“Lənkəranda ən müasir universiteti quracağıq”

Lənkəran Dövlət Universitetinin fəaliyyəti müstəqillik dövrünü əhatə etsə də, inkişafı son illərdə Azərbaycanda, o cümlədən təhsil sahəsində gedən böyük prosesin nəticəsidir. Universitetdə inkişafa yön verən isə rektor əvəzi, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimovdur.

Rektor vəzifəsini icra etməyə başlayandan keçən müddətdə Lənkəran Dövlət Universitetində görülən işləri indi ölkəmizin ən sanballı, nüfuzlu, hətta adı beynəlxalq reytinq cədvəllərinə düşən universitetləri ilə müqayisə etmək mümkündür.

LDU-da rektor vəzifəsini icra edən Natiq İbrahimov “Azərbaycan müəllimi” qəzetinə vəzifəsinin icrasına başlayandan bəri qarşısına çıxan problemlərdən, universitetin həyatında baş verən yeniliklərdən, dəyişən təhsil mühitindən danışıb.

 

Tələbələrimizi əsl təhsil ab-havasında qəbul etdik

 

- Artıq 3 ilə yaxındır ki, Lənkəran Dövlət Universitetinə rəhbərlik edirsiniz. Qarşınıza qoyduğunuz hədəfə nail ola bilirsinizmi?

- Lənkəran Dövlət Universiteti 1991-ci ildən BDU-nun filialı kimi, 1992-ci ildən Universitet kimi fəaliyyət göstərir. Ancaq bir neçə il öncəsinə qədər universitetin həm maddi-texniki bazasında, həm kadr potensialında, həm də laborator təchizatında, eləcə də təhsilin keyfiyyətində ciddi çatışmamazlıqlar mövcud idi. 2016-cı ildə universitetə göndəriləndə qarşıma məqsəd qoyulmuşdu ki, bu vəziyyəti dəyişim. Lənkəranda bir universitet olduğu bu təhsil müəssisəsinin fəaliyyətindən aydın görünməlidir. O qədər problem vardı ki, həllinə hansından başlayacağıma qərar verməkdə çətinlik çəkirdim. Çünki həllini gözləyən problemlərin hər biri bir universiteti ayağa qaldırmaq üçün çox önəmli idi. Təsəvvür edin ki, bir korpus vardı, hətta üçnövbəli sistemlə də orada tələbələri yerləşdirmək mümkün deyildi. Yer çatışmazlığı bu korpusla bağlı yeganə problem deyildi. Ətrafa yayılan xoşagəlməz iy səbəbindən oturub iş görmək mümkün deyildi. Təhsilin keyfiyyətinin artırılması istiqamətində nəzərdə tutduğumuz böyük islahatları bir kənara qoyub bu problemin həllindən başlamalı olduq. Belə bir şəraitdə necə keyfiyyətli təhsil vermək olar ki? Üfunətin mənbəyini araşdıranda öyrəndik ki, sən demə, çirkab suları binanın zirzəmisinə axır. Odur ki, yay semestri başlayan kimi həmin binanın və mikrorayonda yerləşən yararsız binanın əsaslı təmirinə başladıq. Yeni tədris ilinə mövcud binanın təmiri, ikinci tədris korpusunun açılışı ilə başladıq və növbəti dərs ilinə təmiri başa çatdırıb tələbələrimizi əsl təhsil ab-havasında qəbul etdik. Amma yer çatışmazlığını həll etmək mümkün olmadı. 2018-ci ildə də bu problemi həll etmək üçün yollar axtardıq. Mövcud binanın yanında əlavə korpus tikmək üçün imkan vardı və bu imkandan yararlanmağa qərar verdik. Tikintiyə başlamaq üçün söküntü işləri başladı. Çünki orada yarımtikili vardı. 80-ci illərdə texnikum üçün tikilən bina yarımçıq qalmışdı. Yarımçıq binanı kol-kos basmış, köhnə armaturlar, betonlar yığılıb qalmışdı illərlə. Təsəvvür edirsinizmi, həmin tör-töküntünün altından nə qədər ilan çıxdı? Təmizlik işləri xeyli vaxt apardı. Sonra yeni korpusun tikintisinə başladıq. Planımıza görə, növbəti tədris ilinə iki yeni korpus təhvil verəcəyik. Həm birinci korpusa əlavə olaraq tikilən, barəsində danışdığım bu bina hazır olacaq, həm də yataqxana ilə eyni yerdə tikilməkdə olan tədris korpusu. Bu binanın da tikintisinin başlanması oradakı söküntü işlərinə görə xeyli gecikdi. Ancaq hesab edirəm ki, həmin binanı nəzərdə tutulduğu vaxtda istifadəyə vermək mümkün olacaq. 

