Medianın uşaq qurbanları

Son 20 ildə internetdən istifadənin geniş yayılması bir çox sahəyə təsir edib. Xüsusən onlayn resurslardan qidalanan media vasitələrinin inkişafı onun “qəhrəman”ına çevrilmək arzusunda olanların sayının artması ilə müşayiət olunmaqdadır. Media isə çox zaman “qəhrəman”larının kim olduğunun fərqinə varmır. Bu da əksər halda mənfi nəticələrə gətirib çıxarır.

Belə bir mühitdə media uşaqların iştirakı ilə yaranan xəbərlərin təsiri və nəticələrinə xüsusilə həssas yanaşmalıdır. Nəzərə almaq lazımdır ki, uşaqlar mediada iştirak etməyə həvəs göstərsələr də, gələcəkdə bunun təsirini düşünüb dəyərləndirmək qabiliyyətində deyillər. Elə götürək, son günlər ölkə mətbuatında iki məktəblinin intim münasibətlərini əks etdirən görüntüləri. Bir çox yerli xəbər saytının səhifələrində bu xəbərin məhz bu cür kütləvi nümayişi nə qədər düzgündür?

Sualı cavablamaq üçün məsələyə media və uşaq hüquqları kontekstindən yanaşsaq, daha bir sual yaranır: dünyada və yerli mediada uşaqların hüquqları hansı səviyyədə və necə qorunur?

 

UNİCEF: Bir uşağı çox günahlandırmayın

 

Media və uşaq hüquqları beynəlxalq platformada müəyyən olunmuş bir sıra normalar və jurnalistlərin etik davranış qaydaları ilə tənzimlənir. Dünyanın ən nüfuzlu qurumları məhz bu məsələ ilə bağlı silsilə qaydalar müəyyən edib. Məsələn, UNİCEF-in uşaqlarla əlaqədar media prinsiplərinə baxaq:

- Bir uşağı çox günahlandırmayın; bir uşağın mənfi zərərə - həyatı boyu istismara, yerli cəmiyyətin ayrı-seçkiliyinə və cəmiyyətdən təcrid olunmasına yol verə biləcək təsnifləndirmə etməkdən yayının;

- Uşağın hekayəsi və ya görüntüsü üçün daima doğru kontekst yaradın.

Aşağıdakı hallarda adını, görüntüsünü və ya onun şəxsiyyətini müəyyən edəcək hər hansı məlumatı gizlədin:

- Uşaq cinsi istismar qurbanıdırsa;

- Uşaq fziki və ya cinsi istismarı törədəndirsə;

- Uşağın özü, valideynləri və ya ailəsindən hər hansısa fərd tam məlumatlandırılmış olaraq razılıq vermədiyi halda uşağın HİV ya da QİÇS daşıyıcısı olduğunu;

- Uşaq cinayət əməli törətməkdə təqsirləndirilirsə və ya hökm elan olunubsa.

 

Beynəlxalq Jurnalistlər Federasiyası: Nəticə nəzərə alınmalıdır

 

Yalnız UNİCEF deyil, digər təşkilatlar da eyni predmetlə bağlı oxşar və bəzi fərqli qaydalar müəyyən edib. Beynəlxalq Jurnalistlər Federasiyası uşaqlarla əlaqəli xəbərlərin hazırlanmasına dair jurnalistlərin öz iş mühitlərində rəhbər tutmalı olduğu prinsipləri açıqlayır:

- Uşaqlarla əlaqəli xəbər düzgünlük və həssaslıq baxımından mükəmməl hədəflənməlidir;

- Uşaqlar üçün zərərli olan materiallar mediada yer almamalıdır;

- Azyaşlılarla əlaqəli xəbərlərdə stereotiplərin və sensasiya doğuran başlıqların istifadəsindən çəkinilməlidir;

- Uşaqların seksuallaşdırılmış obrazlarının istifadəsinə yol verilməməlidir;

- Uşaqlarla əlaqəli hər cür materialın yayı

mlanmasından əvvəl onların səbəb ola biləcəyi nəticəyə diqqət edilməli və uşaqlara verilə biləcək zərər minimuma endirilməlidir.

 

Save The Children: Uşaqlar haqqında neqativ ifadələrdən qaçın

 

Məsələnin həssaslığı “Save The Children” (Uşaqları Xilas Et) təşkilatı tərəfindən da nəzərə alınıb. Reportajlar zamanı və mediada işıqlanan xəbərlərdə uşaqlara dəyəcək zərəri minimuma endirmək məqsədilə reportajın müəyyən mərhələləri, bu mərhələlər zamanı jurnalist və uşaq arasındakı münasibət, müsahibə üçün seçilən məkan və bu qəbildən olan bütün detallar müəyyən edilib:

- Uşağı, bacı-qardaşlarını və ya yaşıdlarını təhlükə altında qoyacaq materialları yayımlamayın;

- Heç bir uşağa zərər verməyin;

- Mühakiməedici, mədəni dəyərlərə etinasız yanaşmayın;

- Uşaqlar haqqında neqativ ifadələrdən qaçın. Məsələn, “küçə uşaqları”nın yerinə “küçədə yaşamağa məcbur qalan” ifadəsini işlədin;

- Məktəb saatlarında görüntü əldə etmək və reportaj üçün məktəb direktorundan icazə alınmalıdır.

