20 Yanvar faciəsi və Heydər Əliyevin prinsipial mövqeyi

Xülasə

Bu məqalənin məqsədi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtı Bakıda baş verən qətliam haqqında məlumat verib, Heydər Əliyevin bu qətliam haqqındakı fikirlərini oxuculara təqdim etməkdir. Tariximizdə çox kədərli bir hadisə olaraq yer alan 20 Yanvar qırğınında Sovet ordusu qadın, uşaq, qocaya fərq qoymadan  müstəqillik istəyən azərbaycanlıları mərhəmətsizcəsinə qətl etmişdir. Azərbaycan xalqına qarşı tətbiq edilən bu vəhşilik əks-təsir yaratmış və müstəqil Azərbaycan Respublikasının qurulmasında dönüş nöqtələrindən biri olmuşdur. Bu faciədən sonra Azərbaycan xalqı səsini daha da yüksəklərə çatdırmaq üçün səy göstərmiş, 18 oktyabr 1991-ci ildə müvəffəqiyyət qazanaraq, müstəqilliyini bütün dünyaya elan etmişdir.

 

Heydər Əliyev 1990-cı il  yanvarın 20-də baş verən bu hadisənin Azərbaycan xalqına qarşı törədilmiş bir cinayət olduğunu dilə gətirərkən, Azərbaycandakı idarəçilərin bu hadisə haqqında lazımi tədbirləri görmədiyini diqqətə çatdırmış, qətliamı törədən və bu qırğında günahkar olan insanların ciddi şəkildə cəzalandırılmasının vacibliyini bildirmişdir.

 

20 yanvar qırğınının mahiyyəti

 

1980-ci illərdə SSRİ üçün həm iqtisadi, həm də siyasi çətinliklər başlamışdı. Mixail Qorbaçovun başçılığı ilə aparılan bir sıra islahat tədbirləri bu çətinliklərə çarə olmamış, yarımçıq qalmışdı. Bu şərait isə zəngin təbii sərvətləri olan Azərbaycanın talan edilməsinə yol açmışdı. Azərbaycan xalqına göz görə-görə ermənilər tərəfindən edilən haqsızlıqlara həm ümumittifaq, həm də Azərbaycan Kommunist Partiyasının səssiz qalması azərbaycanlıları hərəkətə keçirmişdir. Xalq uzun müddətdir davam edən təzyiqdən yorulmuş, meydanlarda “Azadlıq!” şüarlarını səsləndirməyə başlamışdı. Ermənilərin tarixi Azərbaycan torpaqlarında, Qarabağda və sərhəd bölgələrində Azərbaycan xalqına qarşı tətbiq etdiyi qəddarlıqlar nəticəsində məcburi köçlər olmuşdur. Belə bir şəraitdə Moskvanın da ermənilər lehinə mövqeyi vəziyyəti daha da gərginləşdirmişdi.

 

SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-cı il yanvarın 15-də DQMV və bəzi bölgələrdə fövqəladə vəziyyətin elan edilməsi haqqında qərarının 7-ci maddəsində Azərbaycan SSR Ali Sovetinə bu vəziyyəti tətbiq etməyin çərçivəsini Bakı və Gəncə bölgələrinə qədər genişləndirməyi təklif etməsi Azərbaycan xalqı tərəfindən ədalətsiz bir qərar kimi qiymətləndirilmiş və narazılıqla qarşılanmışdır (Nazım Cafersoy. “Azerbaycan’da 20 Ocak 1990 Yanvar Katliamı” Türkiye  Uluslararası İlişkiler ve Stratejik Analiz Merkezi.  2012

Azərbaycan xalqı sovet hökuməti tərəfindən özünə göstərilən tamamilə haqsız münasibətə qarşı Bakı şəhərinin ətrafında barrikadalar quraraq etiraz edəcəyini bildirmişdi. Yenə 18 yanvar 1990-cı il tarixində Bakı və digər bölgələrdə böyük yürüşlər təşkil edilmiş, artıq respublika miqyasında ümumi bir tətil elan olunmuşdu. Belə şəraitdə sovet rejimi 1990-cı ilin 19 yanvar günü Bakıda fövqəladə vəziyyət elan etdi. Bu barədə əmrin gecə yarısı həyata keçirilməsi gözlənərkən, hələ saat 20:00 olmadan Azərbaycan Televiziyası SSRİ xüsusi təyinatlıları tərəfindən partladıldı. Məqsəd xalqa xəbər vermədən onlara silahlı hücum etmək, küçədəki insanları qətlə yetirmək idi. Sovet ordusunun yanvarın 19-dan 20-nə keçən gecə odlu silahlardan istifadə edərək Bakıya girişi nəticəsində 137 nəfər şəhid olmuş, təxminən, 700 adam yaralanmış, bir çox mülki insan isə həbs edilmişdir. Əksəriyyəti xalq hərəkatının iştirakçıları olan vətəndaşlar isə bu işğala qarşı əlindən gəldiyi qədər müqavimət göstərməyə çalışmışdır.

