NDU-da elmi-praktik konfrans

Naxçıvan Dövlət Universitetində “Ümumdünya insan hüquqları bəyannaməsinin qəbul olunmasının 70 iliyinə həsr olunmuş” elmi-praktik konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, insan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanda bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası müəyyən edilib, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırılıb. Vurğulanıb ki, 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi ulu öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunu, şəxsiyyətcə böyüklüyünü bir daha təsdiqləyir.

 

“Fəlsəfə və sosial iş” kafedrasının baş müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Abbas Əhmədov  “Heydər Əliyev və insan hüquqları” mövzusunda çıxış edərək ulu öndərin vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar apardığını vurğulayıb. Nəzərə çatdırılıb ki, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dünyada insan hüquq və azadlıqlarının təməl prinsipi kimi qəbul edilən ən mühüm beynəlxalq konvensiyalara da imza atıb.

 

“Azərbaycan multikulturalizmi insan hüquqları prizmasından” adlı çıxışında “Hüquq fənləri” kafedrasının müəllimi Əli Qədimov  ümummilli liderin  insan hüquqları sahəsində qanunvericiliyin təkmilləşdirilməsində mühüm rolunu diqqətə çatdırıb. Bildirilib ki, 1950-ci ildən başlayaraq 10 dekabr Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.

 

“İnsan hüquqlarının qorunması və təşviqi ilə məşğul olan BMT təsisatları və milli təsisatlar” adlı çıxışında “Hüquqşünaslıq” ixtisası üzrə III kurs tələbəsi Səfa Rzayeva insan hüquqlarının formalaşma tarixindən danışıb. Bildirilib ki, Azərbaycan yeganə ölkədir ki, burada 18 iyun Milli İnsan Hüquqları Günü kimi qeyd olunur.

 



11.12.2018 | 12:39