“Keyfiyyətdə əsas nəticəmiz 4 il sonra bilinəcək”

II hissə

 

Əvvəli: https://www.muallim.edu.az/news.php?id=4070

 

Lənkəran Dövlət Universiteti son 2 ildə bir çox ilklərə imza atıb. Ancaq bunların ən önəmlisi tədrisdə keyfiyyəti artırmalarıdır. Bəs, buna necə nail olublar? Universitetin rektor əvəzi Natiq İbrahimov “Azərbaycan müəllimi”nə müsahibəsində tədrisdə müəllimdən başlayan keyfiyyət dəyişikliyinə doğru addım-addım irəlilədiyi yola bələdçilik edib:

 

 

- Keyfiyyətli təhsil müəllimdən başlayır. Rəhbərlik etdiyiniz universitetdə verilən təhsilin keyfiyyətini artırmaq üçün bu sahədə hansı tədbirlər görülür?

 

-  Yəqin siz də qəbul edərsiniz ki, yüksək maaş verən universitetin müəllimlərə, dosentlərə etdiyi təklifdən imtina olunmur. LDU-da müəllimlərin maaşı 600 manatdan başlayır. Halbuki Bakıdakı universitetlərin bəzilərində bu məbləğ 400 manatdır. Azərbaycan Milli Elmlər Akademiyasında çalışan və təqribən 450 manat əməkhaqqı alan, əslən bu bölgədən olan dosentə 1000 manat əməkhaqqı təklif etdik və təklifimiz qəbul olundu. Odur ki, artıq universitetin müəllimə olan ehtiyacını ödəyə bilmişik. 150 müəllimimiz arasında elmlər doktorlarının sayı artıb. Yüksək maaş sadəcə müəllimlərin əməkhaqqında deyil. Bizdə vəzifə maaşları da digər universitetlərlə müqayisədə yaxşıdır. Müəllim 600 manat, baş müəllim 800-dən çox, dosentlər 900 manat, professor və kafedra müdirləri 1100 manat maaş alırlar. Müəllimlərə başqa yerdə işləmək imkanı da yaradılıb. Akademiyanın regional bölməsində işləyənlər, LDU-da yarımştat çalışanlar var. Dərslər əvvəllər 8.00-da başlayıb, axşam 19.00-da bitirdi. Artıq 8.30-da başlayıb 17.30-da bitən ikinövbəli dərs sistemini yekunlaşdırırıq. Üstəlik, cədvəllər tələbələrin seçimi əsasında, müəllimlərin vaxtına uyğun qurulur. Yarım saat fasilə var. Birinci və ikinci növbə üzrə təhsil alanların dərsləri toqquşmur. Dünyada tətbiq edilən bu qaydanı müəyyən qədər özümüzünküləşdirərək tətbiq edir, uğurlu nəticələr əldə edirik. Bununla yanaşı, son iki ildə LDU üçün elmi-pedaqoji kadrların hazırlanması məqsədilə universitetə fəlsəfə doktoru proqramlarına doktorantura və dissertanturaya müxtəlif ixtisaslar üzrə 40-dan çox gənc qəbul olunub, həmçinin 5 nəfər digər ali məktəblərə məqsədli yerlərə göndərilib. Eyni zamanda, son 2 ildə müxtəlif ixtisaslardan elmlər doktoru proqramı üzrə 11 nəfər fəlsəfə doktoru Bakı Dövlət Universitetinə, 2 nəfər fəlsəfə doktoru isə Azərbaycan Dövlət İqtisad Universitetinə təhsil almaq üçün ayrılan məqsədli yerlərə göndərilib. Nəticədə bir neçə ildən sonra universitetimizdə çalışan elmlər doktoru və professorların sayının bir neçə dəfə artması gözlənilir. Bunu ölkəmizdə ilk dəfə Lənkəran Dövlət Universiteti tətbiq etdi. Bu, çox vacib məsələdir. Fəlsəfə doktoru hazırlamaq üçün universitetin özünün gücü yoxdur. Bu, universitetin canlanması üçün çox vacibdir.

 

- Müəllimlərinizin yaş tərkibi də maraqlıdır. Aralarında gənclər çoxdur, yoxsa..?

