Ədəbiyyat dərslərində fənlərarası inteqrasiyanın əhəmiyyəti

Müasir həyatımızda hər şey inkişaf və təkamülə doğru getdiyi bir zamanda təhsildə də fənlərin bir-birinə inteqrasiyasına yaranan ehtiyac özünü aydın göstərir. Məlumdur ki, qədim zamanlardan fənlər və elmlər bir-biri ilə sıx əlaqədə olmuşdur və onlar arasındakı əlaqə bu gün üçün də aktuallığını saxlamaqdadır. Bəşər tarixi elm və texnikanın məhz elmlərin bir-biri ilə qarşılıqlı əlaqəsi nəticəsində çox uğurlar əldə etdiyinin şahidi olmuşdur və  bu uğurlar elmlərin bir-birinə daha da yaxınlaşmasına zəmin yaratmışdır. Bu əlaqə bu gün təhsildə daha vacibdir, çünki kurikulumda əsas prinsip kimi verilən fənlərarası inteqrasiyanın təlimin keyfiyyətinin yüksəldilməsində çox böyük rolu vardır. İnteqrativlik şagirdlərdə maraq oyadır, axtarış və yaradıcılıq bacarıqlarına yiyələnməyə sövq edir, onların müxtəlif fənlər əsasında hər hansı mövzuya dair ətraflı, mükəmməl bilik və bacarıqlar əldə etməsi üçün əlverişli şərait yaradır. Bütün bunlara əlavə etmək yerinə düşərdi ki, günümüzdə təlim prosesində inreqrasiyadan istifadə etmədən hər hansı bir fənnin tədrisində uğur əldə etmək çox çətindir.

Fənlərarası inteqrasiya ədəbiyyat fənni üçün də vacib və əhəmiyyətlidir. Hər şeydən əvvəl, ədəbiyyat həyatı bədii sözlə əks etdirən söz sənəti olduğu üçün bütün elm sahələri ilə ya birbaşa, ya da qismən əlaqəsi vardır. Belə ki, ədəbiyyat bəşər və mədəniyyət tarixinin mühüm qolu olmaqla  tarixə, elmə, mədəniyyətə dair bədii, elmi və fəlsəfi əsərləri özündə əks etdirir.

Ədəbiyyat fənninin digər fənlərlə inteqrasiyasından bəhs edərkən, məntiqli olaraq onun ilk əlaqəsi Azərbaycan dili fənni ilə düşünülür. Nəzərə alsaq ki, bu iki fənnin məzmun xətlərinin ikisinin mahiyyəti (ədəbiyyatda 2. Şifahi nitq və 3. Yazılı nitq və Azərbaycan dilində 2. Oxu və 3. Yazı) eynidir, onda bu fənlərin bütün siniflərdə və mövzulardakı daimi inteqrasiyasını  təxmin etmək çətin deyil.

Ədəbiyyat özündə tarixi yaşadır və eyni zamanda, özü tarixdə yaşayır. Tarix fənni ilə inteqrasiyasını (keçilən əsərlərin mövzusundan asılı olaraq Azərbaycan tarixi və ümumi tarix) bu prinsip əsasında qurmaq olar. Ədəbiyyat fənninin coğrafiya fənni üzrə inteqrasiyasını əsərlərdə adı göstərilən, hadisələrin baş verdiyi məkanlarla əlaqədar vermək olar. Ədəbiyyat fənni milli-mənəvi və bəşəri dəyərlərin aşılandığı əsərləri tədris etdiyinə görə  həyat bilgisi fənni ilə əlaqəsini qurmaq olar. Biologiya fənni üzrə əlaqəsini də təbiət, bitki və heyvanlardan bəhs edən əsərlərlə əlaqədar vermək olar. Xarici dil fənni üzrə əsərlərdə işlənən xarici sözlərin istifadəsi zamanı qurmaq olar. Təsviri incəsənət fənni üzrə təsviri xarakter daşıyan əsərlərin rəng və boyalarla ifadə edilməsi bu inteqrasiyanı da yaratmağa yaxşı vasitədir. İnformatika fənni ilə əlaqəsini mövzuya görə bütün məlumatların, informasıyaların araşdırılması, ötürülməsi, təqdimatların, məlumatların hazırlanması zamanı istifadə etmək olar.

Təqdirəlayiq haldır ki, ədəbiyyat dərsliklərində mövzularla bağlı fənlərarası inteqrasiya göstərilib. Bu, bir tərəfdən müəllim üçün bir nümunədirsə, digər tərəfdən müəllim özü də fənlərarsı inteqrasiyanı yarada bilər. Çünki mövzuların tədrisi zamanı şagirdlərdə yaranan suallarla əlaqədar verilən əlavə məlumatlar digər fənlərdə keçilən mövzularla qarşılaşdırılır. Təcrübəli müəllim şagirdlərinin əsərlərdə daha çox hansı məqamlara diqqət yetirdiyini və bu məqamların hansı fənn ilə onların bilik və bacarıqlarının yüksəldilməsində daha yaxşı təsir göstərəcəyini bildiyi üçün inteqrasiyanı da özü təyin edir. 

