“Layihəmizi qlobal miqyasda necə təqdim etmək barədə düşünürəm”

Yüksək elmi zirvələrə gedən yol ilk təhsildən - orta məktəbdən keçir. Məhz orta  məktəbdə qazanılan biliklər elm yolunu seçənlərin gələcək uğur salnaməsini müəyyən edir. Son illər məktəblilər arasında elmi tədqiqatçılığın təşviq olunması yolunda Təhsil Nazirliyi tərəfindən atılan məqsədyönlü tədbirlər nəticəsində öz düşüncələrini,  zəkalarının məhsulunu ortaya qoyan yeni istedadlı nəsil formalaşmaqdadır. Gənc istedadlardan biri də paytaxtın öz ənənələri ilə seçilən təhsil müəssisələrindən olan akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Zəhra Qasımzadədir.   Xatırladaq ki, Zəhra  bu günlərdə başa çatmış “Sabahın alimləri” VIII  müsabiqəsində  rəfiqəsi Reyhan Camalova ilə “Rainergy” layihəsi  üzrə mühəndislik nominasiyasında qalib gələrək qızıl medala layiq görülüb və may ayında ABŞ-ın Finiks şəhərində keçiriləcək Intel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisində ölkəmizi təmsil etmək hüququ qazanıb.  Zəhra ilə söhbətləşirik. Məktəbli bu vaxta qədər iştirak etdiyi müsabiqələr və uğurlar barədə həvəslə danışır:

 

 

- Mən bundan əvvəl də “Sabahın alimləri”  kimi  bir çox yarışmalara qatılmışam.  2017-ci ildə “Climate LaunchPad Azerbaijan 2017” müsabiqəsində “Ən sevimli startap” mükafatına  layiq görülmüşəm. “Yeni fikir 2017” müsabiqəsində 148 layihə arasından ilk 10-luğa düşən finalçı olmuş və “Ən gənc iştirakçı” adına layiq görülmüşəm. “Forbes” jurnalında adı keçən “Rainergy” layihəmiz bu yaxınlarda ilk dəfə İslam İnkişaf  Bankı tərəfindən keçirilən “Transform Fund”  yarışmasında dünya üzrə 1570 layihə arasından ilk 32 layihə arasına düşərək qalib olub və  qranta  layiq görülüb.

 

- ABŞ-a vəsiqə qazanmış layihə barədə danışardınız...

 

-  Bu il ilk dəfə olaraq “Rainergy” layihəsi ilə “Sabahın alimləri”  müsabiqəsinə qatıldıq. Bu layihə yağışlı ölkələrin ucqar bölgələrində yaşayan insanların enerjiyə əlyetərliliyini təmin edən bir cihazdır. Bizim indiyə qədər 3 prototipimiz olub. İlk prototip cəmi 3 led lampanı, 2-cisi 22 led lampanı işıqlandırıb. Üçüncü və son prototipimiz rotorun fırlanma sürəti saniyədə 180 dövr olmaqla 120 vatt enerji yaradır.

 

- Mütəxəssislər necə qiymətləndirir layihənizi?

 

- Təbii ki, bizim layihə qlobal məkana çıxdıqdan sonra Azərbaycanda böyük marağa səbəb oldu. Mütəxəssislər tərəfindən də maraqla qarşılandı. Biz mütəxəssislərlə görüşdük, müəyyən araşdırmalar, hesablamalar apardıq, hansı ki, yağışlı ölkələr üçün çox önəmlidir. Layihəmizə kimlər investisiya qoyacaq və bunun axırı  necə olacaq, bu kimi məsələlər üzərində düşündük. Mütəxəssislər gördülər ki, həqiqətən də belə bir şey mümkündür və əhəmiyyətlidir. Enerjini alternativ mənbələrdən almaq hazırda gündəmdə duran ən mühüm problemlərdən biridir. Ona görə də yağışlı ölkələr üçün “Rainergy” çox aktual cihazlardan hesab olunur.

 

- Layihənizə investorlardan dəstək gözlənilirmi?

 

- Bəli, gözlənilir. Hazırda yuxarıda qeyd etdiyim kimi, bizə ən çox kömək olan mənbələrdən biri kimi, İslam İnkişaf Bankı tərəfindən qrant  təqdim olunub.  Başqa ölkələrdən, deyək ki, layihəmiz barədə Hindistanda keçirilən qlobal sammitdə də bəhs olunub. Hindistan da yağışlı ölkə olduğundan orada da böyük marağa səbəb oldu. Bəziləri hətta deyirdilər ki, prototiplər yox, “Rainergy” özü hazır olandan sonra bu  qurğunu əldə etmək arzusundadırlar.  

 

- Layihənin hazırlanmasına necə qərar verdiniz?

 

- Düzü, 2017-ci ilin aprel ayında bizim məktəbə “Social Innovation Lab”in təsisçisi və direktoru  Cəsur Həsənov gəlmişdi. O, bizə startap layihəsi barədə məlumat verdi və orada iştirak edə biləcəyimizi söylədi. Mən VIII sinifdə oxuyurdum.  Reyhanla qərara gəldik ki, “Rainergy” layihəsi müsabiqədə yer tuta bilər. Ona görə də bu layihə üzərində çalışmalara başladıq.  Daha sonra tədqiqatların davamı gəldi.

