İlahi missiya

XIX əsrin sonu, XX əsrin əvvəllərində  Azərbaycan müəllimlərinin fəaliyyət istiqamətləri genişləndi. Onlar yeni məktəblərin yaradılması, uşaqların təhsilə cəlb edilməsi, ana dilində dərsliklərin tərtibi, təlimin ana dilində aparılması, kitabxanaların, qiraətxanaların, nəşriyyat və mətbəələrin təşkili, yaşlı əhalinin axşam kurslarına və cümə məktəblərinə cəlb edilməsi, milli mətbuat nümunələrinin yaradılması, müəllimlərin I və II qurultaylarının keçirilməsi sahəsində uğurlu işlərə imza atdılar. Milli dilə və təlimin ana dilində aparılmasına münasibət məsələsi xalqın varlığına, azadlıq və müstəqilliyinə münasibət səviyyəsində XX əsrin əvvəllərindəki kimi kəskinliklə heç vaxt irəli sürülməmişdi. Bu dövrdə müəllimlər artıq xalqa sadəcə əlifba öyrətməklə kifayətlənmək istəmir, onlara milli-mənəvi dirilik, fəallıq, ictimai namus, həmrəylik, əxlaq, milli xilas, qurtuluş, ictimai azadlıq və mübarizə savadlığı öyrətmək istəyirdilər, çünki maarifçiliyin xəyal və istəklərini 1905-1907-ci illər inqilabının sərt həqiqətləri dağıtmışdı.

 

Maarifçilik - işıqlı bir məfkurə, nikbin bir çağırış kimi qalırdı. Milli ziyalılar yeni məktəbləri (üsuli-cədid) maarifçiliyin milli şüur təliminin müqəddəs idealı hesab edirdilər. Köhnə məktəb və mədrəsə yeni maarifçiliyin ideya və təşkilatı mərkəzi - hərəkət və fəaliyyət orqanı ola bilməzdi. Onu dəyişmək, yeni dövr məktəbinə çevirmək məsələsi qarşısında dururdu. Orta əsrlərdə bütün islam dünyasında, o cümlədən, Azərbaycanda elmin, təhsilin, maarifin inkişafında böyük rol oynayan, özünün ənənəsi olan mədrəsə yeni dövrdə dəyişməz və sabit qalmışdı. Yad dildə ilahiyyat və şəriət dərsləri, tədrisdə və metodikada orta əsr qaydaları, fənlərin tədrisində sxolastika və elementarlıq getdikcə aydın hiss edilirdi. Belə bir vaxtda yeni üsullu dünyəvi məktəblərin  yaradılması həyati zərurətə çevrilmişdi. Dünyəvi məktəb - üsuli-cədid problemi maarifçiliyin avropalaşmaq ideyası ilə bilavasitə bağlı idi. Yeni məktəb hərəkatının genişlənməsi üçün obyektiv şərait yetişmişdi. M.F.Axundovun “əgər xalq tərbiyə edilməzsə və bütün camaat savadlı olmazsa çəkdiyimiz bütün zəhmətlər heçə-puça çıxacaqdır” - fikri milli ziyalıların fəaliyyət proqramına çevrilmişdi.  Təhsilin ümumi, icbari və pulsuz olması, təlimin ana dilində aparılması, dünyəvi təhsilin genişləndirilməsi, təhsilin demokratikləşdirilməsi, böyüyən nəslin fiziki və ruhi inkişafı, təlimin yeni prinsip və metodlarının tətbiqi, qadın təhsili, yeni müəllim kadrlarının hazırlığı Azərbaycan müəllimlərinin fəaliyyətinin əsas leytmotivini təşkil edirdi.

 

ADR dövründə müəllimlərin fəaliyyəti daha da genişləndi, məktəblərin milliləşdirilməsində, yeni dərslik və proqramların hazırlanmasında, Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin   Qazaxa köçürülməsində, Bakı Dövlət Darülfünunun açılmasında, pedaqoji kursların, ana dilli orta məktəbin və  xalq maarifinin milli ruhda, milli məzmunda təşkilində, pedaqoji fikrin milli və bəşəri dəyərlər əsasında inkişafında mühüm rol oynadılar.