 

Tibbi ekspertiza nümayəndələri cəsədlərə baxış keçirərkən, əsgərlərin dinc əhaliyə qarşı xüsusi təyinatlı güllələrdən istifadə etdiyini müəyyənləşdirmişdir. Müvafiq dairələrdə aparılan araşdırmalara görə, əsgərlərin istifadə etdiyi MJV-13 tipli mərmilərin ağırlıq mərkəzi dəyişdirilmişdir. Bu isə güllənin maneəyə rast gəldiyi zaman gediş istiqamətini dəyişməsinə səbəb olur. Bu tip güllələrin insan bədəni ilə təması əsnasında mərmi üzərindəki qabığın parçalanması və nüvədən ayrılması nəticəsində zərər gücü xeyli artırdı (Yasin Aslan, Azerbaycan Tam Bağımsızlık Yolunda, s.49).

 

Rus ordusu Bakının ardınca Naxçıvana, Lənkərana və bəzi digər bölgələrə də girdi. Qorbaçov Azərbaycan ərazilərinə əsgər göndərərkən Gəncə ətrafında və Xanlar rayonunda hücuma keçən ermənilərə qarşı heç bir silahlı hərbi müdaxilə etməmişdir. Qorbaçovun bu siyasəti digər müsəlman dövlətlərə tətbiq olunan siyasətin də əsasını təşkil edirdi. Xristian Qərb dünyasının diqqətini çəkmək istəməyən Moskva ermənilərə müdaxilə etməmiş, lakin məsələyə ikili standartlardan yanaşaraq, eyni mövqeyi Azərbaycana qarşı göstərməmişdir (“Bakü’de Halk Rus Askerleri İle Çarpışıyor”, Türkiye Gazetesi, 20.01.1990; “Kızıl Ordu Bakü’de Kan Döküyor”, Tercüman Gazetesi, 20.01.1990).

 

Azərbaycan SSR Ali Soveti qırğını araşdırmaq üçün komissiya təşkil etmiş, komissiyanın qərarı ilə azərbaycanlılara qarşı çox böyük bir cinayət işləndiyini, SSRİ prezidenti Qorbaçovun, Yazovun, Kryuçkovun məsul olduqları da bu hesabatda qeyd edilmişdir. Bu qətliamın məqsədinin başlıca olaraq, Azərbaycan milli azadlıq hərəkatına zərbə vurmaq olduğu aşkar görünür. Qarabağ müharibəsi ilə birlikdə yurdlarından köçürülən azərbaycanlıların sovet hakimiyyətinə qarşı narazılığı gündən-günə artmışdır. Eyni zamanda təbii sərvətlər baxımından zəngin olan Azərbaycanın müstəqillik qazanması sovet hökuməti üçün son dərəcə arzuolunmaz bir hadisə idi. Bu səbəbdən sovet rejimi Azərbaycanda yüksələn müstəqillik hərəkatını nə yolla olursa-olsun yatırmaq, sovetlərə bağlı digər respublikaların heç vaxt müstəqillik hərəkatına can atmamaları üçün onlara da bir ibrət dərsi vermək qərarına gəlmişdi. Bu fikir əsasında Qanlı Yanvar qırğını baş verdi. Ancaq bu vəziyyət əks-təsir göstərdi və bundan sonrakı prosesdə digər respublikalar da “növbə bizə də gələcək” qorxusu ilə hərəkətə keçdi. 1991-ci ildə onların hamısı müstəqilliklərini elan etdilər. Beləliklə, qanlı Bakı hadisələrini planlaşdıran və həyata keçirənlərlə yanaşı, totalitar kommunist sistemi və onu təmsil edən Sovet İttifaqı Kommunist Partiyasının oliqarxiya liderliyi, DTK, Daxili İşlər Nazirliyi və həmçinin partiya, dövlət təbliğat maşını əsas cinayətkarlar sayılmalıdır (Yasin Aslan, Azerbaycan Tam Bağımsızlık Yolunda, s.52).

 

Hadisələrin inkişafı Azərbaycanda xalq hərəkatının daha da genişlənməsini və güclənməsini təmin etdiyi kimi, ölkədə müstəqillik istəyini daha güclü bir şəkildə gündəmə gətirdi. Bu proses Azərbaycanı müstəqilliyə aparacaq olan xalq hərəkatının da təşkilatlanmasını və güclənməsini təmin etdi. Nəhayət, hadisələrin böyüməsi səbəbindən Azərbaycan Kommunist Partiyasının birinci katibi Ə.Vəzirov ölkəni tərk etmək məcburiyyətində qaldı.

