BSU-da Gənclər Günü qeyd edilib

Yanvarın 30-da Bakı Slavyan Universitetində 2 fevral-Azərbaycan  Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə  çıxış edən Elmi işlər üzrə prorektor, professor Rafiq Novruzov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi sahəsində müəyyən etdiyi strateji addımlar onun layiqli davamçısı  İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində reallığa çevrilib. Prorektor ulu öndər Heydər Əliyevin gənclərə daim qayğı ilə yanaşdığını, Gənclər Gününün də həmin qayğının təzahürü olduğunu bildirib. R.Novruzov  gənclərin öz fəaliyyətləri ilə bu etimadı hər an doğrultduğunu və Prezident İlham Əliyevi daim dəstəklədiklərini, onun rəhbərliyi altında dövlətçiliyimizin keşiyində mətanət və ləyaqətlə dayandıqlarını vurğulayıb. Professor müstəqilliyin böyük nemət olduğunu deyib və hər bir gənci müstəqilliymizin qorunması sahəsində üzərinə düşən vəzifəni yerinə yeirməyə çağırıb.

 

Tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova çıxışında Gənclər Gününün yaranma tarixi barədə qısa məlumat verib.  Qeyd edib ki, Bakı Slavyan Universitetinin gəncləri ölkəmizdə keçirilən bütün daxili və beynəlxalq miqyaslı tədbirlərdə könüllü olaraq fəal iştirak edirlər.

       

Tədbir çərçivəsində universitetin ictimai həyatında fəal iştirakına görə fərqlənən 30 tələbəyə təşəkkürnamə təqdim olunub. Sonra II kurs tələbəsi Səfiyyə Mustafayeva BSU-nun Mətbuat Xidmətinin rəhbəri, dosent İbrahim  Quliyevin müəllifi olduğu "Azərbaycan gəncləri" şeirini səsləndirib.

 

Tədbirin davamında Gənclər Günü ilə bağlı məruzələr dinlənilib.  

 

Sonda BSU tələbələrinin ifasında vətənpərvərlik ruhlu şeir və mahnılar səsləndirilib.



31.01.2019 | 14:39