 

- Başqa hansısa üzərində işləmək istədiyiniz layihələr varmı?

 

 

- Hələlik X sinif şagirdi olduğumuza və universitetə hazırlaşdığımıza görə yalnız “Rainergy” üzərində işləyirik. Gələcəkdə başqa planlarımız da olacaq.

 

- ABŞ-da sizi çox gərgin mübarizə gözlədiyini nəzərə alırsınızmı?

 

 

- Bəli, əlbəttə. Buna görə də biz hazırda layihəmizin elmi əsaslandırması üzərində  intensiv iş aparırıq. Araşdırmalarımız davam edir və mütəxəssislər tərəfindən   qiymətləndirmələr aparılır. Çünki 3 ay vaxtımz qalıb. Mayın 12-yə kimi bütün işlər başa çatmalıdır. ABŞ-da  Azərbaycanı təmsil etdiyimizə görə layihə üzərində çox çalışırıq. Azərbaycanı ABŞ-da layiqincə təmsil edəcəyik. Layihəmizi qlobal miqyasda necə təqdim etmək barədə düşünürəm.

 

- Sizdə elmi tədqiqatlara maraq nə vaxtdan başlayıb?

 

- Mən VII-VIII siniflərdə oxuyanda elmi tədqiqatlara böyük marağım var idi.  Araşdırmalara həvəs göstərirdim. Elmi mövzuda filmlərə baxmağı çox sevirdim. Biz  layihə üzərində komanda halında işləyərək fikirləşdik ki, bu layihə ilə qabağa gedə bilərik. Ona görə də elmi tədqiqatlara və layihələrə maraq göstərməyə başlamışdım.

 

- Daha çox hansı fənlərə maraq göstərirsiniz?

 

- Mən daha çox, düzünü desəm, “Rainergy”lə heç bir  əlaqəsi yoxdur, amma planetlərin coğrafiyası ilə maraqlanıram.  

 

- Kitablara münasibətiniz  necədir?

 

- Kitablara marağım böyükdür. Düzdür, indi universitetə hazırlaşdığıma görə çox da kitab oxuya bilmirəm. Amma sənədli filmlər, araşdırma mövzulu filmlərə baxmağı  da çox sevirəm. Boş vaxtlarımda isə layihəmiz üzərində işləyirəm.

 

- Gələcək hədəfləriniz...

 

- Gələcək hədəflərim xaricdə ali təhsil almaqdır. Biznes üzrə ali təhsil almağı planlaşdırıram. Ən aktual problemlərdən olan biznes, iqtisadiyyatdır ki, indi aparıcı universitetlərdə bu sahələrə diqqət çoxdur. 

 

- Necə hesab edirsiniz, bu cür layihələr bizim gələcək həyatımızı dəyişə bilərmi?

 

- Təbii ki, dəyişə bilər. Məncə, məktəblərdə, universitetlərdə belə layihələr, sosial işlər çox keçirilsə yaxşıdır. Bu cür layihələrlə şagirdlər öz gələcək həyatlarını dəyişə bilərlər. Çünki xüsusilə də məktəb yaşlarında bu layihələrdə iştirak etmək özü çox önəmlidir. Elə “Sabahın alimləri” müsabiqəsini götürək. IX-X-XI sinif şagirdləri indidən bir layihə üzərində komanda halında işləyə, bu yaşlardan öz fikirlərini layihələrlə çatdırmaq qabiliyyətinə malik ola bilirlərsə, görün, universitetdə oxuduqda və ya ali məktəbi bitirdikdən sonra bir işə sahib olduqda nələr edə bilərlər... Yəni bu yaşlarda tədqiqatçılığa, araşdırmalara başlamaq, məncə, daha yaxşı olar.

 

- Təhsil Nazirliyi istedadlı şagirdlərin üzə çıxarılması üçün müxtəlif olimpiadalar və fənn müsabiqələri keçirir. Bu müsabiqələrin əhəmiyyətini, şəxsən özünüz üçün necə qiymətləndirirsiniz?

 

 

- Bu cür müsabiqələrin keçirilməsini çox yüksək qiymətləndirirəm. Çünki məhz bilik yarışları şagirdlərin tədqiqatçılıq imkanlarını üzə çıxarır. Bu cür müsabiqələrə, layihə əsaslı tədqiqatlara erkən yaşlardan başlamaq daha məqsədəuyğundur.  Əvvəllər məktəblərdə ancaq dərs oxumaq, kitab oxumaq üstün tutulurdu. Amma indi  əsas hədəf kitablar, təkcə bal toplamaq deyil. Əsas olan layihələrdir, insanın öz fikrini deməsi, əsaslandırması daha yaxşıdır. Yəni, kitablarla kifayətlənmək olmaz. Təhsil Nazirliyi tərəfindən hər il keçirilən “Sabahın alimləri” kimi bilik yarışları, fənn olimpiadaları hər bir şagird üçün öz imkan və qabiliyyətlərini nümayiş etdirmək baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Məhz buna görədir ki, şagirdlər arasında bu cür müsabiqələrə maraq ildən-ilə artır.

 

 

Oruc MUSTAFAYEV

 



01.03.2019 | 14:02