 

- Universitetimizdə gənclərin fəaliyyətinə xüsusilə diqqət yetiririk. LDU hazırda ən yaxşı inkişaf mərhələsini keçir. İş bacaranlardan ibarət böyük bir komanda universitet rəhbərliyində təmsil olunub. Universitet cavan olduğu üçün İdarə Heyəti də cavanlardan ibarətdir. Ümumiyyətlə, xaricdə təhsil alan gəncləri universitetə dəvət edirik. Bu məsələdə əlimdən gələni əsirgəmirəm. Yaxşı kadrları dəvət etmək üçün bəzən müdafiə etdiklərinə dair təsdiq sənədini almalarını belə gözləmirəm. Gənc müəllimimizdən birini məhz belə etdik. Hələ Ali Attestasiya Komissiyasından təsdiqini almadan, bizim universitetdə işə başladı. Onu da qeyd edim ki, universitetdə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İdrak Əsgərov gənc mütəxəssislərdən biridir.

 

- Universitetə ancaq bu bölgədən olan müəllimləri dəvət edirsiniz?

 

-  Bəli, əsasən bu bölgədən olanlara üstünlük verdik. Lakin seçki üsulu ilə başqa bölgələrdən olanlar da universitetdə işlə təmin olunurlar.

 

- Əslən bölgədən olanlara üstünlük verilməsi müəllimlərin yaşayacağı, qalacağı yerin olması ilə əlaqədardır?

 

- Xeyr. Bu, onların bölgəyə yaxından bələd olmaları ilə əlaqədardır. Məqsədimiz LDU-nun müəllimə olan çox böyük ehtiyacını ödəmək idi. İndiyədək 10 nəfər müəllim gəlib. 7 nəfəri əslən bu zonadan olsa da, Bakıda yaşayandır. Qalmaq üçün yerə gəlincə, bunu universitet özü təmin edir. Qalmağa evi olmayanları hər cür şəraiti olan mənzillərdə yerləşdirdik. Bu məqsədlə Azərbaycanda ilk dəfə olaraq müəllimlər üçün yaşayış evləri tikdik. İlkin mərhələdə 6 ikiotaqlı mənzil tikib hazırladıq. 6 mənzil tikməklə 7 müəllimin gəlməsini reallaşdırdıq. Onu da deməliyəm ki, ilk mərhələdə həmin 7 müəllimin gəlişi universitetin işinə böyük dəstək oldu. Sonrakı mərhələdə dəvət olunan müəllimlər üçün də 10 nəfərlik qonaq evi yaradıldı.

 

- Mənzillər müəllimlərə hansı şərtlərlə verilib?

 

 

- Hər biri ilə razılaşmışıq ki, LDU-da işlədikləri müddətdə həmin mənzillərdə qeydsiz-şərtsiz, pulsuz yaşayacaq, gedəndə isə götürdükləri mənzilləri aldıqları kimi təhvil verəcəklər.

 

Yüksək bal toplayanlar arasında universitetimizi seçənlərin sayı artdı

 

- Bu tədris ilində 500-600 və ondan daha yüksək bal toplayanların seçdiyi universitetlər arasında Lənkəran Dövlət Universitetinin də adı vardı. Yəqin bu da tədrisin keyfiyyətində özünü göstərəcək?

 

 

- Keyfiyyətdə əsas nəticəmiz 4 il sonra bilinəcək. Amma bu tədris ilində qəbulumuz, sözün əsl mənasında, yaxşı oldu. Yerlərimiz 90 faiz doldu. Yüksək bal toplayanlar arasında universitetimizi seçənlərin sayı artdı.

 

- Bu, payız imtahan sessiyasında hansısa fərq yaratdımı? Keyfiyyətli təhsilə nail olmaq üçün imtahanlarda da ciddi dəyişikliklər etmisiniz...

 

- Universitetdə imtahan sistemi dəyişdirilib. İmtahanlar tamamilə şəffaflaşdırılıb. İctimai Şura yaradılıb, bütün imtahanlar ictimaiyyət nümayəndələrindən ibarət  şuranın nəzarəti altında keçirilir. Yazılı aparılan imtahanlarda 5 sual qoyulur. Hər sualın cavabı ayrıca bir vərəqdə yazılır, ayrı-ayrı kodlaşdırılaraq müəllimlərə paylanır. Bu qayda ilə müəllimlər bir yerdə yoxlasalar belə, yazıların kimə aid olduğunu müəyyənləşdirə bilməzlər.

 

- İmtahanların hamısı yazılı olmur?

 

- Əlbəttə, yox. Elə fənlər var ki, tələbə ona şifahi də cavab verməlidir. Məsələn, ingilis dili müəllimliyində şifahi tərcümə fənni var. Bu fənn üzrə imtahanı yazılı necə götürmək olar? Ona görə də bəzi fənlər üzrə imtahanlar şifahi götürülür.

 

 

Vəziyyətdən kim razıdır, kim narazı?

