Tədrisin keyfiyyətini yüksəltməyə hədəflənmiş fənn aylıqları

Son illər ümumi təhsil sistemində  fənn aylıqlarından  geniş istifadə olunur. Bu da təsadüfi deyil. Çünki fənn aylıqları  təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətə təşviq edilməsi, qabaqcıl təcrübənin nümayişi baxımından geniş imkanlara malikdir. Aylıq çərçivəsində məktəblərdə keçirilən tədbirlər, eyni zamanda, şagirdlərin müxtəlif fənlərə marağını, onların bilik və bacarıqlarını daha da artırır,  vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmalarının səmərəli vasitələrinə çevrilirlər. Məhz bu  kimi üstünlükləri nəzərə alınaraq fənn aylıqlarının təşkili Abşeron Rayon Təhsil Şöbəsinin təcrübəsində də özünə geniş yer tutur.

 

Məlum  olduğu kimi, Təhsil Nazirliyinin 14 avqust 2018-ci il tarixli  əmri ilə ümumi təhsil sahəsində 2018-2019-cu dərs  ilinin  prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Əmrdə ötən il təsdiq olunmuş “Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin Fəaliyyət planında nəzərdə tutulmuş  mahiyyətcə inkişafyönlü tədbirlərin cari dərs ilində də davam etdirilməsi məqsədəuyğun  hesab edilib. Bununla əlaqədar, Abşeron Rayon Təhsil Şöbəsində cari dərs ili üzrə Fəaliyyət planı hazırlanaraq təsdiq olunub. Planda müxtəlif tədbirlərlə yanaşı dərs ili boyu ayrı-ayrı  fənlər üzrə   “Fənn aylıqları”nın təşkili də nəzərdə tutulub.

 

Fəaliyyət  planına əsasən ilk fənn aylığı noyabr ayında  tarix və coğrafiya fənləri üzrə təşkil olunub. Rayonun  bütün məktəblərinin qoşulduğu fənn aylığı çərçivəsində  müxtəlif nominasiyalarda tədbirlər reallaşdırılıb, təcrübə mübadiləsi aparılıb.

 

Müəllimin fəaliyyətinin dəyərləndirilməsində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında “açıq dərs”lər mühüm vasitə kimi çıxış etdiyindən məktəblərdə keçirilən fənn aylıqları zamanı onların təşkilinə geniş yer verilib. Rayonun müxtəlif  tədris ocaqlarında  çalışan onlarca  tarix və coğrafiya müəlliminin  ayrı-ayrı siniflər üzrə müxtəlif mövzularda  “açıq dərs”ləri dinlənilib,  qarşılıqlı dərsdinləmələr keçirilib.

 

Dərslərin dinlənilməsi nəticəsində məktəbdə tədris işinin səviyyəsi,  müəllimin metodik hazırlığı haqqında obyektiv məlumat almaq və bu  məlumat əsasında  onlara nə kimi kömək lazım olduğunu müəyyənləşdirmək mümkün olur. Dərsdinləmələr məhz müəllimin nəyə ehtiyacı olduğunu, müasir dərsin hansı mərhələsinin tədrisini daha uğurlu təşkil etdiyini, hansı mərhələsində çətinliklə üzləşdiyini aydın göstərdiyindən onların nəticəsinə əsasən müəllimə göstərilən metodiki kömək də konkret və məqsədəuyğun olur.

 

Dinlənilən dərslər məhz bu baxımdan   dərsi deyən müəllimlərin iştirakı ilə geniş müzakirə olunub,  müəllimlərin tədris fəaliyyətindəki uğurlu cəhətləri qeyd edilib, çətinlik çəkdikləri məqamlarla bağlı onlara zəruri  metodik tövsiyələr verilib.

 

Aylıq çərçivəsində rayonun məktəblərində keçirilən nümunəvi dərslərdə, müxtəlif sinifdənxaric  tədbirlərdə Azərbaycan elminin, dövlətçiliyinin inkişafında böyük xidmətləri olan tarixi şəxsiyyətlər, o cümlədən qüdrətli Azərbaycan hökmdarları və sərkərdələri, vətənin müdafiəsi, torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıqlar göstərmiş şəxslər haqqında, Yerin daxili quruluşu,  Azərbaycanın iqlimi, gecə-gündüz bərabərliyi, vulkanlar və qeyzerlər barədə şagirdlərə geniş  məlumat verilib,  müasir dövrümüzün tanınmış elm, təhsil xadimləri, əmək adamları, müharibə iştirakçıları və qəhrəmanları ilə görüşlər  təşkil edilib. Eyni zamanda, modellər və maketlər hazırlanıb, divar qəzetləri, bülletenlər buraxılıb, rəsm sərgiləri, tarixi abidələri əks etdirən fotoşəkillər, albomlar, guşələr təşkil edilib, şagirdlər arasında bilik yarışmaları, viktorinalar, ekskursiyalar və sinifdənxaric və məktəbdənkənar tədbirlər keçirilib, Cümhuriyyətin 100 illiyinə həsr olunmuş videoçarx, Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş fotostendlər təqdim edilib. Fənn müəllimləri “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda  pedaqoji mühazirələr yazıblar.