 

Heydər Əliyevin faciəyə qarşı mövqeyi

 

1923-cü ildə Naxçıvanda dünyaya gələn Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etmiş, daha sonra isə beş il  SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuşdur. Dağlıq Qarabağ münaqişəsinin başlaması ilə davam edən proseslərdə Heydər Əliyev SSRİ-nin siyasətini tənqid edən mövqedən çıxış etmişdir. 1991-ci ilin iyun ayında Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyündən istefa vermiş, 1991-1993-cü illər arasında Naxçıvan Muxtar Respublikası Ali Sovetinə sədrlik etmiş, həmçinin 1992-ci ildə Naxçıvanda keçirilən partiya qurultayında Yeni Azərbaycan Partiyasının sədri seçilmişdir. 1993-2003-cü illərdə isə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olmuşdur.

 

Bəhs etdiyimiz gərgin və təlatümlü bir dövrdə Heydər Əliyev Azərbaycan tarixində çox mühüm rol oynayan, Azərbaycan xalqının qəlbində böyük ağrı hissi oyadan, eyni zamanda Azərbaycan xalqının imperiya siyasətinə qarşı haqq davasında çox əhəmiyyətli yeri olan Qara Yanvar qırğını ilə bağlı Moskvada çıxış etmişdir.

 

Belə ki, 21 yanvar 1990-cı ildə Heydər Əliyev Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə gələrək, bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi. Görkəmli dövlət xadiminin bəyanatında deyilirdi:

 

“Əziz həmvətənlərim, xanımlar və cənablar!

 

Bildiyiniz kimi, uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləmiş, Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuşam. Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, pensiyadayam. Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı Daimi nümayəndəliyinin astanasına qədəm qoyuram. Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.

 

 

Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Vaxtımızın məhdudluğundan bu məsələlərin üzərində ətraflı dayanmaq istəmirəm.

 

Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi.

 

Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.

 

Bunlar üçün, ilk növbədə, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir. Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdür. Söhbət, əslində, Vəzirovun istefasından gedirdi. Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır? Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan, əslində, qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə, sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi. Ancaq iş təkcə bununla bitmir.

 

İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş və bu gün də davam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir.

 

Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi. İki-üç ay əvvəl Azərbaycan partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilsə idi, vəziyyət gərginləşməz, ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə, hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir. Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur.

 

Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər.

 

Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar. Yeri gəlmişkən deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yatırtmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir?

 

Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdır.

 

Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır.

 

1. 21 yanvar 1990-cı il, Moskva” (Heydər Əliyev: “Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır” (Moskva, 21 yanvar 1990-cı il), “Azərbaycan” qəzeti, 20.01.2010, s.2).

 

Nəticə

 

Heç şübhə yoxdur ki, 20 yanvar 1990-cı il hadisələri Azərbaycan Respublikasının müstəqilliyə gedən yolunda ən böyük sınaqlarından biri olmuş və Azərbaycan xalqı bu sınaqdan üzüağ, alnıaçıq çıxmağı bacarmışdır. Hadisənin ertəsi günü Heydər Əliyevin imperiya mərkəzi olan Moskvada mətbuat konfransı keçirməsi, sovet rejimini ifşa etməsi və həqiqəti dünya ictimaiyyətinə çatdırması da bu yolda böyük bir cəsarət nümunəsi olmuşdur.

 

16 dekabr 1999-cu il tarixdə Azərbaycan Prezidenti Heydər Əliyev 20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında fərman imzalayaraq bu günün xatirəsinə dövlət səviyyəsində lazımi hazırlıq və mərasimlərin keçirilməsi barədə göstəriş vermişdir. 20 Yanvar qətliamı hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir və dövlət səviyyəsində tədbirlər keçirilir. Şəhidlərin dəfn edildiyi Şəhidlər Xiyabanı dövlətin yüksək səviyyəli rəsmi şəxsləri və xalq tərəfindən ziyarət edilir.

 

Bu gün Rusiya Federasiyası özünü qətliamın səbəbkarı olan SSRİ-nin varisi kimi görür. Uzun müddət 20 Yanvar faciəsinə lazımi diqqəti göstərməyən Rusiya Federasiyası dövlət rəsmilərinin bu qətliama dair mövqelərində V.V.Putin dövründə müsbət dəyişikliklər görünür. Rusiya Federasiyasının prezidenti Vladimir Putin 2001-ci ildə Azərbaycanda səfərdə olarkən Şəhidlər Xiyabanını ziyarət edərək əklil qoymuş, şəhidlərin xatirəsini sükutla yad etmişdir.

 

Ragıp KİRAZ
 
Kastamonu Universiteti Fən-ədəbiyyat fakültəsi Tarix bölümünün 4-cü kurs tələbəsi


18.01.2019 | 10:18