Sakit, imtahan gedir!

Yanvarın 4-dən Azərbaycan Memarlıq və İnşaat Universitetində payız semestrinin imtahan sessiyasına start verilib. Universitetin auditoriyalarında hər gün yüzlərlə tələbə ötən bir neçə ayda əldə etdikləri bilik və bacarıqları nümayiş etdirirlər. Qazandıqları nəticələrlə öyünənlər də var, “1 bal nə idi ki...” deyib təhsil aldığı universitetdən güzəşt gözləyənlər də.

 

Onlar üçün adi həyəcanlı imtahan günlərindən biri idi. Amma gələn qonaqlar bu həyəcanı bir az da artırdı. Baxmayaraq ki, onlara görə imtahan üçün ayrılan zaman 5 dəqiqə uzadıldı.

 

Millət vəkilləri, təhsil üzrə ekspertlər, ictimaiyyət nümayəndələri, KİV rəhbərlərindən ibarət böyük bir heyət Azərbaycan Memarlıq və İnşaat Universitetinin qonağı idi. Qonaqları universitetin rektoru Gülçöhrə Məmmədova özü qarşıladı. Ali təhsil ocağında təhsilalanlar üçün yaradılan şəraitdən də danışdı, tətbiq edilən sərt qaydalardan da.

 

“Lester Universiteti AzMİU-nun hazırlığını öz hazırlığına bərabər tutur”

 

Gülçöhrə Məmmədova söhbət əsnasında bildirdi ki, ötən illər ərzində universitetdə qeydə alınan ən böyük yeniliklərdən biri oğlanların təhsil aldığı universitet kimi tanınan AzMİU-da artıq qızların sayının çoxalmasıdır. Belə ki, son göstəricilərə görə, təhsilalanların 30 faizi qızlardır.

 

Bu illər ərzində universitetin beynəlxalq əlaqələri də genişlənib. Xüsusən, memarlıq fakültəsi bu istiqamətdə fərqlənir. Böyük Britaniyanın Lester Universiteti, İtaliya ilə memarlıq və dizayn üzrə qurulan ikitərəfli əməkdaşlıqdan danışan rektor bir yeniliyi də çatdırıb. Onun sözlərinə görə, Lester Univeristeti AzMİU-nun hazırlıq fakültəsini akkreditasiyadan keçirib. Bu isə AzMİU-nun hazırlıq fakültəsində təhsil alan 110 əcnəbinin Lester Universitetinə qəbul olunmaq imkanlarını artırıb: “Bu, o deməkdir ki, Lester Universiteti AzMİU-nun hazırlığını öz hazırlığına bərabər tutur”.

 

Gülçöhrə Məmmədova Milan Politexnik Universiteti ilə genişlənən əlaqələr və nəzərdə tutduqları yenilik barədə də məlumat verib: “Milan Politexnik Universitetinin tədris proqramını tətbiq etməyi qarşımıza məqsəd qoymuşuq. Mütəmadi olaraq oradan müəllimlər gəlir, bizdən ora gedənlər olur. İkili diplom proqramının tətbiqi barədə düşünürük”.

 

Dərslikləri öz müəllimlərimiz hazırlayır

 

Rektor universitet tələbələrinin dərslik çətinliklərini də dilə gətirib. Baxmayaraq ki, bunu müxtəlif yollarla təmin etməyə çalışırlar, ancaq yenə də tələbələr dərsliklə bağlı narahatlıq yaşayırlar. Universitet müəllimlərinin hazırladığı kitablar və tərcümə edilən dərslik nümunələri olsa da, bu, dərslik problemini həll etmir. Mövcud boşluğu bir az da müəllimlərin mühazirələri ilə doldurmağa çalışırlar. Müəllimlərin elektron mühazirələri təhsil müəssisəsinin saytına yerləşdirilir. Rektor əlavə edib ki, başqa kitabxanalarla qurulan əməkdaşlıqlarla da tələbələrin dərsliyə olan tələbatı ödənilir.

 

Yüksək indeksli jurnallarda çap olunanlara mükafat

 

AzMİU daha bir ənənənin əsasını qoyub. Müəllim və tələbələrin həvəs və marağını artırmaq məqsədi ilə yüksək indeksli jurnallarda çap olunmalara universitetin hesabına mükafat ayrılıb. Mükafatın məbləğinə gəlincə, bu, harada çap olunmağından asılı olaraq, 200-700 manat arasında dəyişir. 

