Hamımız müəllim olmalıyıq

Nədən uşaqlar məktəbdə deyil, ondan kənarda daha çox öyrənməyə meyillidirlər? Nə səbəbdən indinin uşaqları dərslərdə imtahanlar və qaydaları deyil, azadlığı çox qiymətləndirirlər? Bu sualların cavabı birdir: sənaye inqilabının nəticəsi olan hazırkı təhsil sistemi informasiya əsrinin yetirmələri - yeni nəslin nümayəndələri üçün maraqlı gəlmir. Təhsil mütəxəssislərinin yeni sistemə dair mövqeyi yekdildir: təhsil müəssisəsi şagirdə və tələbəyə tək nəzəri biliklər deyil, praktiki bacarıqlar da verməlidir.

 

İşgüzar əyləncə

 

1999-cu ildə Mexikoda meksikalı iş adamı Xavyer Lopes Ankona tərəfindən “məktəb-attraksion”un  əsası qoyulur. Bu layihə o qədər populyarlıq qazanır ki, dünyanın müxtəlif ölkələrində də açılır. Hazırda 21 ölkədə fəaliyyət göstərən  “KidZania” tam məktəb deyil. Ancaq heç əyləncə də sayılmır. 4-14 yaşında uşaqlar burada işgüzar oyunlarla məşğul olurlar.

 

Bu qeyri-adi şəhərciyə düşmək üçün uşaq sanki hava limanlarında olduğu kimi böyük bir dəhlizdən keçib şəhərin xəritəsini, özünün bank hesabını, sığortasını və nömrəli bilərziyini alır. Bilərzikdə onun seçdiyi peşə qeyd olunur. Peşəni uşaqlar özləri seçirlər. Ancaq kim çətinlik çəkirsə, “Məşğulluq mərkəzi”ndə testdən keçdikdən sonra peşəsi barədə məsləhətlər də ala bilər. Bu, bir növ peşə seçimidir, uşağa hansı sahədə daha çox uğur qazana biləcəyi, yaxud hansı sənətin ona maraqlı olacağı barədə məsləhətlər verilir. Mütəxəssislərin fikrincə, uşaqların belə peşə seçimləri onların gələcək həyatlarında ciddi rol oynaya bilər, kim bilir, bəlkə kimsə elə sonralar da bu seçiminin arxasınca gedəsi oldu.

 

“KidZania” müxtəlif dərnəklər və master-klasslardan imtina edir. Şəhərciyin öz qaydaları var: uşağa real istehsal prosesinə daxil olmaq təklif edilir. İşinin müqabilində o, əməkhaqqı da alır. Yerli “valyuta” “kidzo”dur. Ancaq iş pul qazanmaqla bitmir, onu xərcləməyə yer və bacarıq da lazımdır. Uşaq qazandığı pulla nə edə bilər? Sürücülük kurslarına yazılıb avtomobil ala bilər, ekstremal məşğuliyyətləri sevən varsa, alpinistlik edər. Qızlar yerli gözəllik salonlarına getsinlər, rəqs, rəsm sənətinə yiyələnmək istəyən varsa, pulunu bu istiqamətdə xərcləyə bilər və s.

 

Küçə və meydanlar istənilən ciddi şəhərdə olduğu kimi, bütün infrastrukturla təmin olunub: poçt, restoranlar, mağazalar, gözəllik salonları, teatr və telemərkəz, tibbi yardım və yanğınsöndürmə xidməti, işıqforlar və ən vacib olanı - tullantı qutuları. Şəhərin təmizliyi hər bir sakinin başlıca məqsədidir! 7 yaşınadək uşaqlar şəhərciyə mütləq halda valideynlə gəlməlidirlər. Nə qədər ki, onlar məşğuldurlar, valideynlər də boş oturmur, alış-veriş dalınca gedə, yaxud kafelərdən birində oturub övladlarını gözləyə bilərlər. Yeri gəlmişkən, valideyn ona verilmiş qadcet vasitəsilə uşağının fəaliyyətini izləməkdə azaddır. 

