SDU “Əlil Sahibkarlar Təşkilatları” İctimai Birliyi ilə müqavilə imzalayıb

Noyabrın 5-də Sumqayıt Dövlət Universitetində SDU ilə “Əlil Sahibkarlar Təşkilatları” İctimai Birliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Rektor, professor Elxan Hüseynov və “Əlil Sahibkarlar Təşkilatları” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyevin imzaladıqları müqaviləyə əsasən tərəflər arasında  birgə tədbirlərin keçirilməsi, əlil gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi və maarifləndirilməsi üçün universitetlə əməkdaşlıq, sahibkarlıq və sosial işin təşkili və idarə edilməsi kimi yeni ixtisas proqramlarının  birlikdə hazırlanması nəzərdə tutulur. Müqavilədə yerli və əcnəbi  şirkətlər, həmçinin iş adamları arasında birgə fəaliyyətin və biznes əlaqələrinin qurulması, bazar araşdırmaları və biznes planların hazırlanmasına dəstək, elmi tədqiqatlar və inkişaf üçün ali təhsil və sənaye müəssisələri ilə əlaqələrin qurulması, müxtəlif tenderlərdə birgə iştirak etmək üçün məsləhət və koordinasiya işləri, elmin kommersiyalaşdırılması istiqamətində innovasiyalı məhsulların birgə hazırlığı və satışı, eyni zamanda birgə layihə, konfrans, seminar, təlimlərin təşkil edilməsi və digər məsələlər də öz əksini  tapıb.

 

Rektor universitet və İctimai Birlik arasında əlaqələrin və səmərəli əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib, gələcəkdə keçiriləcək tədbirlərin əhəmiyyətindən danışıb. Ölkədə xüsusi qayğıya ehtiyacı olan insanlar üçün inklüziv təhsil modelinin yaradılması ilə bağlı dövlətin həyata keçirdiyi islahatlardan, bu sahədə aparılan ardıcıl işlərdən bəhs edən rektor “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın qəbul olunduğunu, sənəddə əlilliyi olan şəxslərin təhsil hüququnun təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin edilməsini nəzərdə tutulduğunu söyləyib. Rektor həmçinin universitetdə inklüziv təhsil sahəsində görülən işlərdən, əlilliyi olan tələbələr üçün mərkəzin fəaliyyətindən bəhs etdi.

 

“Əlil Sahibkarlar Təşkilatları” İctimai Birliyinin sədri Mirzə Məmməd Vəliyev SDU-nun fəaliyyətini yüksək qiymətləndirib, əməkdaşlığın əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki,  rəhbərlik etdiyi İctimai Birliyin əsas fəaliyyət istiqamətləri sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, reabilitasiyası, məşğulluq qabiliyyətlərinin qarşılanması və əmək bazarında sərbəst fəaliyyəti üçün vacib olan maarifləndirilməsi, hüquqi dəstək, peşə hazırlığı və sahibkarlıq fəaliyyətinə təşviq edilməsidir. ƏSTİB-in təsisçiliyi ilə yaradılmış “Pandus İnşaat” MMC-nin fəaliyyətinə SDU-nun gənc mühəndis və iqtisadçı kadrlarının cəlb edilməsi, milli və beynəlxalq ixtisasartırma layihələrinin birgə hazırlanması və icra edilməsi, universitetin uyğun fakültəsinin müəllim və tələbələrini milli və beynəlxalq proqram və layihələrin hazırlanmasına cəlb etmək, “təhsil-elm-istehsalat” layihəsinin birlikdə hazırlanması və icrası, həmçinin beynəlxalq qrant verən təşkilatlar və fondlarla əməkdaşlığı qurmaq və inkişaf etdirmək də nəzərdə tutulur.

 

Görüşdə layihə haqqında maraqlı təkliflər irəli sürülüb, əməkdaşlığın uğurla davam etdiriləcəyinə əminlik vurğulanıb.



07.11.2018 | 12:29