 

“Hamı bilməlidir ki, bu universitetdə qiymət almağın bir yolu var”

 

Gülçöhrə Məmmədova payız imtahan sessiyasının təşkili və gedişatından da danışıb. Onun sözlərinə görə, AzMİU-da keçirilən imtahanlarda şəffaflığın təmin olunması məqsədi ilə hər kəsin iştirakı təmin oluna bilər: “Təbii ki, istənilən şəxsin istənilən vaxt imtahanlara girməsi mümkün deyil. Ancaq arzulayan şəxslər imtahanda iştirak istəyini bildirərsə, bu, təmin edilə bilər. Məsələn, universitetin rəsmi saytında valideynlərə müraciət edərək, belə bir istəkləri varsa, təmin edə biləcəyimizə dair müraciət yerləşdirmişik”.

 

Rektor bildirib ki, sessiya zamanı tələbələrin biliyinin düzgün qiymətləndirilməsi üçün bütün tədbirlər görülüb: “Çalışırıq ki, hər kəs ədalətlə qiymətləndirilsin. Ən əsası, hamı bilməlidir ki, bu universitetdə qiymət almağın ancaq bir yolu var”.

 

İmtahanlar zamanı daxil olan şikayətlərin operativ araşdırılması, vaxtında həll edilməsi məqsədi ilə qərargah yaradılıb. Rektor sədri olduğu Münaqişə komissiyasının da fəaliyyətinə toxunub. İmtahan nəticələrindən narazı qalan tələbələr Apelyasiya Komissiyasına müraciət edib şikayətlərini həll edə bilirlər. “Universitet əməkdaşlarından ibarət, rəsmi qaydada təyin olunmuş qeyri-ixtisasdan olan nəzarətçilər və imtahan rəhbərləri tərəfindən imtahanların gedişinə ciddi nəzarət edilir. Yazılı imtahanların nəticələrinin şifrələnməsi, işlərin qiymətləndirilməsi, bütövlükdə yoxlama prosesinə nəzarət etmək üçün həmin otaqlarda müşahidə kameraları quraşdırılıb. Mən imtahanları həm birbaşa izləmək imkanına malikəm, həm də kameralar vasitəsi ilə imtahan zallarında baş verənləri görə bilirəm”.

 

Gülçöhrə Məmmədova qonaqlara tələbələrin mübarizə ruhundan da danışıb. Təhsil alan 7000 tələbənin hüquqlarına hörmətlə yanaşdıqlarını, həmin tələbələrin də öz haqlarını yaxşı bildiklərini və qoruduqlarını qeyd edib: “AzMİU tələbələri öz haqlarını tələb etməyi yaxşı bacarırlar. Ərizə yazmaqdan, apelyasiyaya müraciət etməkdən qorxmurlar”.

 

Rektor bu fikrini təsdiq edən sübutu ötən semestrə aid rəqəmlərlə ifadə edib:

“Ötən semestr 500 nəfər apelyasiya şikayəti verdi. Onlardan 60 şikayət təmin edilib. Yəni, həmin tələbələrin qiyməti düzəldilib. Bu rəqəm elə təsəvvür yaratmamalıdır ki, imtahanlarda qayda pozuntusu, ədalətsizlik çox olur. Əslində, bu, elə də böyük rəqəm deyil. 7000 tələbəmiz imtahan verir. Hər tələbənin 6 imtahan verdiyini nəzərə alsaq, bu, 42 min imtahan deməkdir. 42 000 imtahan nəticəsindən 500 apelyasiya şikayəti böyük rəqəm deyil. Başqa bir tərəfdən, müraciətlər, apelyasiya şikayətləri sadəcə qayda pozuntusu ilə bağlı olmur”.