- Təcrübənizdən belə görünür ki, burada daş üstə daş qoymaq üçün əvvəlcə sökmək lazım gəlib?

- Söz ki, sökülməkdən düşdü, söküləcək daha bir binamız da vardı. Universitetin çox bərbad vəziyyətdə olan qonaq evi sökülməliydi. Bunun üçün FHN-ə müraciət etdik, ancaq köhnə bina olması səbəbindən rədd cavabı aldıq. Məcbur olub binanı təmir etdik. Həmin binanı Turizm fakültəsinin turizm bazasına çevirdik. Qonaq evi hazırda turizm bazasından əlavə, həm də otel kimi fəaliyyət göstərə bilər. Otellə bağlı da çox böyük planlarımız var. Hazırda respublika və beynəlxalq miqyaslı hər hansı tədbir keçirsək, qonaqlarımızı burada tam yerləşdirmək imkanımız var. Bunu 2017-ci ilin yayında sınaqdan da çıxartdıq. Universitetin təşkil etdiyi beynəlxalq tədbirə qatılmaq üçün xaricdən gələn bütün qonaqlarımızı burada yerləşdirdik. Düzdür, otel kimi hələlik tam gücü ilə işləmir, universitetin xeyrinə qazanc gətirmir. Ancaq gələcəkdə buna nail olacağımızı düşünürəm. Nəzərdə tutmuşuq ki, müdirindən və təmizlik işçilərindən savayı bütün işləri tələbələr görsün. Tələbələrimiz qonaq olub-olmamasından asılı olmayaraq, hər gün otelə gedirlər. Qida mühəndisliyi və turizm ixtisasları üzrə təhsil alan tələbələrimiz burada təcrübə keçir, ixtisasları üzrə xidmətləri öyrənirlər.

 

Elektron sistemə keçildi

 

- Tədrisdə vəziyyət necə idi? Nəyi dəyişə bildiniz, nə qaldı?