 

Sovet hakimiyyəti ilk gündən hüquqi-normativ sənədlərdə, təhsil haqqında qərar və göstərişlərdə irqi və milli mənsubiyyətindən, cinsindən, dinə münasibətindən və ictimai vəziyyətindən asılı olmayaraq bütün vətəndaşların ümumi, icbari və pulsuz təhsil hüququnu təsbit etdi. Onun reallaşması istiqamətində həyata keçirilən dövlət tədbirlərində yenə müəllimlər mühüm rol oynadılar. Yeni təhsil sisteminin qurulması və inkişafı, icbari, ibtidai, sonra orta təhsilin həyata keçirilməsi, mədəni inqilabın baş tutması onların xidmətlərindəndir. Bu dövrdə yeni ali təhsil müəssisəsi - Azərbaycan Pedaqoji İnstitutu (indiki ADPU)  yaradıldı. 20-ci illərdə bütün məhdudiyyətlərə baxmayaraq millətə savad öyrədən, elm öyrədən müəllimlərin böyük əksəriyyəti 30-cu illərdə repressiyanın, totalitar dövlət rejiminin qurbanı oldular. Bu proses SSRİ-də hər yerdə getsə də  Azərbaycanda qəddarlığına görə seçilirdi. Moskvada  məşhur pedaqoqların-A.P.Pinkeviçin, P.P.Blonskinin başına gətirilənlər Bakıda B.B.Komorovski, Ə.Zəkuzadə, A.O.Makolevski və  Ə.Seyidov üçün təkrarlanırdı. Bütün çətinliklərə baxmayaraq o dövrdə də müəllimlər öz missiyasını uğurla həyata keçirdilər.

                 

Azərbaycan müəllimlərinin böyük hamisi

 

1969-cu ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də     ciddi irəliləyişlərə nail olundu. Azərbaycan İttifaqda  lider dövlətlərdən birinə çevrildi. Bu inkişafda Azərbaycan müəllimlərinin böyük əməyi və töhfəsi var idi. Elə ona görə də onlar Heydər Əliyevin bilavasitə qayğısı nəticəsində SSRİ-nin ən nüfuzlu fəxri adlarına, müxtəlif orden və medallara layiq görüldülər. Müəllimlərdən Məsmə Atakişiyeva, Zərbəli Səmədov, Məhər Quliyev Sosialist Əməyi Qəhrəmanı, Zahid Şöyübov, Cəbrayıl Zəkiyev, İsrail Şükürov SSRİ xalq müəllimi fəxri  adlarına layiq görüldülər. 817 nəfərə əməkdar müəllim fəxri adı verildi, 8718 nəfər SSRİ-nin  müxtəlif orden və medalları ilə təltif edildi. Heydər Əliyev sonralar deyirdi ki, 1920-1991-ci illərdə Azərbaycan müstəqil olmasa da, Azərbaycan xalqı böyük inkişaf yolu keçmişdi. Qətiyyətlə demək olar ki, Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə keçmiş sovetlər birliyi ölkələrinin heç birində millətin tərəqqisinin ən başlıca şərti olan maarifə, təhsilə, mədəniyyətə, pedaqoji və elmi-pedaqoji kadr hazırlığına Heydər Əliyev qədər geniş diqqət verən siyasi xadim olmamışdır. O, respublikada milli təhsil sisteminin qurulmasına çalışmış, bu məqsədlə ardıcıl və sistemli iş aparmış, mühüm dövlət qərarları qəbul etmiş, millətin təhsil almasını cəmiyyətin gələcək taleyini müəyyən edən qiymətli milli sərvət kimi dəyərləndirmişdir.

 

90-cı illərin əvvəllərində respublikada baş verən ictimai-siyasi hadisələr, iqtisadiyyatda  özünü göstərən  geriləmələr, daxili və xarici separatizm, ermənilərin işğalçılıq siyasəti  digər sahələrdə olduğu kimi, təhsil sahəsində də ciddi problemlər yaratdı. On illərlə məktəbdə çalışan, bu sahədə yüksək biliyi, bacarığı və təcrübəsi olan müəllimlərin böyük bir hissəsi əməkhaqqının azlığından məktəbdən və  sevimli şagirdlərindən ayrılmalı oldu. Onların yerini 8 aylıq pedaqoji kurs qurtaran qeyri-ixtisas sahibləri (texnoloqlar, mühəndislər, baytarlar və s.) və rayonlarda qeyri-qanuni fəaliyyət göstərən,  maddi-texniki bazası, yüksəkixtisaslı müəllim kadrları olmayan pedaqoji kolleclərin məzunları tutdular. Pedaqoji peşə sahiblərinin  əməyinin stimullaşdırılmaması onların nüfuzdan düşməsinə, bacarıqlı və peşəkar müəllimlərin məktəbdən uzaqlaşmasına səbəb oldu.               