 

AzMİU-nu seçən yüksəkballı uşaqların sayı artır

 

Millət vəkili Aydın Mirzəzadə bildirdi ki, AzMİU-da 7000 tələbənin təhsil alması bu sahədə ixtisaslı kadrlara ehtiyac olduğunun bir göstəricisidir.  Ölkəmizdə tikinti, layihələndirmə sahələrində çalışanların 90 faizdən çoxu milli kadrlardır. A.Mirzəzadə universitetdə əldə etdiyi rəqəmlərə əsaslanaraq bu sahəyə artıq daha yaxşı kadrların cəlb olunduğunu vurğuladı: “Müasir tələblərə uyğun kadr yetişdirən universitetə  yüksək ballı uşaqlar gəlir. Burada əldə etdiyim rəqəmlərə görə, universitetə daxil olan təhsilalanların 20 faizi 600-dən yuxarı bal toplayanlardır”.

 

Müşahidəçilər AzMİU-nu otaq-otaq gəzdi

 

Tədbir iştirakçıları çay süfrəsindən qalxıb birbaş imtahan zallarına yollandılar. Universitet rəhbərliyi qonaqları ilə birgə imtahan prosesini müşahidə etdi, yazılı imtahan işlərinin kodlaşdırılması otağında oldu.

 

Burada qonaqlara bildirildi ki, imtahan başa çatdıqdan sonra cavablar kodlaşdırılır və yoxlanılması üçün müəllimlərə verilir. Cavablar 2-3 gün ərzində elan edilir və tələbənin elektron kabinetində əks olunur. Həmin cavabla təkcə tələbə deyil, elə valideyni də tanış ola bilir.

 

İmtahan zallarındakı dərin sükutu içəri daxil olması ilə pozan qonaqlar tələbələrin imtahanların gedişinə münasibəti ilə də maraqlandılar.

 

“Üzərində işlədiyim layihələr bu sahədə sadəcə təcrübə qazandırmayıb, həm də...”

 

Zərifə Müslümzadə AzMİU-da Memarlıq ixtisası üzrə təhsil alır. IV kurs tələbəsidir: “Orta səviyyədə oxuyuram. Hesablamalarıma görə,  “B” səviyyəsində bitirəcəyəm ali məktəbi. İndiyədək bir dəfə kəsilmişəm. Kəsirimi düzəltmək üçün hər cür imkan yaradılıb. Bir ali məktəbdə oxuduğumu, bunun məsuliyyətini də, üstünlüyünü də hiss edirəm. İstehsalatda oluruq, layihələr üzərində işləyirik. Təhsil aldığım müddətdə üzərində işlədiyim layihələr mənə bu sahədə sadəcə təcrübə qazandırmayıb, fikrimcə, onlar gələcəkdə də çox işimə yarayacaq”.

 

“Apelyasiya şikayətim təmin olunmadı”

 

Bu imtahan zalında bir neçə ixtisas üzrə imtahan gedir. Məsələn, Səid Rəhimi İnşaat-Texnologiya fakültəsinin IV kurs tələbəsidir. Materialşünaslıq mühəndisliyi ixtisası üzrə təhsil alır. Özü oxuyan tələbə olmasa da, oxuyan üçün universitetdə hər cür şərait olduğunu deyir. Ötən semestrdən iki kəsiri qalıb. Onu da bu il bağlamaq niyyətindədir. Kəsirini düzəltmək üçün hər cür şəraitin yaradıldığını iddia edir: “Bu məsələdə problemimiz olmur. Kəsir olan fənn üzrə oxuyub yenidən imtahan veririk. Qrafikimizin qurulmasında, kreditin vaxtında verilməsində müəllimlərimiz, dekanatlıq əlindən gələni əsirgəmir”.

 

Səid Rəhiminin də əksər tələbələr kimi Apelyasiya komissiyasına yolu düşüb. Ancaq, necə deyərlər, haqsız durumuna düşüb: “Bir dəfə apelyasiya şikayəti vermişəm. Amma şikayətim təmin olunmayıb. Təəssüf ki, bizim universitetdə güzəşt olmur. Balımın artırılması üçün müraciət etmişdim. Amma təmin edilmədi”.

 

“Müəllimlərimiz deyir ki...”