 

 

- Universitetdə baş verən dəyişiklik necə qəbul edilir? Daha doğrusu, qəbul edilirmi? Neçə illik ənənəni dəyişdirirsiniz. Müqavimət olmurmu?  

 

- Aşağı kurslarda oxuyan tələbələr vəziyyətdən razıdır. Ancaq IV və V kurs tələbələri arasında vəziyyətdən narazılar var. Başqa cür qiymət almağa alışdıqlarından şəffaflıq və obyektivlik ürəyincə olmayanlar var. Ancaq hətta narazılar belə, indiki universitetin fərqini anlayırlar. Bir neçə tələbəmiz başqa universitetlərə köçürülmüşdü, bəziləri yenidən qayıtdı. Siz təsəvvür edin ki, Bərdədən tələbəmiz oxuyur, halbuki Bərdədə evinin yanında universitet var. Yaxınlığındakı ali məktəbləri qoyub Lənkəran Dövlət Universitetində təhsil almağa üstünlük verənlər çoxdur. Düşünürəm ki, belə gənclərin sayı növbəti tədris illərində daha da artacaq.

 

- Söhbət cəmi 25 illik tarixi olan universitetdən gedir, ancaq 100 yaşı olan ali təhsil müəssisələri ilə rəqabətə hazırsınız?

 

- Bunun üçün əlimizdən gələni edirik.

 

Bəlkə bu barədə danışmaq hələ tezdir, ancaq biz Lənkəran Dövlət Universitetini  xarici ölkələrin ali təhsil müəssisələri ilə rəqabət gücünə malik bir təhsil ocağına çevirməyi qarşımıza məqsəd qoymuşuq. Macarıstanla sıx əlaqələr qurmuşuq. Həmin ölkənin universitetlərindən biri ilə qarşılıqlı gediş-gəlişimiz var, tələbə mübadiləsi həyata keçiririk. Tələbələrimizi həvəslə gözləyirlər.

 

Bizdən 10, hətta 15 tələbə qəbul etməyə hazırdırlar. Ancaq bəzən bu cür imkanları dəyərləndirə bilmirik. Tələbələrin xaricə gedə bilməsində yeganə əngəl onların xarici dil bilməməsidir. Bu əngəli aradan qaldırmaq üçün tələbələrimizlə əlbir olmuşuq. Bəziləri kurslara gedir, bəziləri üçün isə özümüz dil kursları təşkil edirik. “ERASMUS” mübadilə proqramının verdiyi imkanlardan istifadə etməyə çalışırıq. Artıq bu imkanlardan yararlanan 5 tələbə və 2 müəllimimiz olub. “Mövlanə”, yaxud “ERASMUS” kimi mübadilə proqramları ilə tələbələrimiz xarici universitetlərdə olub. Ancaq biz istəyirik ki, birbaşa müqavilə ilə xarici universitetlərə tələbə göndərək. Müqavilələrimiz artıq var. Tələbələrimizin hazır olmasını gözləyirik.

 

- Müqavilələriniz hansı ölkə və universitetlərlədir?

 