                                                                                              

Vahid konsepsiya, aydın strategiya və konkret dövlət proqramı

 

Memarı  ulu öndər Heydər Əliyev olan müasir və müstəqil Azərbaycanda  Prezident İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl dövlət siyasəti nəticəsində təhsil sahəsində  aparılan uğurlu islahatlarda keyfiyyət ön plana çəkildi. Maddi resursların insan kapitalına çevrilməsi istiqamətində  ciddi  tədbirlər  görüldü.   Vahid konsepsiya, aydın strategiya və konkret dövlət proqramına əsaslanan təhsil layihələri reallaşdırıldı. Müəllim kadrları hazırlığına, onun peşəkarlığının yüksəldilməsinə yeni  tələblər  verildi. “Azərbaycan Respublikasında  ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)”, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın tələblərinə uyğun olaraq  məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil sahəsində mühüm addımlar atıldı. Təhsilin normativ-hüquqi bazası  möhkəmləndirildi,  infrastruktur yeniləndi, 3000-ə yaxın  məktəb binası tikildi, ciddi  məzmun islahatları həyata keçirildi.  Sürətlə modernləşən respublikamızda təhsilin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi üçün şəraitin yaradılması, müasir düşüncəyə, yeni təhsil-tərbiyə texnologiyasına, əxlaqi-mənəvi saflığa, yüksək  peşə və ixtisas hazırlığına malik pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə zəruri addımlar atıldı. 

 

Yüksək ixtisaslı  pedaqoji kadr hazırlığının əsası qəbul imtahanlarında qoyulur. Sevindirici haldır ki, yüksək bal toplayaraq  müəllimlik ixtisasını seçənlərin sayı ildən-ilə artdı.

Respublika üzrə  5 il əvvəl 500 və daha artıq bal toplayan 922 abituriyent müəllimliyi seçmişdisə, ötən il onların sayı 1361 olub. Bu il keçirilən qəbul imtahanlarında 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Bu göstərici 2014-2015-ci tədris ilinə nisbətən 2,3 dəfə və ya 126,7 faiz, ötən ilə nisbətən isə 1,5 dəfə və ya 53,6 faiz artım deməkdir. Bu rəqəm indiyədək pedaqoji ali təhsil müəssisələrinin tarixində maksimal nəticədir.

Müəllimlik ixtisasını seçənlərin  pedaqoji peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Yüksək bal toplayaraq müəllimlik ixtisasını seçən abituriyentlərə “Gələcəyin müəllimi” təqaüdünün verilməsi,  diaqnostik qiymətləndirmədə uğur qazanan müəllimlərin əməyinin stimullaşdırılması, müəllimlərin işə qəbulunda şəffaflığın təmin edilməsi müəllimlik peşəsinin nüfuzunun  xeyli yüksəlməsinə  səbəb olub.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti üçün inqilabi nəticə

 

Bu il ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2113 nəfər qəbul olunub və qəbul planı 97,6% yerinə yetirilib. 259  nəfər abituriyent 500 və 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6% -ni təşkil edir. Müqayisə üçün deyək  ki, bir il əvvəl  bu göstərici 115 nəfər (5,3%) olmuşdu ki, onlardan da 2 nəfəri  600-dən çox bal toplamışdı. Cari  tədris ilində  “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olunanların 50,2%-i, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunanların 48%-i, “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olunanların  43,4 %-i   500 və 500-dən çox bal toplayıb. Yeni tədris ilində ADPU-nun Şəki filialına 8 ixtisas üzrə 195, Quba filialına 6 ixtisas üzrə 148, Ağcabədi filialına 5 ixtisas üzrə 119, Şamaxı filialına 5 ixtisas üzrə 108,  Cəlilabad filialına 4 ixtisas üzrə 99, ümumilikdə ADPU-ya filiallarla birlikdə 2732 nəfər qəbul olunub. Filiallar  üzrə 18 nəfər 500 və 500-dən, 1 nəfər isə 600-dən çox bal toplayıb.