 

Bu gün Aynurə Əhmədzadə də imtahan verir. İnşaat-Texnologiya fakültəsində fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi ixtisası üzrə təhsil alır. İxtisasını təsadüfən seçənlərdəndir. Deyir ixtisasını seçərkən təhsilini bitirib nə işlə məşğul olacağı ilə maraqlanmayıb. Belə məlum olur ki, bunu hələ də bilmir: “Müəllimlərimiz deyir ki, magistr təhsili alıb leytenant rütbəsində Fövqəladə Hallar Nazirliyində də işləyə bilərik, müəllimlik də edə bilərik. Mən leytenant olmaq istəyirəm. Həm maaşı çoxdur, həm də işi asan olur. Deyirlər ki, iş tapmaq çətin olmayacaq”.

 

Amma müəllimlərindən eşitdiyi bu vədlərin doğru olub-olmadığını bilmək üçün III və IV kursu tamamlamaq lazımdır: “Hazırda III kursda oxuyuram. Dərslər çətin deyil. Əvvəlki 4 semestr ərzində orta məktəbdə keçdiyimiz fənlər üzrə təhsilimizi davam etdirdik. Artıq ixtisasımız üzrə dərslərimiz başlayıb. Bu ixtisas üzrə oxumaq maraqlıdır”.

 

İndiyədək cəmi 1 kəsiri olub: “II kursda oxuyanda, yay semestrində kəsildim. Bu yay kəsirimi düzəldəcəyimi düşünürəm. Bir dəfə apelyasiya da vermişəm. Balım çatmırdı. 1 bal güzəşt edilməsi üçün müraciət etdim, təmin edilmədi”.

 

İmtahan qaydalarını pozanlar

 

“Qaydalar pozulmaq üçündür” fikrinə inananlara hər zaman hər yerdə rast gəlinir. Ən çox da imtahanlarda. Odur ki, hər imtahanda mütləq qaydalara məhəl qoymayanlar və bu özbaşınalığına görə cəzalananlar olur. Bu gün də cəza alanlar, imtahandan yarımçıq çıxarılanlar olub.  Məsələn, təsviri incəsənət fənni üzrə imtahandan bir tələbə kənarlaşdırılıb. Türkiyə vətəndaşı olan tələbənin nəticələri də ləğv edilib. Test İmtahan Komissiyasının rəhbəri Nigar Abbasovanın sözlərinə görə, imtahan zamanı qadağan edilən davranışlarla bağlı tələbələr əvvəlcədən məlumatlandırılıb. Xəbərdarlıqlara baxmayaraq, imtahan zamanı telefondan istifadə edən, hətta üzərində telefon aşkarlanan tələbələr cəzalandırılır. İmtahanda tələbənin üzərində aşkarlanması ağır cəzaya səbəb olan amillərdən biri də “şparqalka”dır. AzMİU-nun tədris işləri üzrə prorektoru Akif Qasımov əlavə etdi ki, imtahan qaydalarının pozulmasında ən ağır cəza “şparqalka” ilə bağlı tətbiq edilir: “Tələbənin əlində “şparqalka” tutuldumu, sorğusuz-sualsız həmin tələbənin nəticələri ləğv edilir. Onun hətta apelyasiya şikayətinə də baxılmır”.

 

Tələbə haqlıdırsa...

 

Nigar Abbasova onu da bildirdi ki, imtahan prosesində tələbələrin sualı yaranarsa, dərhal müdaxilə olunur və müvafiq qaydada məsələ həll edilir. Bunun üçün yan otaqda imtahan keçirilən ixtisas üzrə müəllimlər oturub. İmtahan başa çatanədək gözləyən müəllimlər yarana biləcək sualları cavablandırmaq üçün buradadırlar.

 

Maraqlıdır, bəs, tələbənin sualı anlamaması, yaxud sualın səhv olduğunu aşkarlaması kimi məsələlər necə həll edilir? Nəzarətçi müəllim etiraf edir ki, imtahanlarda sualların qoyuluşunda səhv ola, yaxud verilən şəkil aydın görünməyə bilər. Bu zaman həmin sualın balı tələbənin xeyrinə hesablanır.

 

AzMİU təəccübləndirdi

 

Millət vəkili Fazil Mustafa Azərbaycan Memarlıq və İnşaat Universitetində gördüklərindən təəccübləndiyini gizlətməyib: “Bu cür təsəvvür etmirdim. Yüksək səviyyəli iş, müsbət dəyişikliklər var. Bunlar açıq təqdim edilməlidir. Təqdim etməkdən çəkinmək lazım deyil”.