Fikirlərimi ədəbiyyat dərslərində mövzularla bağlı müxtəlif fənlərlə inteqrasiyasını yarada biləcək bir neçə nümunə əsasında ifadə etmək istərdim:

“Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy” əsərinin inteqrasiyasını belə təşkil etmək olar. Adı çəkilən ərazilərin göstərilməsi və bu gün dünyanın siyasi xəritəsindəki yerini təyin etməklə (Cızıqlar, Ağlağan, Göyçə dağı, Dərbənd, Ağca qala Sürməli) coğrafiya, dastandakı hadisələrin Məhəmməd peyğəmbərə (s) yaxın zamanda, Bükdüz Əmənin  varıb Peyğəmbərin (s) üzünü görməsi məqamını dinin meydana gəlməsi ilə əlaqələndirib həyat bilgisi, həmin dövrdə böyük imperiyalar yaratmış  türk xalqlarının tarixi ilə əlaqələndirib ümumi tarix fənləri ilə inteqrasiyasını təşkil etmək olar (8-ci sinif).

Şah İsmayıl Xətainin “Bahariyyə” əsərinin tədrisində şeirdə o dövr üçün səciyyəvi, lakin bü gün çətin anlaşılan sözlərin işlənməsinə görə Azərbaycan dili, Şah İsmayılın görkəmli dövlət xadimi və tarixi şəxsiyyət olaraq Azərbaycan tarixindəki mövqeyi və roluna görə Azərbaycan tarixi, bahar fəslində bitki və heyvanların oyanışı ilə təbiətdə baş verən hadisələrin təsvirinə görə biologiya və bu təsvirlərin şagirdlərin rəsmlərdə əks etdirmələrinə görə təsviri incəsənət ilə fənlərarası inteqrasiyasını təşkil etmək olar (8-ci sinif).

Cəlil Məmmədquluzadənin “Qurbanəli bəy” hekayəsinin tədrisində də bir neçə fənnin qarşılıqlı əlaqəsini vermək olar.  Azərbaycan tarixinin Rusiya imperiyasından asılılığını göstərən məqamların bolluğu (kəndin adının Qapazlı olması, kəndlilərin rus mülkədarlarının qulluğunda müti durması, əsərdə o dövrdə işlənən rus sözləri (qlava, pristav, naçalnik və s.), əsərdə kəndlilərin yallı getmələri üçün məcbur edilməsi) Azərbaycan tarixi, Qurbanəli bəyin “Uzundərə” rəqsini oynamaq istəməsi gözəl rəqsimiz haqda daha dolğun məlumat vermək üçün musiqi, Qurbanəli bəy obrazı haqqında əlavə məlumat vermək üçün internetdən istifadə etmək informatika fənləri ilə əlaqəni yaratmaq olar (8-ci sinif). 

Səməd Vurğunun “Ananın öyüdü” əsərinin tədrisində də inteqrasiyanı bir neçə fənn ilə yaratmaq mümkündür. Şeirin yazılma tarixinə nəzər salınır. Əsər 23 iyun 1941-ci ildə - Böyük Vətən müharibəsinin başlandığı gündən bir gün sonra yazılıb. Dünya tarixində ən ağır müharibə kimi qiymətləndirilən bu müharibə haqqında ümumi tarix, bəşəri dəyərlərin təbliğinə görə həyat bilgisi, müharibənin əhatə etdiyi dünya ölkələrinə görə coğrafiya fənləri ilə əlaqəsini qurmaq olar (9-cu sinif).

Belə nümunələr çoxdur. Qeyd etdiyimiz kimi, ədəbiyyat fənni özündə həyati hadisələri ehtiva etdiyinə görə, digər fənlər ilə asanlıqla qarşılıqlı əlaqəsini vermək olur. Ancaq o da qeyd edilməlidir ki, fənlərarası inteqrasiya müəllimin özündən də dərin bilik, zəngin dünyagörüş, güclü bədii təxəyyül, tədris etdiyi fənnə sonsuz sevgi və daim öz üzərində işləmək məsuliyyəti tələb edir. Düşünürəm ki, bu keyfiyyətlərə sahib olmadan fənlərarası inteqrasiya və fənlərin qarşılıqlı əlaqəsini qurmaq münkün deyil.

Göründüyü kimi, fənlərarası inteqrasiyanın şagird təfəkküründə və yaradıcı tətbiqetmə sahəsində əhəmiyyəti çox vacibdir. Bununla o, şagirdlərdə digər fənlərə də olan marağı artırır, yeni biliklərin əldə edilməsinə zəmin yaradır, dərsə daha yaradıcı yanaşmanı və tədqiqatçılıq xüsusiyyətlərini formalaşdırır.

 

Şəhla MƏCİDOVA,

Şirvan şəhər 16 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, filologiya üzrə fəlsəfə doktoru

 

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.

 

 



06.10.2017 | 15:20