Məktəbdən kənarda

İnsanın şəxsiyyət kimi formalaşmasında məktəbdənkənar təhsilə xüsusi əhəmiyyət verilir. Ancaq dərsdən sonrakı asudə zamanlarını səmərəli keçirmək arzusu heç də hamıda yaranmır. Bir neçə il öncəyə qədər nəinki dərsdən sonra məktəbdənkənar təhsil müəssisələrində hər hansı idman, ya da yaradıcılıq növləri ilə məşğul olmaq, elə fiziki tərbiyə, təsviri incəsənət və musiqi dərsləri də bir çox məktəblərdə ikinci plana keçirilmişdi. Ardıcıl tədbirlərlə diqqəti bu məsələyə cəlb edən Təhsil Nazirliyi bundan sonra həm ümumtəhsil müəssisələrində, həm də tabeliyindəki məktəbdənkənar təhsil müəssisələrində idman və yaradıcılığın ayrı-ayrı növləri ilə məşğul olmağı, həmin sahələrdə uğur qazanmağı və bu kimi nailiyyətləri ilə nəinki özünün, elə təhsil aldığı orta məktəbin də şöhrətini artırmağı hədəfə çevirənləri qiymətləndirəcək. Məsələn, məktəbdənkənar fəaliyyətin məktəblərin reytinqinə təsir imkanlarını artıran və artıq icraya yönəldilən qərara görə, 4 təşkilat - Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası arasında 4 idman növü - basketbol, voleybol, atletika, şahmat üzrə keçirilən məktəblər arasında respublika çempionatında şagirdlərin göstəriciləri məktəblərin qiymətləndirilməsi zamanı nəzərə alınacaq. Birinci il olduğundan ancaq bu 4 idman növü üzrə keçirilən yarışların nəticələri hesablanacaq. Gələcəkdə idman növlərinin sayı da artırılacaq. Siyahıya olimpiya növləri ilə yanaşı, qeyri-olimpiya növləri də daxil ediləcək.

 

Ancaq məktəblərin reytinqi hesablanarkən, sadəcə, idmanla bağlı deyil, yaradıcılıq istiqaməti üzrə də istedadı olan şagirdlərin nəticələri nəzərə alınacaq. Təhsil Nazirliyinin sektor müdiri Hilal Salmanov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, yaradıcılıq sahəsində də müsabiqələrin keçirilməsi nəzərdə tutulub. Ayrı-ayrı qurumların təşkilatçılığı ilə baş tutacaq müsabiqələrlə bağlı ilkin razılaşma artıq var. Razılığa gələn qurumlar arasında yaxın bir ay ərzində müqavilənin imzalanacağı gözlənilir.

 

Rasionallaşma ilə başlayan islahatlar

 

Bu müqaviləyə qədər Təhsil Nazirliyi sağlam nəslin yetişməsi, dünyagörüşlü insanların, vətənə və dövlətə bağlı şəxsiyyətlərin formalaşması məqsədi ilə məktəbdə və məktəbdənkənar təhsildə bir sıra islahatlara start verib. İslahatlara Nazirliyin strukturundan başlanılıb.

 

Beləliklə, struktur dəyişikliyi ilə start götürən islahatlar nəticəsində Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsində iki - İdman və Uşaq-Gənclərin yaradıcılığı sektoru fəaliyyətə başlayıb. Bundan sonra idarəetməni təkmilləşdirmək məqsədilə müəssisələrin rasionallaşması prosesinə start verilib. Belə ki, 2017-ci ilin avqustunda imzalanan 233 nömrəli əmrə əsasən, Nazirliyin tabeliyində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması aparılıb.

 

Rasionallaşdırmaya qədər ölkəmizdə 325 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərirdi. İslahatlar nəticəsində həmin müəssisələrin sayı 145-ə endirilib. Hilal Salmanov rasionallaşdırmaya qədərki vəziyyəti və rasionallaşdırmadan sonra əldə edilən nəticəni belə qiymətləndirir: “Bir rayonda bir şahmat məktəbi fəaliyyət göstərirdisə, ştat vahidi az olduğundan keyfiyyətli fəaliyyəti təşkil etmək mümkün olmurdu. Rasionallaşma çərçivəsində idman və yaradıcılıq profilli təkrarlanan müəssisələri birləşdirdik. 3-5 ştat vahidi olan müəssisədən 10-12 ştat vahidi olan müəssisələrə çevrildilər. Beləliklə, 78-i idman profilli, 67-si isə yaradıcılıq profilli müəssisə yaradıldı”.

