İbn Sina - Bəhmənyar: müəllim-tələbə

Pedaqoji fəaliyyətlə məşğul olanlara yaxşı məlumdur ki, öyrətmənin və öyrənmənin səmərəli olması ən çox müəllim-şagird münasibətindən asılıdır.

 

Öyrədənin elmi, savadlı olması, öyrətmə metodunu yaxşı bilməsi başlıca şərtdir. Bununla yanaşı şagird psixologiyasını bilmək, ona cəmiyyətdə davranış qaydalarını öyrətmək az əhəmiyyətli deyildir.

 

Təsadüfi deyildir ki, bir çox hallarda şagird öz gələcək həyatı üçün müəllimini örnək seçir.

 

Dünyanın elm nəhəngləri olan İbn Sina və Bəhmənyar nümunəsi bu baxımdan daha diqqətçəkəndir.

 

 

Müəllim - İbn Sina

 

 

İbn Sina 980-ci ildə Buxara şəhəri yaxınlığında Əfşana kəndində anadan olmuşdur. Sonradan avropalılar onu Avisenna kimi təqdim ediblər.

 

İbn Sina öz tərcümeyi-halında yazır: “Atam Abdulla İbn Həsən Əfşanadan əvvəlcə Əfqanıstanın şərqində olan Balax şəhərinə, sonra isə Buxaraya köçmüşdür. Anam Sitara - Ulduz mənasında tanınır. Əvvəlcə mən, sonra qardaşım anadan olub”.

 

Buxarada yazıb-oxumaq fars dilində ikən İbn Sina da bu dildə savad almağa başlamışdır.

 

İbn Sina mədəniyyət mərkəzi, X-XI əsrdə Samanid dövlətinin paytaxtı olan Buxarada böyümüşdür.

 

İbn Sina ötəri də olsa onun yetişməsində Əl-Təbərinin rolunu qeyd edir.

 

Bir qədər sonra məşhur filosof Abu Abdullah an Natili Buxaraya gəlir və İbn Sinanın ailəsi ilə qalır. İbn Sina ondan dini, hüquqi və vətəndaş hüququ məsələlərini öyrənir.

 

Təhsil dövründə o, öz sualları ilə müəllimləri  heyrətə gətirir. O, eyni vaxtda təbiət elmlərini, həndəsəni, astronomiyanı dərindən öyrənir.

 

Əbu Nasir Mühəmməd Fərabi (873-950) ilə tanış olur, ondan çox şey öyrənir.

 

 

Əsrləri adlayan “Tibb qanunu”

 

 

İbn Sina tibb elmi ilə ciddi maraqlanır. Elə bunun nəticəsidir ki, onun 10 cildlik “Tibb qanunu” əsərləri əsrlər boyu  həkimlərin stolüstü kitabına çevrilib.

 

İbn Sina ensiklopedik biliyə malik olmaqla xəstələri pulsuz qəbul edərmiş.

 

1000-ci ildə İbn Sina Xarəzm şəhərinə gəlir. Bu vaxt Xarəzm başçısı II Mamuna bilikli adamları saraya dəvət edir. Onların arasında Əbu Reyhan Biruni də olur.

 

İbn Sina dövrünün məşhur alimləri arasında fəaliyyət göstərir. Son dərəcə işgüzarlığa malik olan İbn Sina eyni bir zamanda güclü təfəkkürə və yaddaşa malik şəxsiyyət kimi tanınır.

 

İbn Sina xeyli müddətdə Həmədan və İsfahanda olur. O, böyük Azərbaycan mütəfəkkiri, gənc Bəhmənyarla burada tanış olur və onu özünə şagird götürür. Elm tarixində qeyd edilir ki, İbn Sina Həmədan şəhərində bir dəmirçi dostunun yanında olarkən Bəhmənyar ora gəlir və deyir: “anam od istəyir”, dəmirçi ona deyir ki, bir qab gətir od apar.

 

Bəhmənyar fikirləşmədən kənardan əlinin içinə quru torpaq yığır və dəmirçiyə deyir ki, odu yığ bura. Bu, İbn Sinanın diqqətini çəkir, elə bu dərrakəli hərəkətinə görə onu özünə şagird götürür.

 

İbn Sinanın “Həkimlik elminin qanunu” əsəri ingilis, rus, özbək dillərinə çevrilir və SSRİ dövründə bu dillərdə nəşr olunur.

 

Haşiyə: - Biz bu yazıya sığışdıra bilmədiyimizdən onlar barədə yaza bilmədik. Müsəlman alimləri mövcud olduğu zamanlarda başqa millətlərin nümayəndələrinə rast gəlmədik.

 

Azərbaycanda isə İbn Sina çoxdan tanınır. SSRİ Rəssamlıq Akademiyasının üzvü Fuad Əbdürrəhmanov  Tacikistanda İbn Sinaya qoyulan heykəlin müəllifidir.

