BMU-da I Beynəlxalq elm və texnologiya konfransı keçirilir

Dünyada olduğu kimi ölkəmizdə də mühəndislik elmləri və ona yaxın digər elm sahələri sürətlə dəyişir və inkişaf edir. Bu inkişaf və dəyişikliklə ayaqlaşmaq, problemlərə həll yolu tapmaq və ölkəmizin gələcəyinə töhfə vermək üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə  I Beynəlxalq elm və texnologiya konfransı keçirilir. Beynəlxalq elmi-praktik konfrans ali məktəb elmi işçilərini və müəllimlərini, mühəndis  və texniki elmlər sahəsində mütəxəssisləri, doktorantları, aspirantları öz elmi-praktik işlərinin nəticələrini bölüşmək və müzakirə etmək məqsədi ilə təşkil edilib. Konfransın açılış mərasimində AMEA-nın, ölkəmizin və dünyanın bir sıra dövlətlərinin ali təhsil müəssisəsinin rəhbər və əməkdaşları iştirak edib. Konfransa 10 ölkədən 100-dən çox məqalə qəbul edilib.    

     

Konfransın açılış mərasimində BMU-nun rektoru, professor Havar Məmmədov çıxış edərək  iştirakçıları salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Bildirib ki, dünyanın müasir inkişaf səviyyəsinə çatmasında mühəndislik ixtisaslarının rolu danılmazdır. Bakı Mühəndislik Universiteti haqqında konfrans iştirakçılarına ətraflı məlumat verən rektor,  universitetdə 17 mühəndislik ixtisası üzrə kadr hazırlığının həyata keçirildiyini qeyd edib. 2018-2019-cu tədris ilinin başlamasından az vaxt keçməsinə baxmayaraq universitetdə artıq 3-cü beynəlxalq konfransın keçirildiyini diqqətə çatdıran rektor, konfransların ali təhsil müəssisələrində elmi mühitin formalaşmasında və yüksək ixtisaslı kadr hazırlığındakı rolundan danışıb.

 

Konfransın plenar iclasında  akademik Vaqif Abbasov, ABŞ Florida Atlantik Universitetinin professoru İsaac Elishakoff, professor Natalya D. Vaysfel'd, professor Natiq Əhmədov məruzə  ediblər.

 

Konfransın işi plenar və seksiya iclaslarında Azərbaycan, ingilis və rus dillərində davam edib.

 



29.11.2018 | 16:27