 

Təhsil fərdiləşməlidir

 

“KidZania” əyləncə və peşə şəbəkələrinin beynəlxalq təhsil proqramları üzrə direktoru Ger Qrausun fikrincə, məktəb həftədə 5 gün səhər saat 8-dən axşam 17-dək işləyir. Təhsil isə daha geniş anlayışdır, o, doğulandan ölənədək yaşadığımız təcrübə və həyəcanların bir növ məcmusudur. Məktəbin əsas vəzifəsi bu təcrübələrdən irəli gələrək uşaqları gələcək həyatlarında rastlaşa biləcəkləri vəziyyətlərə hazırlamaqdır. Ancaq təəssüf ki, zaman keçdikcə, məktəb reallıqdan daha uzaq düşür. Uşaqlara riyaziyyat, coğrafiya, tarix, fizika barədə bilik verilir, ancaq gerçək həyatda tətbiq etməyə şərait yaradılmır. “Mən həmişə uşaqlardan soruşuram ki, niyə məktəbə gedirsiniz? Və həmişə eyni cavabı alıram: Çünki buna məcburam! Məncə, bu, heç də yaxşı cavab deyil” - deyə Qraus təəssüfünü gizlətmir.

 

Qraus hesab edir ki, hətta uşaqlarla müəllimlər arasındakı ünsiyyət də formal münasibətlər əsasında formalaşır: “Bir dəfə müəllimlərdən soruşdum ki, uşaqları nə qədər yaxşı tanıyırlar? Hamısı cavab verdi ki, hər bir şagirdin fəndən aldığı qiymətləri əzbər bilirlər. Onda soruşdum ki, bəs hansı şagirdləriniz çips yeməyi sevir, yadınızdadırmı? Hamısı bir-birinə baxıb susdular. Biz təəssüf ki, uşaqları daimi test nəzarətində saxlayır, ötən həftə nə öyrəndiklərini və bunu necə yadda saxladıqlarını bilmək istəyirik. Yəni 11 illik təhsilin əsas amalı budur?”. G.Qraus da bu qənaətdədir ki, bizim təhsil sistemi sənaye inqilabına xidmət etmək üçün yaradılıb. Onun əsas məqsədi, misal üçün, 2 min nəfərin hansısa işi həyata keçirməsini təmin etməkdir. İndi isə biz sahibkarlıq və informasiya dövründə yaşayırıq. Uşaqlarımızın uğurlu olmalarını istəyiriksə, təhsili fərdiləşdirməliyik.

 

Artıq heç kimə sirr deyil ki, uşaqlar məktəbdən kənarda daha yaxşı və daha çox öyrənirlər. Dörd divar arxasındakı siniflər aktuallığını itirib. Savadlı müəllimin əsas məqsədi uşağa elə bir tədris mühiti tapmaq və seçmək olmalıdır ki, orada özünü və ətrafındakı dünyanı daha dərindən və ən əsası, asan dərk edə bilsin. “Uşaqlara azadlıq vermək lazımdır. Uşağın bir dəfə yıxılıb yenidən ayağa durmasında pis heç nə yoxdur. Mənim sevimli futbolçum Yohan Kroyf deyirdi: “Küçələrdə oynamaq məktəb fənni olmalıdır”. Hazırda İngiltərədə bir çox parklarda topla oynamağa icazə vermirlər. Yəqin bu səbəbdən İngiltərə çoxdandır çempion ola bilmir”, - deyə Qraus şikayətlənir.

 

Mançester hava limanının yaxınlığında 30 məktəb var. Burada oxuyan uşaqlar nəqliyyat barədə məlumatı yalnız kitablardan və müəllimlərin dediklərindən öyrənirlər. Halbuki hər gün başlarının üstündən yüzlərlə təyyarə uçur, yanlarından isə qatarlar o tərəf-bu tərəfə şütüyür: “Müəllimlərə deyirəm ki, uşaqları çıxarın küçəyə, qoyun öz gözləri ilə görsünlər. Mənə cavab verirlər ki, yağış yağar, islanarlar. Deyirəm, o halda siz onlara təbiət barədə ətraflı məlumatlar verə bilərsiniz”. Qrausun sözlərinə görə, uşaqlar yalnız təsəvvürləri olan şeylər barədə arzular və fantaziyalar qura bilərlər. Britaniyada yaşayan uşaqların 13%-nin evdə bir kitabı belə yoxdur. Onlardan şair, yazıçı, yaxud kitab mağazasının sahibi çıxarmı? İl ərzində nəşriyyatlar satılmamış tonlarla kitabı yenidən kağız istehsalına yönəldirlər. Ancaq heç kim bu kitabları yük maşınlarına yığıb uşaqlara paylamaq barədə düşünmür.