- Hazırda Lənkəran Dövlət Universiteti 50-yə yaxın universitet, institut və təşkilatla əməkdaşlıq edir. Təhsil və elm sahəsində imzalanan ikitərəfli əməkdaşlıq müqavilələrinin çoxu 2017-2018-ci illərə aiddir. Məsələn, Macarıstanın Kapoşvar Universiteti ilə bu il imzalanan müqavilə tərəflərin üzərinə elmi nəşrlərin mübadiləsi, elmi məlumat və yeniliklərin - birgə konfrans, simpozium və seminarlar çərçivəsində  təşkili və keçirilməsi, aqrar ixtisaslar üzrə tələbə-müəllim heyətinin mübadiləsi, magistr və doktorant-dissertantlara birgə elmi rəhbərlik kimi vəzifələr qoyub. Polşanın Rzesov və Bıdqoş İqtisadiyyat universitetləri,  Türkiyədəki Amasya, Beykent, İstanbul Kültür, Sinop, Çukurova, Kavkas (Kars) universitetləri, Üsküdar və Avrasiya universitetləri ilə müqavilələrə görə qarşımızda böyük yol dayanıb. Elmi-tədqiqat xarakterli beynəlxalq konfranslarda iştirak edəcək, elmi nəşrlərin çap edilməsi, müvafiq ixtisaslar üzrə tələbə-müəllim mübadiləsi həyata keçirəcək, ortaq tədqiqat layihələrini birgə işləyəcəyik. Amasya Universiteti ilə əməkdaşlıqdan elm və tədqiqat sahəsində birgə fəaliyyət, tələbə-müəllim mübadiləsi, seminarlar və akademik görüşlərdə iştirak nəzərdə tutulub. Beykent Universitetilə müqavilədə tələbələrin, akademik, elmi və inzibati heyətin mübadiləsi, elm və tədqiqat sahəsində əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər təhsil, elmi və akademik əməkdaşlıq, nəşrlərin, elmi məlumatların mübadiləsi nəzərdə tutulub. İstanbul Kültür Universiteti akademik, təhsil və elm sahələrində əməkdaşlıq, tələbə-müəllim mübadiləsi, elmi nəşrlərin, elmi məlumatların mübadiləsi, Sinop Universiteti ilə elmi, akademik sahələrdə əlaqələrin gücləndirilməsi üçün müəllim-tələbə-tədqiqatçıların mübadiləsi, ortaq konfrans, seminarlar, görüşlərin, ortaq yay məktəbinin təşkili nəzərdə tutulub. Ötən il Kavkas (Kars) Universiteti ilə bağlanan müqaviləyə əsasən, nəinki bütün səviyyələrdə akademik heyət və tələbə mübadiləsinin aparılması, həmçinin birgə idman fəaliyyətinin və elmi görüşlərin təşkil edilməsi planlaşdırılıb. İstənilən  sahədə tədqiqat aparmaq, layihələr yazıb həyata keçirmək, elmi işlər üzərində birgə işləmək hər iki universitetin həyatında canlanmaya səbəb olacaq. Üsküdar Universiteti ilə ortaq tədqiqat işlərinin həyata keçirilməsi, fakültə əməkdaşlarının və tədqiqatçıların mübadiləsi, ikili diplom proqramlarının hazırlanması və həyata keçirilməsi, Avrasiya Universiteti ilə tələbə mobilliyi, akademik əməkdaşlıq, birgə layihələrin işlənməsi, birgə simpoziumların, konfransların təşkili və keçirilməsi ötən ilin uğurlarından sayılır. Rusiya və Polşa universitetləri ilə əməkdaşlıqların əsasını qoymaq baxımından da bizim üçün uğurlu olub. Bıdqoş İqtisadiyyat Universiteti ilə birgə elmi tədqiqatların aparılması, tələbə mübadiləsi, ortaq layihələrin işlənməsi, dərc olunmuş materialların mübadiləsi məqsədilə sövdələşmişik. Rusiyanın Ural Dövlət Aqrar Universiteti ilə birgə elmi konfrans və seminarların keçirilməsi, materialların, proqramların, nəşrlərin mübadiləsi, qarşılıqlı maraq doğuran layihələrin işlənməsi razılaşdırılıb. Başqırdıstan Dövlət Aqrar Universiteti, Puşin Dövlət Təbii Elmlər İnstitutu, Samara Dövlət İqtisad Universiteti ilə birgə elmi konfrans və seminarların keçirilməsi, materialların, proqramların, nəşrlərin mübadiləsi, elmi tədqiqatın inkişafı, tədris-təlim və ictimai-mədəni əməkdaşlıq, yeni texnologiya və üsullar üzrə təcrübə mübadiləsi, elmi kadrların hazırlanmasında qarşılıqlı köməkləşmə, gənc alimlərin, tədqiqatçıların, müəllim-tələbə heyətinin mübadiləsi buradakı hər kəsin uğurudur. Rusiyada elm və təhsil proqramlarının birgə işlənməsi və həyata keçirilməsi, innovativ yeniliklərin birgə işlənməsi, professor-müəllim heyətinin, magistrant, doktorant, dissertantların mübadiləsi və elmi məqalələrinin impakt faktorlu jurnallarda birgə nəşri, Belarus Dövlət Aqrar Texniki Universiteti ilə yüksək ixtisaslı və təcrübəli kadrların hazırlanması, elmi nəşrlər və materialların mübadiləsi, texnika və texnologiya sahəsində təcrübə mübadiləsi məsələlərində razılığa gəlinib. “ERASMUS +” üzrə Türkiyənin Qazi Universiteti, Üsküdar Universiteti və İğdır Universiteti, “Mövlanə” mübadilə proqramı çərçivəsində Adıyaman, Batman, Çukurova, Yalova, Munzur, Kafkas (Kars) universitetləri, həmçinin İğdır, Kocaeli, Artvin-Çoruh, Kastamonu, Sakarya, Sinop, Qazi universitetləri ilə müqavilələr imzalanıb. Bulent Ecevit Zonguldak Universiteti ilə 2017-ci ildə bağlanan əməkdaşlığın da ömrü uzun olacaq.