 

Hilal Salmanovun  sözlərinə görə, bu, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının icrasına başlanandan sonra məktəbdənkənar təhsil sahəsində ən geniş formatlı islahat olub. Müəssisələri birləşdirməklə həm maliyyələşmənin, həm idarəetmənin effektivliyini artırmaq mümkün olub, koordinasiya gücləndirilib: “Məqsəd də bu idi: məktəbdənkənar təhsil müəssisələrinin idarəedilməsində effektivliyin, tədris prosesinin təşkilində səmərəliliyin artırılması, maddi-texniki bazanın yaxşılaşdırılması, müəssisələrin fəaliyyət istiqamətlərinin müasir tələblərə uyğunlaşdırılması. Artıq əminliklə deyə bilərik ki, bu məqsədlə yeni yaradılan müəssisələrdə uşaq və gənclərin maraq dairəsi daha geniş əhatə olunacaq, onların idman və yaradıcılıq sahələrinin müxtəlif istiqamətləri üzrə ixtisaslaşması təmin ediləcək”.

 

Məlumat üçün qeyd edək ki, rasionallaşmadan sonra çoxprofilli fəaliyyətin təmin edilməsi məqsədilə yaradıcılıq, ekologiya və turizm sahəsi üzrə yeni yaradılan müəssisələr “uşaq-gənclər inkişaf mərkəzləri”, idman sahəsi “uşaq-gənclər idman-şahmat məktəbləri” adlandırılıb.

 

Uşaq-gənclər inkişaf mərkəzləri - Təsviri Sənət Qalereyası

 

Beləliklə, hazırda Təhsil Nazirliyi sistemində 67 uşaq-gənclər inkişaf mərkəzi fəaliyyət göstərir. Bu müəssisələr uşaq və gənclərin asudə vaxtının səmərəli təşkilində, yaradıcılıq potensialının, xüsusi istedadının üzə çıxarılmasında və inkişaf etdirilməsində, bədii estetik zövqünün formalaşmasında mühüm rol oynayır. Uşaq-gənclər inkişaf mərkəzlərində dərnək üzvləri əsasən yaradıcılığın təsviri incəsənət, xoreoqrafiya, musiqi, dekorativ-tətbiqi sənət, texniki yaradıcılıq, ekologiya, turizm, intellektual növləri ilə məşğul olur.

 

Rasionallaşma tədbirlərinin ən gözəl nümunələrindən biri - 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzidir. 2016-cı ildə Estetik tərbiyə üzrə Respublika Tədris Metodik Mərkəzi “Təsviri sənət” qalereyası, daha sonra 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzi, 22 və 23 nömrəli uşaq yaradıcılıq mərkəzləri birləşib. Beləliklə, 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzinin binasında, Estetik tərbiyə üzrə Respublika Tədris Metodik Mərkəzinin bazasında 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb. Təsviri sənət, musiqi və xoreoqrafiya, kütləvi tədbirlər, elm və texnologiya, intellektual və fərdi inkişaf, ədəbi-bədii yaradıcılıq şöbələrindən ibarət Mərkəzin 20-dən artıq dərnəyi fəaliyyətdədir.

 

Mərkəzin nəzdində fəaliyyət göstərən Təsviri Sənət Qalereyasında tədrislə 6 müəllim məşğul olur. Qalereyaya uşaqlar 5 yaşından qəbul edilir. Artıq 200-dən artıq məktəbli rəssamı birləşdirən Qalereya nəinki müsabiqələrə, sərgilərə qatılır, özü də tez-tez belə tədbirlərin təşkilatçısına çevrilir.

