Astenik uşaqlar

Astenik uşaq kimdir? Astenik problemlər sinir sisteminin və orqanizmin spesifik xüsusiyyətləri ilə sıx bağlıdır. Bu, uşaqların tez yorulması, onların şəxsiyyət olaraq bir neçə keyfiyyətinin formalaşmasında problemlər yaranmasına səbəb olur. Asteniklər, yəni tez yorulan uşaqlar, başqalarına nisbətən daha tez küsür, inciyir. Hər hansı kobud davranış nəticəsində onların özgüvənlərini aşağı salmaq çox asan olur.

 

Asteniklər xoşniyyətlidirlər. Yəni qarşıdakı yaşıdlarına ziyan vermir, onların qəlbini qıracaq hər hansı hərəkət etmirlər. Onlar həmçinin duyğularını yaxşı ifadə edə bilmirlər. Paralel olaraq həm də özlərinə qapanıq insanlardır. Asteniklər ünsiyyətdən qaçmağa meyillidirlər. 

 

Necə davranmalı?!

 

İlk növbədə, uşağa özünə daha çox güvənmək hissini təlqin etmək vacibdir. Uşaqla ünsiyyət zamanı aşağılayıcı, qorxuducu, qəlbinə toxunacaq ifadələrə yol vermək olmaz. Uğurlarında onları tərifləmək, səhv hərəkətlərində qəlbə toxunmayan sözlərlə başa salmaq lazımdır. Belə olan halda astenik uşaq ailə daxilində, cəmiyyət arasında, o cümlədən məktəbdə münasibətləri balanslaşdıra biləcək. Onunla münasibətlərdə harmoniya yaranacaq.

 

Ailədaxili mübahisə və münaqişə bütün uşaqlara pis təsir edir. Amma astenik uşaqlarda bu gərginlik ikiqat mənfi təsir yaradır. Münaqişəli ailədə yaşayan astenik uşaq özünəqapanmadan son dərəcə çətin çıxır. Bəzi hallarda bu, ümumiyyətlə, mümkünsüzdür. O üzdən ailəsində astenik uşaq olan valideynlər mütləq qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamağı vərdiş etməlidirlər.

 

Astenik uşağın yaşıdları ilə münasibətlərini tez-tez təftiş etmək lazımdır. Diqqət etsəniz, görəcəksiniz ki, asteniklər ya özlərindən çox kiçik, ya da çox böyük uşaqlarla ünsiyyətdə rahat olurlar. Yəni qeyd olunan bu iki qrupdan uşaqlarla özlərini daha yaxşı hiss edirlər. Onlar həmyaşıdları ilə münasibətlər qurmağa meyilli olmurlar. Bu, asteniklərə gələcək həyatlarında maneə yarada biləcək keyfiyyətdir. Çünki onları gözləyən mühitdə nə onlardan çox kiçik, nə də çox böyük adamlar olmur. Gələcəkdə adətən yaşıdlardan ibarət mühitdə yaşamalı, çalışmalıdırlar. Ancaq böyüdükləri mühit, yəni həmyaşıdları ilə problemli olmaları onlara münasibət qurmağa mane olur.

 

Yuxarıda da qeyd etdik ki, astenik uşağı incidib küsdürmək çox asandır. Bu keyfiyyətlərini onlara güzəştə getmək olmaz. Belə uşaqlara izah etmək lazımdır ki, küsəndə də, barışanda da xarakterləri və münasibətlərini özləri tənzimləsinlər.  Beləliklə, zamanla hər şey qaydasına düşəcək.

 

Daha çox dinləyin

 

Onu dinləyərkən müxtəlif jestlərdən, səs tonallığı ilə reaksiyalardan istifadə edin. Uşağın hər hansı sualını anlamadığınız halda, ona təkrar suallar verin. Qoymayın ki, o, diqqətsiz qaldığını düşünsün.  Eyni zamanda, uşaq danışdıqca onu eşitdiyinizi qısa sözlər və ya jestlərlə reaksiya verin. Belə olduğu halda uşaq özünəqapanma hissindən azad olacaq.

