Orta məktəbdə əsərin dilinin bədiilik baxımından öyrənilməsi

Bədii əsərlərin dilinin orta məktəbdə öyrənilməsini yüksək səviyyədə təşkil  etməyin şərti bu problemin elmi-nəzəri cəhətdən aydınlaşdırılması, bədii dil anlayışının məzmununun şərh  olunmasıdır. Yalnız bədii dilin əsas komponentləri müəyyənləşdirilib sistemə salındıqdan sonra onun hansı cəhətlərini orta məktəbdə öyrətmək və digər metodiki  məsələləri qarşıya qoyub həll etmək olar.

 

Bəs bədii dil nə deməkdir? Bu anlayışın məzmunu nədən ibarətdir?  Əvvəla, qeyd etmək lazımdır ki, elmi ədəbiyyatda bədii dil termini ilə  yanaşı, bir sıra digər sözlər sinonim kimi işlədilir və çox zaman onların məzmununa fərq qoyulmur. Həmin sözlər bunlardır: bədii dil, bədii üslub, poetik dil, obrazlı dil, bədii nitq, ədəbi əsərin dili.

 

Biz tədris prosesində qarşıya qoyduğumuz məqsəddən asılı olaraq yalnız  bədii dil termini üzərində dayanmaq istəyirik. Çünki  tədrisin prosesi zamanı ədəbi əsərin dili məhz bu  anlayışla sıx bağlıdır.

 

Bizə məlum olduğu kimi ədəbi dil anlayışının  məzmunu, hər şeydən əvvəl, bu birləşməyə daxil olan sözlərin mənası ilə sıx əlaqədardır. Məhz bu  səbəblərin  tədris  zamanı həmin  sözlərin  birləşmə daxilindəki məzmununu aydınlaşdırmaq  lazım gəlir. Bədii dil birləşməsi dilin  bütün materiallarına və xüsusiyyətlərinə münasibətdə ayrı-seçkilik qoymur: onların hamısından bədiilik yaratmaq məqsədilə istifadə oluna bilər. Bədii dil anlayışının məzmununa diqqət yetirsək görərik ki, bura sərrastlıq və emosionallıq kimi xassələr daxildir. Başqa üslublardan fərqli olaraq bədii dildə sərrastlıq obyektin xarakterik konkret cəhətinin ifadəsinə, obyektin  “portretini” yaratmağa xidmət edir.

 

Şagirdlərdə bədii dil anlayışı həm yazılı, həm də şifahi nitqdə özünü büruzə verir. Bu ünsürlər təxminən aşağıdakılardan ibarətdir:

 

1. Səslər

 

2. Sözlər

 

3. İfadələr

 

4. Struktur qaydalar, normativlər

 

5. İntonasiya

 

Bədii dil çox geniş anlayışdır. O, bütün dövrlərdə söz ustadlarının müxtəlif forma və janrlarda yaratdığı ədəbi  əsərlərin dilini, habelə adamların təsirli danışıq zamanı istifadə etdikləri ünsür və xassələr sistemini əhatə edir. Bu anlayışa onunla tabelilik münasibətində olan bir çox məfhumlar daxildir. Həmin tabe  məfhumlar bədii dilə müxtəlif baxımdan  yanaşılması, yaxud onun ayrı-ayrı  cəhətlərini müəyyən mövqedən izahı ilə əlaqədar işlədilir. Bədii dil ilə əlaqədar olan aşağıdakı məfhumları  qeyd etmək olar: müəyyən üslubun dili: müəyyən yazıçının  dili,  konkret əsərin dili, konkret obrazın dili və s. Bu məfhumların hər birinin özünəməxsus cəhətləri, xüsusiyyətləri var. Göründüyü kimi,  bədii dilə dair biliklərin həcmi çox genişdir.

 

Orta məktəbin ayrı-ayrı mərhələlərində bu anlayışlardan bəzilərinin  öyrənilməsinə geniş yer verilir, digərlərinə isə  az. Məsələn, V-VIII siniflərdə  nəzm, nəsr və dram əsərlərinin dili, konkret  əsərin və obrazın dil  anlayışlarının öyrənilməsində əsas yer tutur.

 

Əsərin dilinin ünsürcə xassələri qarşıya qoyulan məqsəddən asılı olaraq müxtəlif baxımdan izah oluna bilər. Ədəbiyyat dərslərində bədii əsərlərin  dilinin təhlilində, şübhəsiz ki, bədii  baxımdan izahlar üstünlük təşkil edir. Bununla birlikdə, dilçilik elminə aid cəhətlərin də izahı, öyrənilməsi son dərəcə vacibdir. Çünki bunları bilmədən bədii xassələri duymaq, başa  düşmək çətindir.