 

“Tarix-coğrafiya aylığı” çərçivəsində ilk tədbir rayonun Qobu qəsəbə 1 nömrəli  tam orta məktəbində baş tutub. Tədbirə Qobu qəsəbə 1, 2, 3 nömrəli, Hökməli, Güzdək, Aşağı Güzdək, Çaylı 1, Qobustan,  Periküşkül qəsəbə tam orta məktəbləri qatılıblar. Tədbirin keçirildiyi tədris ocağında  həmin məktəblərin birgə sərgisi təşkil olunub. Fənn  müəllimləri və şagirdlər öz sərgisinin təqdimatını ediblər. Qobu qəsəbə 1 və 2 nömrəli tam orta məktəblərinin  tarix, coğrafiya müəllimləri “açıq dərs”lər keçiblər. Tədbir iştirakçıları  şagird təqdimatlarını, pedaqoji mühazirələri dinləyiblər, şagirdlərinin  tarix və coğrafiya müəllimlərinin rəhbərliyi ilə hazırladıqları divar qəzetlərinə,  bülletenlərə,  əl işlərindən ibarət guşə və sərgilərə,  tarixi şəxsiyyətlər haqqında fotostentlərə, albomlara, “açıq dərs”lərin icmallarına, metodbirləşmələrin qovluqlarına  baxıblar. Tarix müəllimləri şagirdlərini  Fəxri xiyabana, Şəhidlər xiyabanına, Milli Parka, Qız Qalasına, Heydər Əliyev Mərkəzinə, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, “Qobustan” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiyaya aparmaları barədə məlumat veriblər. Qonaqlar zona məktəblərinin  aylıq çərçivəsində gerçəkləşdirdiyi tədbirləri yüksək qiymətləndiriblər. 

 

Növbəti tədbir  Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbdə təşkil olunub. Tədbirdə həmin qəsəbədəki  1, 2, 3 və 4 nömrəli, Digah, Məmmədli, Fatmayı və Goradil qəsəbə və kəndlərinin məktəbləri öz sərgiləri ilə iştirak ediblər. Burada da tədbir iştirakçıları noyabr ayı ərzində görülən  işləri bəyənib, “açıq dərs”lər müzakirə olunub, onların məktəbdə tədrisin keyfiyyətini yüksəltməyə müsbət təsir etdiyi vurğulanıb.

 

Ceyranbatan qəsəbə 1 nömrəli tam orta məktəbdə keçirilən və qəsəbədəki digər iki məktəbin, eləcə də Saray, Masazır qəsəbələrində, Novxanı kəndində yerləşən tədris ocaqlarının nümayəndələrinin iştirak etdikləri tədbir və Xırdalan şəhərində baş tutan, buradakı 10 məktəbdən təhsil işçilərinin qatıldığı  sonuncu tədbir  rayonda  fənn aylığının  yüksək səviyyədə təşkil olunduğunu  bir daha nümayiş etdirib.

 

Aylığa Xırdalan şəhər 3 nömrəli tam orta məktəbdə yekun vurulub. Bu münasibətlə keçirilən “dəyirmi masa”da rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova çıxış edərək aylıq çərçivəsində  görülmüş işlər  haqqında hesabat verib, məktəblərin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirərək, “Tarix-coğrafiya aylığı”nın məktəblərdə xeyli canlanma yaratdığını,  müəllim və şagirdləri fəallaşdırdığını, neçə-neçə qabaqcıl tarix və coğrafiya müəllimini üzə çıxardığını, bütövlükdə məktəblərdə  tədrisin keyfiyyətini yüksəltməyə müsbət təsir göstərdiyini qeyd edib və növbəti fənn aylıqlarının təşkili ilə bağlı tapşırıq və tövsiyələrini diqqətə çatdırıb. 

 

Tədbirdə habelə məktəb rəhbərlərinin də hesabatları dinlənilib,  aylıq tədbirlərində fərqlənən Məmmədli qəsəbə tam orta məktəbin tarix  müəllimi Aidə Şərifovaya, Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin tarix  müəllimi Fəridə Həsənovaya, Qobu qəsəbə 1 nömrəli tam orta məktəbin coğrafiya  müəllimi Mahirə Sultanovaya, Novxanı kənd 1 nömrəli tam orta məktəbin tarix müəllimi Məsumə İsayevaya   müxtəlif nominasiyalar üzrə fəxri fərmanlar təqdim olunub.

 

Yusif ƏLİYEV



14.12.2018 | 14:29