Şagirdlərin ikinci mübadilə proqramının açılış mərasimi keçirilib
Martın 17-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) çərçivəsində orta məktəb şagirdlərinin ikinci mübadilə proqramının açılış mərasimi keçirilib.
 
Açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, TDƏŞ Katibliyinin və Türkiyə, Qazaxıstan və Qırğızıstanın ölkəmizdəki səfirliklərinin nümayəndələri, mübadilə proqramının iştirakçıları və KİV təmsilçiləri iştirak edib.
 
Mərasimdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov qonaqları salamladıqdan sonra mübadilə proqramı iştirakçılarının türk dünyasının ortaq dəyərlərindən olan Novruz bayramı zamanı Azərbaycana səfərinin və bayram adət-ənənələri ilə tanış edilməsinin böyük önəm daşıdığını vurğulayıb. Nazir müavini proqrama əsasən, iştirakçılara zəngin multikultural dəyərlərə, mədəniyyətə və tarixə malik olan Azərbaycan haqqında  məlumat veriləcəyini, müvafiq sahələr üzrə aparıcı mütəxəssislər tərəfindən təlim və mühazirələr keçiriləcəyini deyib.
 
Türk Şurasının digər beynəlxalq təşkilatlarla müqayisədə gənc bir təşkilat olduğu, lakin qısa müddətdə öz fəaliyyətini genişləndirdiyi barədə məlumat verən nazir müavini bunun əsas səbəbini üzv dövlətlərin ortaq tarix və mədəniyyətə malik olması ilə əlaqələndirib.
 
Nazir müavini mübadilə proqramının şagirdlərə Türk Şurasına üzv ölkələrdən olan həmyaşıdları ilə dostluq əlaqələri qurmağa və bu əlaqələri gələcəkdə də davam etdirməyə şərait yaratdığını vurğulayıb. Həyata keçirilən tədbirlərin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin daha yüksək mərhələyə çatmasında əhəmiyyətini diqqətə çatdıran Firudin Qurbanov ortaq türk dəyərlərinin gənclərimiz tərəfindən dərk edilməsinə verdiyi töhfə üçün Türk Şurasına minnətdarlığını ifadə edib.
 
Mərasimdə çıxış edən TDƏŞ Katibliyinin layihə rəhbəri Yıldız Uzakova və Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Abdulqafur Büyükfırat Türk Şurasının ölkələrimiz arasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşılıqlı əməkdaşlığı inkişaf etdirməyə geniş imkanlar yaratdığını bildiriblər.
 
Qeyd edək ki, 17-24 mart 2018-ci il tarixində Azərbaycanın ev sahibliyi edəcəyi “TDƏŞ orta məktəb şagirdlərinin ikinci mübadilə proqramına” Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan 38 şagird və 6 təlimçi qatılıb. Mübadilə proqramının iştirakçıları Azərbaycanın incəsənəti, tarixi, milli adət-ənənələri ilə yaxından tanış olmaq, Novruz bayramını birlikdə qeyd etmək, həmyaşıdları ilə ünsiyyət qurmaq və asudə vaxtlarını səmərəli keçirmək imkanı qazanacaqlar.
 
5 sentyabr 2015-ci il tarixində TDƏŞ-ə üzv ölkələrin təhsil nazirlərinin Astana şəhərində keçirilmiş dördüncü görüşündə “TDƏŞ çərçivəsində orta məktəb şagirdlərinin mübadilə proqramının qaydaları” adlı sənəd qəbul edilib. Bu sənədə əsasən, 4-14 aprel 2016-cı il tarixində birinci mübadilə proqramı çərçivəsində digər 3 ölkənin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan) şagirdləri Türkiyəyə səfər edib.
 
Mübadilə proqramının əsas məqsədi TDƏŞ-ə üzv ölkələrin gənclərinə ortaq türk dəyərlərinin aşılanması, eyni zamanda mədəniyyətlərarası əməkdaşlığın inkişaf etdirilməsidir.


17.03.2018 | 17:25