsulun universitet rəhbərliyi ilə görüşlərini təşkil edib.

 

Vətənə alim kimi dönən azərbaycanlı

 

Xaricdə olduğu on il ərzində Azərbaycana yalnız bir dəfə gəlmək imkanı əldə etsə də, azərbaycanlı alimin təhsilini bitirdikdən sonra vətənə dönmək, qazandığı bilik və təcrübələri paylaşmaq, ölkədəki ali təhsil sahəsinə yeniliklər  gətirmək yeganə məqsədi olub.

 

2016-cı ildə Vətənə qayıdan alim çox çəkmir ki, ölkənin ən prestijli, tədris proqramı və təhsil üslubu ilə tanınan beynəlxalq ali təhsil müəssisələrindən heç də geri qalmayan ADA Universitetində işləmək üçün dəvət alır. İnformasiya texnologiyaları və mühəndislik fakültəsində fizika üzrə assistent professor kimi çalışmağa başlayır.  Hazırda fizika, riyaziyyat, mühəndislik üzrə dərslər verir, innovativ tədris üsullarını tətbiq edir, öyrəndiklərini, əldə etdiyi təcrübəni tələbələri ilə paylaşır.

 

Yüksək biliyə malik, karyerasını özü qurmağı bacaran gənclərin sayı artarsa...

 

O, müstəqil fikrə malik, nə etmək istədiyini bilən, karyerasını özü qurmağı bacaran gənclərin sayının artmasını arzulayır: “Bilirik ki, bəzən gənclər valideynlərin istəyinə uyğun ixtisas seçimi edirlər. Belə bir yanaşma, düşünürəm ki, səhvdir. Əslində, hər bir yeniyetmə artıq bəlli bir yaşdan sonra ixtisas seçimini, ümumiyyətlə, gələcək  həyatını  özü müəyyənləşdirməyi bacarmalıdır: O nə istəyir və harada özünü görür? Gənclərimiz sərbəst, müstəqil düşüncəyə malik olmalı, özləri üçün müəyyən hədəflər müəyyənləşdirməyi, verdikləri qərarların dalında durmağı bacarmalıdırlar. Valideynlər isə onların seçiminə sadəcə  hörmətlə yanaşmalıdırlar. Startap  layihələri ilə uğur qazanan, yeni ideyaları olan, kreativ düçüncəyə və yüksək biliyə malik gənclərin sayı artarsa, Azərbaycanın gələcək inkişafı etibarlı əllərdə olar”.

 

Hər bir insana şans verilir, dəyərləndirməyi bacarmaq lazımdır

 

Onunla söhbətimiz o qədər maraqlı idi ki... Həmsöhbətimizin “Gənc yaşlarında alim adını almaq hər adama nəsib olmur. Nəzərə alsaq ki, siz bu ada xarici ölkədə layiq görülmüsünüz. Həyat hekayəniz ağır olsa da, uğur hekayənizi özünüz başdan yazmağa müvəffəq olmusunuz. Sizə qibtə etmək olar. Bəs siz özünüz necə düşünürsünüz” sualına cavabı da özünəməxsus oldu: “Bilirsiniz, hər bir insana şans verilir, sadəcə onu  dəyərləndirməyi bacarmaq lazımdır. Mən indi  tələbələrimə də bunu deyirəm. Sizə verilən şansı dəyərləndirməyi bacarın. Özümü şanslı hesab edirəm, çünki bu şansdan düzgün istifadə edərək hədəflərimə çatmışam. Mənim Azərbaycanda ali təhsil almaq, sonradan isə xarici ölkələrdə bu təhsili davam etdirmək, elmi sahədə özümü bir alim kimi təsdiq etmək, eyni zamanda, dünyanın bir neçə ali təhsil ocaqlarının auditoriyalarında tələbələrə dərs demək imkanlarım olub.

Dünyanın ən tanınmış alimləri ilə ünsiyyətdə olmuş, bəziləri ilə birlikdə işləmişəm. İstəsəydim orada fəaliyyətimi davam etdirə bilərdim. Ancaq Vətənə bağlılığım mənim doğma ölkəmə qayıtmağıma səbəb oldu. Düşünürəm ki, öz ölkəmdə daha çox lazımam. Fəaliyyətimi tək tədqiqat və tədrislə məhdudlaşdırmaq istəmirəm. Azərbaycanda uğurla gedən təhsil islahatlarına mən də öz töhfəmi vermək, bu sahənin inkişafında yaxından iştirak etmək, illər ərzində qazandığım təcrübəni həmkarlarımla paylaşmaq istəyirəm”.

 

Bunun üçün istək və hədəf olmalıdır

               

Bəzən deyirlər ki, gənclərin yüksək təhsil almaları, sonradan peşəkar mütəxəssislər kimi həyatda layiqli yer tutmaları üçün hər cür şərait  yaradılmalıdır. Təbii ki, bu, ən vacib şərtlərdəndir... Lakin Gülməmməd müəllimin uğur hekayəsini dinlədikcə belə qənaətə gəldik  ki, bütün bunların fövqündə insan amili durur: İnsan istəyərsə bütün çətinlikləri dəf edə bilər, onun heç bir şəraiti olmasa belə. Sadəcə, bunun üçün istək və hədəfləri olmalıdır.

 

Samirə KƏRİMOVA 



09.02.2018 | 16:39