- Yeni standartlara uyğun tədris planları işlənilməli idi. Ali təhsil müəssisələrində həyata keçirilən və artıq köhnələn bir çox tətbiqlər Lənkəran Dövlət Universitetinə hələ gəlib çatmamışdı. Özünüz təsəvvür edin, yenicə rektor vəzifəsinin icrasına başlamışam, laborantlardan biri yarım gün icazə almaq üçün qəbula gəlib. Təəccübləndim ki, icazə üçün rektora müraciət etmək lazımdır? Gördüm ki, bu təhsil müəssisəsinin işlək strukturu yoxdur. Odur ki, məsləhətli şəkildə xarici təcrübədən də yararlanaraq işlək struktur yaratdıq. Çox operativ bir struktur oldu. Həmin struktura daxil olan bölmələrin əsasnamələrini yazıb təsdiq etdik və hər birinə öz əsasnaməsini təqdim etdik. Universitetin kafedraları ixtisaslara uyğunlaşdırıldı. Bu struktur islahatları ilə yeni universitet həyatının əsasını qoyduq. İndi hər kəs öz işini, vəzifəsini, məsuliyyətini bilir. Bu struktur həm də optimaldır. Ona görə xərclərimiz də qənaətli olur. Yəni, heç kimi işdən çıxartmadan strukturu optimallaşdırdıq. Bu islahatlar çərçivəsində tyutor xidməti yaratdıq. O vaxta qədər bu təhsil müəssisəsində tyutor xidmətinin nə olduğunu belə bilmirdilər. Bakıdan mütəxəssis dəvət edib kurslar təşkil etdik. 2 aylıq kurs nəticəsində sertifikat alanları işə götürdük. Düzdür, işə götürülən həmin şəxslər bu sahədə təkmilləşəndən sonra digər universitetlərə getdilər. Bu da normaldır. Əsas odur ki, universitet bu sahədə də kadr yetişdirmiş oldu və gedən kadrlara görə özümüzdə boşluq yaranmadı. Çünki artıq universitetin tyutor xidməti qurulub, elektron sistemə keçilib. Universitet saat mexanizmi kimi işləyir. Artıq tədris proqramı da dəyişdirilərək müasir proqramlara uyğunlaşdırılıb. Bəzi ixtisaslar üzrə isə BDU, ADPU, ADİU, ADNSU ilə eyni proqram üzrə mütəxəssis hazırlığı aparılır. Növbəti semestrdən isə ADİU ilə müəllim və tələbə mübadiləsinə qərar verilib. Ancaq tətbiq etmək istədiyimiz çox şey qalıb. Yavaş-yavaş Lənkəranda ən müasir universiteti quracağıq.

- Yeni struktur yaradarkən, ya da hər hansı islahata başlamadan kiminlə məsləhətləşirsiniz? Rektorun məsləhətçisi kimdir?

- Mənim məsləhətçi müşavirim var - professor Mikayıl Məhərrəmov. Tədrislə bağlı məsələlərdə tədris işləri üzrə prorektorla müzakirə edib qərar verirəm. Bir çox hallarda İctimai Şuranın sədri ilə məsləhətləşmələrimiz olur. Onunla ayda azı bir dəfə görüşürəm. Cəmiyyətdə olan siqnalları birgə müzakirə edirik və işimi ona uyğun qururam. Gördüyümüz işlərin necə qarşılandığını, necə qəbul edildiyini də məhz bu görüşlərdə müəyyənləşdirirəm. Elə bu görüşlərdən bilirəm ki, LDU-da həyata keçirdiyimiz dəyişikliklər müsbət reaksiya doğurur.

- Təkbaşına qərar vermirsiniz?

- Niyə ki? Elə qərarlar var ona məşvərət lazım deyil, mənim səlahiyyətim daxilindədir. Universitetdə işə qəbulu həyata keçirən komissiya fəaliyyət göstərir. Daxil olan müraciətləri komissiya dəyərləndirir və həmin şəxsləri müvafiq vəzifələrə onlarla məsləhətləşərək təyin edirəm.

 

Gələcəyin müəllimləri müasir laboratoriyalarda, aqronomları plantasiyalarda formalaşır

 

- Ölkədə pedaqoji kadr hazırlayan təhsil müəssisələrinin özünəməxsus öhdəliyi var. Yəni, yaxşı müəllimi, sadəcə tədris proqramını yeniləməklə yetişdirmək mümkün olmur...

