BSU tələbələri istehsalat təcrübəsinə başlayıb

Fevralın 19-da Bakı Slavyan Universitetində (BSU) istehsalat və pedaqoji təcrübəyə başlayan IV kurs tələbələri ilə görüş keçirilib. Tədbiri  açan BSU-nun Tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov tələbələrə istehsalat və pedaqoji təcrübə müddətində universitetin adını daim uca tutmağı, intizamlı, işə münasibətdə məsuliyyətli olmağı tövsiyə edib. Prorektor əvvəlki illərin təcrübəsindən çıxış edərək çox vaxt məzunların istehsalat və pedaqoji təcrübə keçdikləri müəssisələrdə işlə təmin olunduqlarını, həmin təşkilatlarda karyera qurmağa başladıqlarını və bu gün cəmiyyətdə nüfuz sahibi olduqlarını diqqətə çatdırıb. O bildirib ki, 2019-cu ildə BSU-dan fakültələr üzrə ümumilikdə 555 tələbə 32 dövlət müəsisəsində, 32 orta məktəbdə istehsalat və pedaqoji təcrübə keçəcək. Orta təhsil məktəbləri sırasında Bakıda yerləşən məktəblərlə yanaşı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd orta məktəbinin də olduğunu diqqətə çatdıran professor Telman Cəfərov qeyd edib ki, bu məktəbə BSU-nun 5 vətənpərvər tələbəsi könüllü olaraq yollanacaq.

 

Tədbirdə fakültə dekanlarının çıxışları dinlənilib. Onlar rəhbərlik etdikləri fakültələrdə təcrübəyə hazırlıq prosesi, təcrübə kecəcək tələbələr, onların gedəcəkləri müəssisələr haqqında məlumat veriblər.

 

BSU-nun Təcrübə və məzunların karyera inkişafı şöbəsinin müdiri Yaşar Alxasov tələbələrin Əsasnaməyə uyğun olaraq 14 həftə müddətində beş günlük iş rejimi ilə təcrübə keçəcəklərini vurğulayıb. Təcrübə üçün lazım olan sənədləri sadalayan Y.Alxasov 24 may tarixinə qədər sənədləşmə işlərinin aparılacağını, 31 may tarixində isə Təcrübə və məzunların karyera inkişafı, Monitorinq və qiymətləndirmə şöbələrii, o cümlədən müəllimlərin iştirakı ilə sənədlərin qəbul olunacağını diqqətə çatdırıb. Təcrübə müddətində hər bir tələbənin topladığı balın komissiya tərəfindən dəqiq yoxlanacağını deyən Yaşar Alxasov tələbələrə uğurlar arzulayıb.

 

Tədbirin sonunda müəllim və tələbələri marqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, BSU tələbələrinin əksəriyyəti artıq fevralın 18-dən etibarən  istehsalat və pedaqoji təcrübəyə başlayıb.

 

 



20.02.2019 | 12:27