 

Əgər yuxarıda deyilənləri nəzərə alsaq, orta məktəbdə ədəbi əsərlərin dilinin, yaxud bədii dilin öyrənilməsinə aşağıdakı  cəhətləri daxil edə bilərik:

 

1. Yazıçının hansı dil  mənbələrindən istifadə etməsi  (ümumxalq dili, şifahi ədəbiyyat, yazılı ədəbiyyat, əcnəbi söz və ifadələr və s.).

 

2. Çətin söz və ifadələrin izahı  (buraya həm  lüğəvi mənası anlaşılmayan, həm də sözaltı mənası çətin başa düşülən söz və ifadələr daxildir).

 

3. Dili bədiiləşdirən qaydaların izahı.

 

4. Dünyagörüşündən, yaradıcılıq metodundan və fərdi üslubundan asılı olaraq yazıçının dildən  necə istifadə etməsi.

 

5. Ayrı-ayrı janrlardan, növlərdən asılı olaraq əsərin dil xüsusiyyətlərinin izahı.

 

Bununla belə, dili bədiiləşdirən qaydalardan necə  istifadə olunması məsələsi bədii əsərlərin dilinin mahiyyətinin əsasını təşkil edir və  bədii əsərin dilinin ən mühüm əlaməti hesab edilə bilər. Buna görə də  həmin məsələ əksər hallarda diqqət mərkəzində olmalıdır.

 

Bədii  dil mükəmməl sistemdən ibarətdir. Başqa sistemlər kimi, onun da ümumi və  xüsusi cəhətləri, xassələri, növ və cinsləri vardır. Ümumi xassələrdən biri budur ki, bədii dilin  yaranmasında iştirak edən bütün ünsürlər (söz, ifadə, intonasiya  vasitələri və s.) nominal mənadan başqa əlavə məzmunla dolğunlaşırlar.

 

Yeri gəlmişkən, dil ünsürünün (sözün, ifadənin) mənası və dil ünsürünün məzmunu terminləri arasındakı fərqi izah etmək lazımdır. Sözün mənası zənginləşib dedikdə  anlaşılmalıdır ki, sözün bildirdiyi obyektin əhatə dairəsi genişlənmişdir. Məsələn, ümumişlək sözlər termin kimi işləndikdə onların mənası dolğunlaşmış olur. Əgər biz su sözünü adi məişət danışığında işlədiriksə, məsələn, su içdim, bu söz həyatda olan bir əşyanı bildirir. Vəssalam. Lakin su sözünü kimya elminə aid söhbətlərdə işlədiriksə, məsələn, bütün bitkilərin tərkibində su var, bu zaman həmin söz müəyyən əşyanı bildirməkdən əlavə, onun tərkibini, digər maddələr arasında tutduğu mövqeyi də əks etdirir. Sözün məzmunu genişlənmişdir dedikdə aydın olur ki, söz mənaca zənginləşməkdən əlavə hiss ilə də dolğunlaşmışdır. Sözün hiss ilə dolğunlaşması isə danışanın obyektə münasibəti ilə əlaqədardır.

 

 

Yanında balası, yağış gölündən

 

Əyilib su içir bir ana ceyran

 

(S.Vurğun. “Ceyran”)

 

 

Bu misalda “əyilib su içir bir ana ceyran” ifadəsindəki su sözü mayeni bildirməkdən əlavə, təmizlik, sakitlik, aydınlıq, gözəllik kimi məzmun çalarını da ifadə edir. Bu söz ceyranın vəziyyətini də əks etdirib onun gözəlliyini, xoşhallığını tamamlayır.

 

Sözün məna cəhəti məntiqi, məzmun cəhəti isə əsasən bədii təfəkkürlə bağlıdır. Lakin burada məna ilə məzmun bir-birinə zidd deyil, onlar bir-birilə sıx bağlıdır. Məzmun daha genişdir, o mənanı da özündə əks etdirir.

 

Sözün, ifadənin, intonasiyanın məzmunca dolğunlaşmasını bütün janrlarda (lirik, epik və dramatik əsərlərdə) müşahidə etmək olar. Lakin onların hər birində bu xassə özünəməxsus qaydada, spesifik formalarda təzahür edir.

 

Bütün bu sadaladığımız və toxunduğumuz məsələlərin orta məktəbin tədris prosesində öz əksini geniş mənada tapması daha da məqsədəuyğun olardı. Ədəbiyyat dərslərinin tədrisi prosesində əldə edilən uğurlu nəticələr məhz bu cür tədris üsulları ilə müvəffəqiyyət qazana bilər.

 

 

Şəhla FƏTƏLİYEVA,

filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Müəllimlər İnstitutunun dosenti



06.04.2019 | 10:01