 

Universitetimizin “İbtidai təhsil” fakültəsinə qəbul olunan 297 tələbədən 129 nəfəri 500 və daha artıq bal toplayıb. Keçən il 500 və daha artıq bal toplayan  tələbələrin sayı 29 nəfər idi, ondan əvvəl isə, ümumiyyətlə olmamışdı. 297 tələbədən  129-nun, yəni 43,4%-nin 500 və 500-dən çox bal toplaması televiziya, mətbuatda və sosial şəbəkələrdə   inqilabi nəticə kimi dəyərləndirilmişdir. Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun Bakı şəhəri müəllimlərinin sentyabr konfransında və Təhsil Nazirliyinin Kollegiya iclasında bu faktı dönə-dönə təkrar etməsi ADPU əməkdaşlarında  qürur hissi yaratmaqla yanaşı, həm də məsuliyyət hissini  artırır.

 

ADPU: ən güclü dörd universitetdən biri

 

ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərovun ciddi səyi, tələbkarlığı, prinsipiallığı və obyektivliyi sayəsində universitetimizdə    infrastrukturun və insan resurslarının yeniləşdirilməsi, auditoriyaların təmiri, ümumtəhsil məktəbləri və xarici ölkələrin pedaqoji kadr hazırlığını həyata keçirən ali məktəbləri ilə əlaqələrin genişləndirilməsi, yüksək bal toplayan tələbələrin universitetimizə cəlbi, müəllim kadrları hazırlığının nəzəri və praktik problemləri ilə bağlı respublika və beynəlxalq səviyyəli konfransların, regionlarda və Bakıda  “dəyirmi masa”ların və “Pedaqoji forum”ların  təşkili  sahəsində mühüm addımlar atılıb, müəllim seçimində ciddi rəqabət mühiti yaradılıb. Universitet rəhbərinin cəsarəti və iradəsi  hesabına illərlə ali məktəbdə müəllim, baş müəllim, dosent, professor vəzifələrini tutmaq üçün mövcud olan qaydalara fərqli  yanaşma həyata keçirilməklə  “öz yerinə seçilməklə” bağlı streotiplər dağıdılıb. Axı, bizim öz mentalitetimiz var... Dostların, tanışların, səlahiyyət sahiblərinin zənglərinə, xahişlərinə “yox” demək bizdə qəbuledilməz sayılır. Bu prosesin digər bir çətinliyi isə ondan ibarətdir ki, ona müqavimət göstərə biləcək insanların çoxunun elmi dərəcəsi, elmi adı, hökumət təltifləri var. Hamı özünü əvəzedilməz sima hesab edir. Yaşı 90-a çatan müəllim fiziki və mənəvi cəhətdən çəkdiyi əzab-əziyyətlərə baxmayaraq  ailə üzvlərinin tələbi ilə işindən ayrılmaq istəmir. Nədənsə, bu işdə xarici təcrübə yada düşmür. Məsələn, ABŞ-da 3-5 il ərzində bütün müəllimlərlə müqaviləyə yenidən baxılır. Onun yeni araşdırmaları, nəşr etdirdiyi əsərlər, reytinqi, tələbələrlə birlikdə müxtəlif layihələrdə  iştirakı, tələbələrin verdiyi qiymət   yenidən dəyərləndirilir. Bu zaman  hətta Nobel mükafatı alan, çox məşhur olan  alim  də həmin müsabiqədən keçməyə bilər. Yeni müqavilə bağlananda  son 3-5 ilin nailiyyətləri təhlil olunur, əvvəlki uğurlar nəzərə alınmır.

 

Müəllimini göstər, deyim ki, sən kimsən

 