 

- Ölkəmizdəki ali məktəblərlə əlaqələriniz necə qurulub?

 

- Onlarla da müqavilələrimiz var. Məsələn, Bakı Dövlət Universiteti ilə elm və təhsil sahəsində əməkdaşlıq haqqında müqavilə, Bakı Mühəndislik Universiteti ilə elmi-texniki əməkdaşlıq protokolu, Bakı Avrasiya və Azərbaycan Dövlət Neft və Sənaye universitetləri ilə akademik elmi əməkdaşlıq protokolu imzalamışıq. Xəzər Universiteti ilə “Erasmus” mübadilə proqramı çərçivəsində əməkdaşlığa başlamışıq. Bundan başqa, Azərbaycan Dövlət İqtisad Universiteti ilə tələbə-müəllim mübadiləsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə mütəxəssis hazırlığı nəzərdə tutulub. Sadəcə, universitetlərlə də əməkdaşlıq etmirik, müxtəlif qurumlarla fərqli məsələlərdə razılaşmalarımız var. Məsələn, keyfiyyətli mütəxəssis hazırlığı haqqında Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutu, mütəxəssis hazırlığı, elmi-tədqiqat haqqında Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu ilə əməkdaşlıqlara imza atmışıq. Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu, “Standard İnsuarance” sığorta şirkəti ilə qarşılıqlı əməkdaşlıqla əlaqədar razılaşmışıq. “Azercell Telecom” MMC ilə elmi-texniki və tədris sahəsində təcrübə mübadiləsi aparacağıq. “Maarifçi” Tələbə Kredit Fondu ilə təhsil sahəsində əməkdaşlıq müqaviləsi, Azərbaycan Respublikası Auditorlar Palatası ilə kadr hazırlığı, elmi-tədqiqat işləri ilə bağlı əməkdaşlıq sazişi bağlanıb.

 

 

LDU-nu qazanan üçün keyfiyyətli təhsil, bitirən üçün isə iş əlçatandır.

 

 

- Təhsil haqqı və onun ödənişi qaydaları universitetinizi əlçatan edir, yoxsa əksinə?

 

- Təhsil haqqının ödənilməsində tələbələrimizi sıxışdırmırıq. Birinci kurslar da daxil olmaqla, tələbələrimizə hissə-hissə ödəniş üçün imkan yaratmışıq. Birinci kurslar təhsil haqqının yarısını ödəmək imkanına malikdir. Onların heç birini təhsil haqqına görə qapıdan qaytarmırıq.

 

İllik ödənişin yarısını ödəyən hər tələbəyə təhsil almaq üçün şərait yaradılıb. Hesab edirəm ki, bu, daha ədalətlidir. Bəlkə tələbə ikinci semestrdən təhsilini başqa yerdə davam etdirəcək. Ona görə də təhsil haqqı məsələsində hər hansı şərt qoymuruq. 

 

- Yerdəyişənlər çox olur?

 

- 2018-2019-cu tədris ilindən 18 nəfər LDU-ya transfer olunaraq bizdə təhsil almağa başlayıb. Onlardan 4 nəfəri ötən semestrlərdə gedənlər idi, geri qayıtdılar. Eyni zamanda təxminən 30 tələbə bizdən başqa ali məktəblərə transfer olunub.

 

- Bəs, məzunlarınız? Onları müraciət etdikləri iş yerlərindən geri qaytarmırlar ki?

 

- Əksinə, məzunlarımız bu il ali məktəbi bitirən kimi iş tapdılar. Laboratoriyalarda hazırlanan kadrlar iş yerində çətinlik çəkmir və kadrlarımızın hazırlıq səviyyəsi işverənin tələblərinə cavab verir. Təhsilin keyfiyyətinin artması məzunlarımıza olan tələbatı da artırıb. Mənə verilən məlumata görə, məzunlarımızın əksəriyyəti müsahibə mərhələsini uğurla başa vuraraq, müəssisə və təşkilatlarda asanlıqla işə qəbul olunurlar. Lənkəranda 2 dəfə məzun yarmarkası keçirilib. Birinci dəfə yüzdən çox, ikinci dəfə iki yüzdən çox tələbəmiz iş yeri tapıb. Hətta çay fabriki tələbəmizi hələ məzun olmadan işlə təmin edib. Bu, kadr hazırlığında keyfiyyətə nail olduğumuzu göstərir.

 

 

Ruhiyyə DAŞSALAHLI

 

 

 



08.02.2019 | 13:31