 

BBC: Ana səhifədə görüntülər bütün yaş qruplarına uyğun olmalıdır

 

Dünyanın ən böyük radio və televiziya korporasiyalarından biri olan BBC televiziyada əməl edilməli olan qaydalarla yanaşı, internet platformasında da azyaşlıların psixoloji və mənəvi inkişafını nəzərə alaraq, əməl edilməli olan etik qaydaları müəyyən edib. Həmin qaydalarda göstərilir ki, BBC-nin veb saytının ana səhifəsindəki məlumatlar, uşaqlar da daxil olmaqla, hər kəsə uyğun olmalıdır. Ana səhifədə kliklənən keçidlər (link) dolayı şəkildə digər uyğun olmayan mənbələrə keçid verməməlidir. Eləcə də ana səhifədə reklam edilən və yüklənilə bilən görüntülər istisnasız bütün yaş qruplarına uyğun olmalıdır.

 

Bunları Azərbaycan qanunları da tələb edir

 

Ölkəmizdə bu məsələlər nəzərə alınaraq, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində informasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar nəzərdə tutulub. Məsələn, kütləvi informasiya vasitəsi redaksiyasının və ya jurnalistin şəxsin gizli saxlanmaq şərti ilə verdiyi məlumatı yayılan xəbər və materiallarda açıqlamasına; cinayət etməkdə  təqsirləndirilən yetkinlik yaşına çatmayanların və  ya qanuni nümayəndələrinin razılığı olmadan onların  şəxsiyyəti barədə  hər hansı məlumatı yaymasına yol verilmir.

 

Amma heç nə dəyişmir

 

Bu normalara, qaydalara və prinsiplərə baxdıqda, sözügedən xəbərin mediadakı nümayişinin təhlili maraqlı və bir o qədər də kədərli mənzərə yaradır. Yaradacağı mənəvi, fiziki təzyiqi, uşaqların gələcək həyatlarına bu xəbərlərin hansı formada təsir edəcəyini nəzərə almadan və hətta bu xəbərlərin onların özünəqəsdinə səbəb olacağını düşünmədən yerli media:

- Xəbəri sensasiyalı başlıqla yayımlayır;

- Uşaqların, onların valideynlərinin şəxsiyyətini ifşa edir;

- Onları uzun müddət nəinki öz ətraflarının, hətta tanımadıqları şəxslərin belə  qınaq obyekti olaraq yaşamağa vadar edir;

- Xəbərin bu cür təqdimatının üçüncü şəxslərə təsirini düşünmür. Belə ki, digər azyaşlıların bu cür senzurasız yayımlanan görüntülərə baxdıqdan sonra oxşar hərəkətlərə marağı arta bilər.

Bir sözlə, uşaq hüquqları və media kontekstindəki normalara məhəl qoyulmur. Nəzərə aldıqda ki, maddi maraqlar üçün yayımlanan bütun bu xəbərlər fizioloji cəhətdən yetkin olsalar da, mental olaraq uşaq olan, öz hərəkətlərinin gələcək nəticələrini dərk etməyən iki insanın həyatını məhv edəcək, deməli, cəmiyyət daha iki gənc fərdini itirir.

 

Bəs, burda kim qazanır?

 

Həyat yalnız yazılı qanunlardan, qaydalardan ibarət deyil, dünyadakı bütün münasibətlər qanunlarla tənzimlənə bilməyəcək qədər çoxdur. Bu zaman ədalətin ən böyük təzahüru insanın vicdanı və onun mənəvi dəyərləridir. Cəmiyyətdəki mənəvi və sosial tarazlığı qorumaq yalnız dövlətin deyil, eyni zamanda fərdlərin də öhdəliyidir. Bu gün dərk etmədikləri səhvlərə görə yetkinlik yaşına çatmayan şəxslərin cəmiyyətdə sıxışdırılmasında, təcrid olunmasında iştirak edirik. Ancaq unuduruq ki, sabah bunun acı nəticələri qarşısında mənəvi məsuliyyəti daşıyan yenə biz olacağıq. Deməli, qazanan yoxdur, itirən isə hamımızıq.

 

Gülnar ATAKİŞİYEVA



17.02.2018 | 14:00