- Əlbəttə. Ölkədə bu sahədə böyük işlər görülür. Müasir tələblərə cavab verən pedaqoji kadrların hazırlanması son 5 ilin ən əsas tələblərindəndir. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının əsas istiqamətini təşkil edən bu məsələ bizim də əsas vəzifəmizdir. Vəzifəmizin öhdəsindən gəlmək üçün işə başladığım ilk gündən müvafiq addımlar atmışıq. Bu addımlardan biri kadr hazırlığında xüsusi əhəmiyyət kəsb edən laboratoriyalardır. Müəllim hazırlığının keyfiyyətini artırmaq məqsədi ilə elə ilk iş günümdən etibarən laboratoriyaların təşkilinə diqqət edirəm. 2 laboratoriyanı vəzifənin icrasına başlayan kimi qurduq. Sonradan daha 4 laboratoriya və 4 kabineti də tələbələrimizin istifadəsinə verdik. “Baytarlıq cərrahiyyəsi”, “Aqrokimya” və “Torpaqşünaslıq” laboratoriyaları isə tezliklə qurulacaq. Onu da qeyd edim ki, universitetimizdə olan kimya və biologiya üzrə müəllim hazırlığını təmin edən laboratoriyalar ölkənin digər ali təhsil müəssisələrinin heç birində yoxdur.

- LDU-da neçə ixtisas üzrə tədris təşkil edlib?

- Hazırda universitetimizdə 27 ixtisas üzrə tələbə, 19 ixtisas üzrə magistr hazırlığı həyata keçirilir. 2017-2018-ci tədris ilindən 12 ixtisas üzrə doktorantura və dissertantura pillələrində də təhsil təşkil olunub. Ölkə rəhbərinin tapşırığı ilə LDU-ya aqrar və kənd təsərrüfatı ixtisasları da verilib. Regionların inkişafını təmin etmək istiqamətində hazırlığı həyata keçiriləcək həmin ixtisaslar üzrə təhsilin təşkilini səmərəliləşdirmək məqsədi ilə Rusiya istehsalı olan cərrahiyyə kabineti alınıb. 4 yeni laboratoriya qurulub. “Baytarlıq”, “Qida məhsulları texnologiyası”, “Qida təhlükəsizliyi və ekologiyası” laboratoriyaları İngiltərə, Amerika, Çin, Rusiya istehsalı olan cihazlarla tam təchiz olunub. Qida və qida təhlükəsizliyi laboratoriyaları qida mühəndisliyi ixtisası üzrə kadrların hazırlanması məqsədi ilə qurulub. Baytarlıq, aqronomluq, torpaqşünaslıq, qida mühəndisliyi üzrə təhsil alan tələbələrin istifadə edəcəyi bu laboratoriya nəzəri biliklərin təcrübədə tətbiqini öyrətmək baxımından universitet üçün çox böyük əhəmiyyət daşıyır. Magistrlər, həmçinin doktorantlar da laboratoriyalardan istifadə edəcəklər. Laboratoriya onların tədqiqat işini maksimum səmərəli apara bilməsinə kömək edəcək.

- Həmin laboratoriyalardan tələbələr istifadə edə bilirlərmi? Ən əsası, müəllimləriniz yeni və müasir avadanlıqlardan istifadə etməyi öyrəniblərmi?

- Laboratoriyada işləyə bilmək üçün avadanlıqları istehsal edən firmanın mütəxəssisləri universitetin müəllimləri üçün treninqlər keçdilər. Həmin treninqlərdə iştirak edən müəllimlər laboratoriyada iş zamanı tələbələrinə kömək edə bilirlər.

- Müasir universitetlər müxtəlif yollarla gəlir əldə edir, hətta tələbələrin təhsil haqqına ehtiyac duymurlar. Sizcə, qurduğunuz müasir laboratoriyalar universitetin gəlir mənbələrindən birinə çevrilə bilərmi?