Universitetdə tədris prosesinin təkmilləşdirilməsi və daha səmərəli qurulması, əməkdaşlıq mühitinin yaradılması, sağlam rəqabətin formalaşdırılması dərin elmi-metodik biliyi, kreativ düşüncəsi, geniş erudisiyası, pedaqoji-psixoloji hazırlığı, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, akademik bacarığı, tədris təcrübəsi və peşəkarlıq səviyyəsi ilə fərqlənən müəllimlərdən birbaşa asılıdır. ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Əziz Sancar Bakıda tələbələrlə görüşlərində onlara xitəbən demişdi: “Özünüzə yaxşı müəllim seçin”. On illərdir ki, azərbaycanlı tələbələrin də müəllim seçmək hüququ var. Amma bu seçimi reallaşdırmaq mexanizmi yoxdur. Yenə də buna mentalitet mane olur.Tələbələr vaxtı ilə tanınmış bir alimin (indi isə mühazirə oxumağa fiziki gücü catmayan, yenilikləri süngü ilə qarşılayan birinin) fənnini seçməsə, o, işini itirə bilər. O, hamımızın müəllimi olub, onu necə təhsildən uzaqlaşdıra bilərik? Ona görə də ali məktəblərimizin mütləq əksəriyyətində müəllimi kafedra, seçmə fənləri isə dekanlıq seçir. Əgər biz Avropa ölkələrində olduğu kimi müəllim seçimində peşəkarlığı, pedaqoji-psixoloji və metodiki hazırlığı önə çəkməyi qarşımıza məqsəd qoymuşuqsa, onda, seçki sisteminin metodologiyasını dəyişməliyik. Təbii ki, bu, mürəkkəb, çətin və ağrılı prosesdir. İşin pioneri olmaq həmişə çətin olub.

 

ADPU-da rektor, professor C.Cəfərovun təşəbbüsü ilə  professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydalarına  qismən əlavələr edilməklə universitet əməkdaşlarının seçki sistemi və tədris prosesi ilə bağlı baxışlarında köklü dəyişiklik yaradıldı. 114 yerə qarşı  500 nəfər sənəd verdi. Onların “açıq dərs”ləri təşkil olundu. Bütün dərslərin videoçəkilişləri aparıldı ki, bu da hər hansı mübahisəli məsələnin həlli üçün çox vacib idi. Dərslərin mütəşəkkil qaydada keçirilməsi məqsədilə  iştirakçılara bərabər imkanlar yaradıldı, dərslər  mütəxəssislər tərəfindən  müxtəlif kriteriyalar  üzrə obyektiv və şəffaf qiymətləndirildi.

 

Elmi-metodik hazırlığı, İKT bacarığı, yeni təlim texnologiyalarına bələdliyi ilə seçilən müəllimlər uğur qazandı. Müasir təhsil texnologiyalarına, fəal təlim metodlarına yiyələnə, rəqabətə davam gətirə bilməyənlər öz yerlərini daha peşəkarlara vermək məcburiyyətində qaldı. Yaxşıların yaxşıları iddiasında olduğu vəzifəni tutmağa nail oldu.  Bu müsabiqə hamı üçün bir dərs, bir nümunə məktəbi oldu. Professor Cəfər Cəfərovun şəxsi nəzarətində olan bu müsabiqə ADPU-da insan resurslarının yeniləşməsində obyektivliyin və şəffaflığın təntənəsi oldu. Sonda ədalət zəfər çaldı. Bu, respublika səviyyəsində ilk dəfə ADPU-da keçirilən bir layihə olsa da, demək olar ki, bütün ali məktəb müəllimlərinin diqqəti buna yönəlmişdi. Hamı həyəcanla nəticəni gözləyirdi. Təşəbbüskarı da, müəllifi də, nəzarət edəni də professor Cəfər Cəfərov olan layihə uğurla başa çatdı. Müsabiqənin sevincini 112 nəfər yaşasa da nəticə universitetimiz üçün uğurlu oldu. Qaliblərə sertifikat təqdim olundu, bir ştat yarım tədris yükü ilə təmin edilmələri ilə bağlı göstəriş verildi. Qaliblərin əməkhaqqlarına 100 manat əlavə edildi. Sonra 4 fakültədə dekan, 16 kafedrada boş olan müdir və 22 baş müəllim, dosent və professor vəzifələrinə  seçkilər keçirildi. Bu prosesdə hər bir iştirakçı uğurlu və zəif cəhətlərini gördü, yaxşı mənada əməkdaşlar arasında rəqabət yarandı. Rəqabət mühiti olmayan yerdə təkamül, tərəqqi və inkişaf mümkün deyil.

 

Rəqabətə davamlı insan kapitalının formalaşdırılması yeni düşüncəyə, təhsil-tərbiyə texnologiyasına, əxlaqi və mənəvi saflığa, yüksək peşə və ixtisas hazırlığına, ümummədəni kompetensiyalara malik müəllim kadrlarının hazırlığı  Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim kollektivinin  əsas hədəfidir.

 

Fərrux RÜSTƏMOV,

ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi



16.11.2018 | 15:41