Abşeron məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsində

Abşeronlu məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində Gəncə-Göygöl-Şəmkir marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak ediblər. 

 

Tur-aksiyanın iştirakçılarını Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər gül-çiçək dəstələri, zurna-balaban sədaları və rəqslərlə qarşılayıblar.

 

Təntənəli qarşılanma mərasimində rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov uşaqları salamlayaraq bildirib ki, bu layihə çərçivəsində şagirdlərimiz ölkəmizin qərb rayonlarından olan Gəncə, Şəmkir və Göygöl rayonlarında tarixi abidələr, muzeylər, regionların sosial iqtisadi inkişafı haqqında məlumat alıb, bölgənin füsunkar təbiəti ilə  tanış olublar. F. Cəbrayılov deyib ki, maarifləndirici turist səfərləri yetişən gəncliyin həyatında önəmli rol oynayır. 

 

Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova uşaqları salamlayaraq bildirib ki, belə aksiyalar gənc nəslin vətən haqqındakı təsəvvür və təəssüratlarını, biliklərini daha da zənginləşdirir, gənclərə vətəni tanımağa kömək edir, doğma Azərbaycanı sevməyi öyrədir. 

 

İlk təəssüratlarını Absheronxeber.az portal ilə bölüşən, turun qrup rəhbəri Hafiz Mikayılov deyib: "Təəssüratımız olduqca zəngindir. Rayonun IX-XI sinif şagirdləri regionun qədim tarixi, mədəniyyət abidələri, Heydər Əliyev mərkəzləri, tarix-diyarşünaslıq muzeyləri, gənclər mərkəzləri, Bayraq meydanları, rəsm qalereyaları və s. obyektlərlə yaxından tanış oldular. Bu yerlərlə tanışlıq şagirdlərin Vətənimizə olan sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda tərbiyəsinə təsir edəcək, onların mənəvi inkişafında müsbət rol oynayacaq. Gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması ölkəmizin gələcəyi üçün çox böyük əhəmiyyət kəsb edir. Məktəblilər üçün belə bir imkan yaratdığına görə aksiyada iştirak edən şagird və müəllimlər adından dövlətimizin başçısına minnətdarlığımı bildirirəm".

 

Rəşad ZİYADOV



26.11.2018 | 14:43