 

Uşaqlara nağıl danışmayın, şərait yaradın

 

Qrausun fikrincə, məktəbin əsas məqsədi hər bir uşağa savad və bilik almaq üçün bərabər və ədalətli şərait yaratmaqdan ibarət olmalıdır. Təəssüf ki, real həyatımızda həyat seçimimizin genişliyi və rəngarəngliyi maliyyə amilindən çox asılıdır. Ancaq hər halda uşaqlara lazımi təcrübəni qazanmaları üçün mümkün qədər köməklik etmək lazımdır. Qrausun resepti belədir: “Biz uşaqlarımıza onların qarşısında gələcəkdə hansı imkanların açılacağına dair nağıllar danışmağı dayandırmalıyıq. Kim həkim olacaq, kim isə veterinar. Bunun əvəzinə onlara elə bir şərait yaratmalıyıq ki, gələcəklərinə dair seçimlərini özləri edə bilsinlər”.

 

Bu yolda müasir texnologiyalar bizə çox köməklik edə bilər. Ancaq elə etmək lazımdır ki, bütün ailələr və onların övladlarının bu yeniliklərə çıxışı olsun. Yoxsa varlının uşağında olacaq, digərində isə yox. Bu isə bir daha bərabərsizlik deməkdir. “KidZania”da hər bir uşağa peşə seçimi və pul qazanmaq üçün bərabər şərait yaradılır. Onların fəaliyyəti və uğurları isə analiz edilir.

 

Statistika göstərir ki, bir çox stereotiplər uşaqlarda adətən 4 yaşından etibarən möhkəmlənməyə başlayır. “KidZania”da təyyarəçi peşəsini seçmiş oğlanların 90%-i pilot olmaq istəyir. Qızların 90%-i isə xidmət personalı. Yəni bu stereotip onlara cəmiyyət tərəfindən artıq aşılanıb. Qrausun fikrincə, cəmiyyət körpələrə zorla öz mövqeyini qəbul etdirməməlidir: “Şeffilddə mənim evimin yanında uşaq meydançası var. Mən həmişə orada eyni mənzərəni müşahidə edirəm: qız uşağı oyun kompleksinə yaxınlaşanda, böyüklərin hamısı bir ağızdan “Ehtiyatlı ol!” deyir. Oğlan yaxınlaşanda isə “İrəli!”. Əgər biz uşaqla iki yaşında bunları ediriksə, onların 10 yaşlarında özlərini dəyərləndirmələri hansı səviyyədə olacaq?”.

 

Biznes nümayəndələri şikayətlənirlər ki, vakansiya axtaranların kifayət qədər savad və bacarıqları yoxdur. Ancaq onlar uşaqlara, gələcək işçilərinə müraciət etmirlər. Məktəblərlə birlikdə daha effektiv təhsil planlarının hazırlanmasında iştirak edən iş adamlarının sayı həddindən ziyadə azdır. Qraus hər il “KidZania”nın 20-30 parkında olur və məktəb direktorları, pedaqoqlar, valideynlərlə söhbətlər edir. Onların hər birinə izah etməyə çalışır ki, hətta cəmiyyətin təzyiqləri və maliyyə sıxıntıları fonunda belə, hər bir uşağa öz şəxsi tarixini yazmağa şərait yaratmaq mümkündür: “Burada məktəbin heç bir dəxli yoxdur, biz hamımız müəllim olmalıyıq. Hər bir uşağın gələcəyinə dair məsuliyyəti böyüklər daşıyır. Biz vergiləri ödəyib gözləyirik ki, yeni nə baş verəcək, dövlət, məktəb nə edəcək. Əslində isə şikayətlənməyi dayandırıb, uşaqların savadlı gələcəyi üçün özümüz nələrisə etməliyik”.

 

Rüstəm QARAXANLI



25.01.2019 | 10:43