 

Təhsil üzrə ekspert Etibar Əliyev də bu mediaturla bağlı maraqlı təəssüratı olduğunu bildirib: “Ən maraqlı o idi ki, tələbələrin hamısı imtahan prosesində fəal görünürdülər. İmtahan zallarında ayrı-ayrı ixtisasdan imtahan təşkil edilməsi köçürmə ehtimalının da qarşısını alır”.

 

Memarlıq fakültəsində

 

İctimaiyyət nümayəndələri AzMİU-nun Memarlıq fakültəsinin yeni binası ilə də tanış oldular. Onlar layihələndirmə dərslərinin qiymətləndirilməsi otağına baş çəkib, tələbələrin işlərinə baxdılar.

 

Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova qonaqlara məlumat verdi ki, yeni binada dizayn ixtisası üzrə tədris aparılır. Auditoriyalardan savayı, hər mərtəbədə 5 otaq olmaqla 15 xüsusi layihə otağı var. Bu otaqlarda tələbələr layihələr üzərində işləyirlər. Dizaynı tamamilə universitetin özünə aid olan yeni bina özünəməxsusluğu ilə seçilir.

 

Nilgün  Baxşıyeva Memarlıq fakültəsində dizayn ixtisası üzrə təhsil alan tələbələrdəndir. Birinci kursda oxuyan AzMİU tələbəsi gözlədiyinin əksinə olaraq, o qədər də ağır olmayan tədris prosesi, çox maraqlı tələbəlik həyatı və təzyiqsiz imtahan mühiti ilə qarşılaşdığını deyib: “Hələlik yazılı imtahan verməmişik. Azərbaycan tarixi və mülki müdafiədən test imtahanımız olub. Bundan sonra informatika üzrə açıq tipli imtahan olacaq. İmtahan şəraiti çox yaxşıdır. Çox sərbəst imtahan verdik. Bundan əvvəl Azərbaycan tarixindən, mülki müdafiədən və dizayn əsaslarından imtahan verdik. Əksəriyyətimiz imtahanları uğurla başa vurduq”.

 

Qabiliyyət imtahanı verməyən qabiliyyətli tələbələr

 

Daha bir otaq. Düzülmüş əl işlərini müəllimlər müzakirə edirlər. Məlumat verirlər ki, şəhərsalma ixtisası üzrə təhsil alan I kurs tələbələrinin işini qiymətləndirirlər. Onların sözlərinə görə, universitetdə şəhərsalma ixtisası üzrə tədris 2 ildir həyata keçirilir. Bu ixtisas üzrə qəbul imtahanlarında qabiliyyət imtahanı tələb edilmir. Buna baxmayaraq, imtahanlarda tələbələr yaxşı nəticələr göstəriblər: “Cəmi 3 aydır əllərinə qələm alıb şəkil çəkiblər. İmtahanın nəticələrinə görə keçməyəcək , “3”-dən aşağı qiymət alacaq iş yoxdur. I kurs şəhərsalma ixtisası üzrə təhsil alan tələbələrimiz gözlədiyimizin əksinə olaraq yaxşı nəticə göstəriblər”.

 

Və son...

 

Daha bir ənənəvi infotur başa çatdı. Bu dəfə də AzMİU-nun ictimaiyyət nümayəndələrinə çatdırmaq istədiyi çoxlu yeniliyi oldu. Universitet budəfəki ictimai baxışdan da üzüağ, alnıaçıq çıxdı.

 

İmtahanlar isə davam edir. Bu isə o deməkdir ki, gərginlik də, sərt imtahan qaydalarını pozmağa cəhdlər də davam edəcək. Bu prosesin şahidi olmaq istəyənlər üçün isə AzMİU-nun və bütövlükdə ölkəmizdəki bütün ali təhsil müəssisələrinin qapıları ictimaiyyət nümayəndələrinin, maraqlanan hər kəsin üzünə açıqdır. Buyurun, o açıq qapılardan girin və keyfiyyətli təhsilin ünvanını bir-bir kəşf edin.

 

Ruhiyyə DAŞSALAHLI



11.01.2019 | 13:36