 

Asteniklərlə valideyn olaraq hiss və duyğularınızda rahatlıqla danışa bilərsiniz. Onun harasa getməsi və ya getməməsinin səbəbləri haqda mütləq özü ilə söhbətlər aparmaq, qərarın səbəbini izah etmək lazımdır. Bütün bu sadalananları elədikcə, siz həm də astenik uşağa yaxşı nümunə ola bilirsiniz. O, evdə gördüyü xoş ünsiyyəti başqaları ilə münasibətdə tənzimləməyə çalışır. 

 

Qorxu hissi

 

Siz onlara qorxu hissini yenməyə dəstək olmalısınız. Bəs bunu necə etməli? Hər şeydən öncə, uşağa başa salmaq lazımdır ki, qorxunu yenməyin birinci şərti qorxduğu hər nədirsə onunla üz-üzə gəlməkdir.

 

Qorxunu unutmaq üçün astenik uşağı müxtəlif əyləncələrə yönəltmək lazımdır. Məsələn, rəsm çəkməyə. Niyə? Uşaq qorxusunu rəsmlə daha yaxşı ifadə edə bilir. Məsələn, onlar adətən şkafların içərisində hansısa məxluqların olduğunu söyləyirlər. Belə uşaqlara həmin məxluqları qorxularında olduğu kimi rəsmə gətirmək tapşırığını vermək olar. Astenik rəsm məşğələsinə getsə də, yaxşı rəssam deyil. Bu üzdən mütləq çəkdiyi hər nədirsə, gülməli qaralamadan ibarət olacaq. Belə olan halda çirkin, cızmaraqa rəsmin gülməli detalını tapıb uşaqla birgə ona gülmək lazımdır. Əgər astenik uşaq da sizə qoşulub gülümsəyəcəksə, deməli, qorxunu yenilmiş saymaq olar. 

 

Qorxunu yenməyin bir mexanizmi də relaksasiya tədbiri görməkdir. Məsələn, dərindən nəfəs alıb-vermək hərəkətini bir neçə dəfə təkrarlamaq, ya da əzələləri son dərəcə gərmək və boşaltmaq lazımdır. Bu kimi relaksasiya hərəkətlərindən sonra astenik uşağın qorxu instinkti bir az da zəifləmiş sayıla bilər.

 

Sərbəstliyi və rahat olmağı öyrətmək

 

Uşaq özünə aid olan hansısa işi görə bilmək imkanındadırsa, qoyun etsin. Onda astenik uşağın məsuliyyət hissini tənzimləmiş olacaqsınız. Yəni uşaq artıq anlayacaq ki, evdə müəyyən işlərdən məhz o cavabdehdir. Bu, onun özgüvəninin möhkəmlənməsinə səbəb olacaq.

 

Əksər hallarda olur ki, uşaq hər hansı işi görür, valideyn işin keyfiyyətindən razı qalmır. Onu danlaya-danlaya eyni işi təkrar görür. Bu, istənilən uşağı, xüsusən də astenikləri aşağılayan hərəkətdir. Valideynlər bunu maksimum az etməyə çalışsınlar. Onları danlamaq yox, əksinə, gördüyü işi daha yaxşı etmək üçün kömək etmək lazımdır. Uşağa həmişə daha bir şans vermək lazımdır ki, etdiyi işi təkrarlasın. Lap dəqiqi, gördüyü işin əyər-əskikliyini özü düzəltsin. Bununla uşağa sərbəstliyi və öz səhvlərini özünün düzəltməsini öyrətmiş olursunuz.

 

Asteniklərin daxili aləmi son dərəcə zəngin olur. Onlar həmişə xarici aləmdə baş verən çirkinliklərdən mənən gizlənməyə çalışırlar. Bu, onların müşahidə qabiliyyətini zəiflədə bilsə də, çox gözəl və zəngin daxili aləmləri olur. Belə olan halda onları konkret sahələr üzrə yetişdirmək mümkündür. Məsələn, asteniklər yaxşı araşdırmaçıdırlar.

 

Bütün hallarda isə hər şey sevgidən başlayıb, sevgidə bitir. O üzdən hər kəs daha yaxşı nəticə əldə etmək üçün ailəsini və övladını sevsin.

 

Nilufər İSMAYILOVA,

“Məktəblinin dostu” layihəsinin psixoloqu 



21.12.2018 | 13:50