 

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti İntiqam Babayev deyir ki, Qalereyada artıq inklüziv təhsili reallaşdırmağı planlaşdırırlar: “İndiyədək əməkdaşlarımız sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılan internatlara gedib, istedadlı uşaqlarla orada məşğul olublar. Bu fəaliyyəti davam etdirəcəyik. Sağlamlıq imkanları məhdud uşaqlar arasında musiqi, toxuma və təsviri sənət sahələrində uğurlu şagirdlər var. Bayraq bayramı ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə sağlamlıq imkanı məhdud uşaqların əl işlərindən ibarət sərgi də açdıq. Növbəti mərhələdə rəqs kollektivi yaratmağı planlaşdırırıq. Bundan başqa, Təsviri Sənət Qalereyasında layihə hazırlanıb. Həmin layihədə sağlamlıq imkanları məhdud bir neçə uşaq burada digər uşaqlarla birlikdə məşğul olacaqlar”.

 

İntiqam Babayevin sözlərinə görə, Qalereya təkcə Bakıda yox, dünyanın ayrı-ayrı şəhərlərində sərgilərə qatılır və qalib olur. Hazırda qələbə xəbəri gözlədikləri bir çox sərgilər var: “Ayrı-ayrı şəhərlərdə keçirilən rəsm müsabiqələrinə, sərgilərə uşaqlarımızın əl işlərini göndərmişik. Çox uğurlu nümunələr olduğuna və tezliklə həmin yarışlardan yaxşı xəbərlər alacağımıza inanırıq”.

 

Hələ balaca olsalar da, kim olacaqlarına artıq qərar veriblər

 

Odur ki, kiçik rəssamların göndərilən əl işlərinin Qalereyaya növbəti qələbə sevinci yaşadacağına burda şübhə etmirlər. Məsələn, Elcan Səfərli beynəlxalq müsabiqələrdə, yarışlarda həmişə qaliblərdən olur:  “Saf rənglər” IV beynəlxalq müsabiqədə qaliblərdən biri oldum, Nizami Gəncəvinin yubiley sərgisində miniatür rəsmimlə, Təhsil Nazirliyinin dekorativ təsviri sənət sərgisində krilinq texnikasında çəkdiyim rəsmlə 1-ci yeri tutdum”.

 

Elcanın müəllimi də onun böyük gələcəyi olduğuna inanır. Rəssam-müəllim Elyanora Mənsimova deyir ki, 8 yaşlı Marqarita Kudratseva,12 yaşlı Dəniz Feyzulla, 13 yaşlı Məryəm Miralay, 14 yaşlı Elcan Səfərli və Fidan Muradova təsviri sənət qalereyasında özünəməxsus üslubu ilə seçilirlər: “Bu uşaqların hər birinin hədəfi var. Hələ balaca olsalar da, kim olacaqlarına artıq qərar veriblər. Bu uşaqları həmyaşıdlarından fərqləndirən məhz budur. Yaradıcı potensialları inkişaf etdikcə şəxsiyyət kimi formalaşmaları da daha asan olur”.

 

Uşaq-gənclər mərkəzlərinin fəaliyyəti bütün ölkə ərazisində təmin ediləcək

 

İslahatların davamı olaraq ölkəmizdə bu istiqamətdə işlər genişləndiriləcək. Uşaq-gənclər mərkəzlərinin fəaliyyəti, sadəcə paytaxtda, yaxud ölkəmizin bir neçə böyük şəhərində deyil, bütün ərazisində təmin ediləcək. Sektor müdiri Hilal Salmanov deyib ki, növbəti mərhələdə lisey formatında olan musiqi, aktyorluq və başqa yaradıcılıq, o cümlədən idman istiqamətli məktəblərin regionlarda da yaradılması planlaşdırılıb. Planlar tezliklə icraya yönəldiləcək. Məktəblilərin üzərinə düşən yeganə vəzifə isə onlara təklif edilən keyfiyyətli təhsil imkanlarından maksimum yararlanmaq, valideynlərinə, ölkəsinə, xalqına və dövlətinə layiqli vətəndaş kimi yetişməkdir.

 

Ruhiyyə DAŞSALAHLI



16.11.2018 | 10:17