- Şübhəsiz. Gələcəkdə laboratoriyaların universitetin gəlir mənbələrindən birinə çevrilməsi üçün əlimizdən gələni edirik. Məsələn, “Qida mühəndisliyi” laboratoriyasına qidanın tərkibini müəyyən etmək üçün bütün cihazlar gətirilib. I kurslar ikinci semestrdən başlayaraq laboratoriyadan istifadə edirlər. Yuxarı kurslarda təhsil alan tələbələrimiz bu laboratoriyaların çoxdan daimi istifadəçisinə çevriliblər. Doktorantura pilləsinədək bütün tələbələrimizin ən çox işlədiyi otaq məhz bu laboratoriyadır. Laboratoriyada azot birləşmələrini, nitratın miqdarını müəyyənləşdirmək, ya da modifikasiya olunmuş məhsulu ayırd etmək çətinlik törətməyəcək. Eyni zamanda, həmin laboratoriyaların imkanlarından həm fermerlər, həm də regionda yerləşən digər müəssisə və təşkilatlar yararlana bilərlər. Laboratoriyalar ixtiyari məhsulun tərkibini tam təyin etmək qabiliyyətindədir. Eyni zamanda, torpağın tərkibini tam öyrənərək fermerlər üçün təkliflər vermək imkanımız da var.

- LDU-nun çay plantasiyaları, dəmirağacı bağları, limon, narıngi istixanaları barədə də eşitmişik...

- Bəli, 3.2 hektar ərazidə çay və sitrus bağı salmışıq. Damcı üsulu ilə suvarma sistemi qurulub. Ölkədə elektrik böhranı yarananda xeyli bitkilərimiz məhv oldu. Biz də bu hadisədən dərs çıxarıb damcı üsulu ilə suvarma sistemi qurduq. Bu üsulla həm bitkinin daim sulanması təmin edilir, həm də suya qənaət. 5 hektar əlavə sahə almışıq. Orada da kənd təsərrüfatı bitkiləri becəririk. Ötən məhsul mövsümündə pomidora qədər hər şey əkmişdik. Düzdür, becərdiyimiz, ərsəyə gətirdiyimiz məhsuldan hələlik maddi qazanc əldə edə bilmirik. Ancaq universitet olaraq üzərimizə götürdüyümüz missiyanı yerinə yetirə bilirik. Tələbələrimiz arpadan, buğdadan tutmuş pomidora, sarımsaq, soğana qədər bütün məhsulların yetişdirilmə prosesini gördülər və öyrəndilər. Ən böyük qazancımız da məhz bu oldu.

 

Lənkəranda müasir təhsil mühiti

 

- Artıq Avropa tələbə mühitini qurmağa başlamısınız?

- Tam elə deməzdim. Lənkəran Dövlət Universitetində müasir təhsil mühiti olmalıdır. Tələbə üçün təhsilin əlçatanlığı təmin edilməlidir. Gələcəkdə Lənkəran Dövlət Universitetinin çox müasir kampusu olacaq. Burada müəllimlər üçün evlər, kafe, yataqxana qururuq. Növbəti tədris ilində artıq yataqxana da tələbələrin ixtiyarına veriləcək. Bu, tələbə ilə müəllimin işləməsi üçün də əlverişli olacaq. Müəllimə də, tələbəyə də əlaqə saxlamaq imkanları yaradılacaq. Bu da o deməkdir ki, tələbə hər hansı sualına cavab tapmaq üçün növbəti günü gözləməyəcək. Hazırda universitetin 50 nəfərlik qızlar yataqxanası var. Ancaq tezliklə 160 yerlik, beşmərtəbəli yeni yataqxana binası da təhvil veriləcək. İndi həmin binanın da tikintisi davam edir. Bina keçmiş Peşə liseyinin LDU-nun balansına verilmiş qəzalı yataqxana binasının yerində tikilir. Yaşayış sahəsi 1100 kvadratmetr olacaq yataqxana binasında tələbələrin normal istirahəti, asudə vaxtlarının təşkili üçün bütün şərait yaradılacaq. Burada kompüter otaqları, kitabxana, xidmət otaqları fəaliyyət göstərəcək.

- Ancaq qızları düşünürsünüz. Bəs, oğlanlar?

- Bina məhz elə oğlanlar üçün nəzərdə tutulur.

 

Ardı var

Ardı: https://muallim.edu.az/news.php?id=4185

 

 

Ruhiyyə DAŞSALAHLI

 

 

 



01.02.2019 | 10:00