 

 

Tələbə - Bəhmənyar

 

 

Böyük Azərbaycan filosofu Əbül Həsən Bəhmənyar haqqında ilk dolğun məlumata XII əsrdə yaşamış Əli - Əl - Beyhakinin “Tatimma Sivai Əl - Hikmət” (Hikmətlik xəzinəsinə əlavə) adlı əsərində rast gəlirik. O yazır: “...İbn Sinanın tələbəsi, filosof alim Bəhmənyar dini etiqadına görə atəşpərəst olmaqla yanaşı əslən azərbaycanlı idi. İbn Sina tədqiq etdiyi mücərrəd problemlərin böyük hissəsini Bəhmənyar ilə birlikdə aparmışdır. Bəhmənyarın şəxsən özünün yaratdığı əsərlərdən “İdrak”, “Ziynət”, “Sevinc”, “Xoşbəxtlik”, ‘‘Musiqi” və s. haqqında çoxlu sayda traktatları göstərmək olar. Bəhmənyar İbn Sinadan 30 il sonra 1065-ci ildə vəfat etmişdir”.

 

Əl - Beyhakinin bu əsəri əsasən İbn Sinanın yaratdığı fəlsəfə məktəbinə və bu məktəbin 111 tələbəsinə həsr edilmişdir. Əsər 111 elmi məqalədən ibarətdir. Müəllif qeyd edir ki, bu tələbələrin içərisində yalnız Bəhmənyar İbn Sinanın vəfatından sonra yeni fəlsəfi məktəb yaratmış və Yaxın Şərqdə elmi daha da inkişaf etdirmişdir.

 

Bəhmənyar bütün əsərlərini ərəb dilində yazmışdır. Həmin əsərlər hazırda Tehran, Beyrut, London, Leyden və s. kitabxanalarda saxlanılır. Onun “İdrak” (“At - təhsil”) əsəri ilk dəfə Azərbaycan EA Rəyasət Heyətinin təşəbbüsü və təkidi ilə 1980-1982-ci illərdə rus dilindən tərcümə olunaraq “Elm” nəşriyyatı tərəfindən çap edilmişdir. Əsər 3 hissədən ibarətdir:

 

1. Məntiq haqqında;

 

2. Metafizika adlanan elm haqqında;

 

3. Dəqiq mövcud olan şeylər haqqında.

 

Üçüncü hissənin VIII fəsli “Fizika” adlanır.

 

“Fizika” fəslində Bəhmənyar əsasən aşağıdakı məsələləri işıqlandırmışdır.

 

Materiyanın quruluşu və onun bölünməz hissəciklərdən təşkil edildiyi haqda elmi fikirlərin araşdırılması və tənqidi.

 

 

Atomun bölünməsi fikri Bəhmənyar tərəfindən  söylənilib

 

 

Atom haqqında ilk anlayışlar orta məktəbdə öyrədilərkən onun Demokrit dövründən 1903-cü ilə qədər bölünməzliyi qeyd edilir. Elm tarixi göstərir ki, atomun daha kiçik zərrəciklərə bölünməsi fikri hələ XI əsrdə Bəhmənyar tərəfindən söylənilmişdir.

 

Mexanika kursunda hərəkət, sükunət, hərəkətin trayektoriyaya görə növlərə ayrılması XVI əsrdə italyan alimi Q.Qaliley dövrünə yazılır. Halbuki mexaniki hərəkət, nisbi-sükunət, hərəkətin trayektoriyaya görə növləri haqqında ilk fikirlər Bəhmənyarın  adı ilə bağlıdır.

 

Fizika tarixində XVII əsrin ünvanına yazılan hərəkət və sükunət, hərəkətin trayektoriya və təbiətinə görə növləri; məkan, zaman və onların xüsusiyyətləri; işıq hadisələri, günəş şüalarının təbiəti və insan gözünün görmə mexanizmi və s.  hadisələrin şərhini Bəhmənyar hələ eramızın X əsrində vermişdir.

 

Bəhmənyar elmi araşdırmalarda özünün orjinal fikir və mülahizələrini “Fizika”, “Metafizika” əsərlərində irəli sürür.

 

Yunan filosofu Aristotelə görə materiya özlülüyündə heç bir xassəyə malik deyildir. Materiya o vaxt öyrənilə, mənimsənilə bilər ki, təbiətdə hər hansı bir şeyin - əşyanın formasını almış olsun. Aristotel həm də belə hesab edir ki, materiya fəzanın müəyyən hissəsini bütöv doldurur və onu sonsuz sayda hissələrə parçalamaq olar.

 

Digər yunan filosofu Demokrit isə materiyanı bütöv hesab etmirdi. O, göstərirdi ki, materiya bir-biri ilə boşluqda ayrılır və bölünməz olan çox kiçik hissəciklərdən, atomlar adlandırılan zərrəciklərdən təşkil edilmişdir (atom sözü yunanca bölünməz deməkdir). Bu fikir sonralar bəzi müsəlman alimləri tərəfindən irəli sürüldü. Bəhmənyarın “İdrak” əsərində “Cisimlərin bölünməz hissəciklərdən təşkil edildiyi haqda olan fikrin inkarı haqda” fəslində bu problemdən bəhs edilir.

 

 

Bəhmənyar materiya haqqında

 

 

Bu fəsildə Bəhmənyar göstərir ki, müxtəlif xassəli (bərk, maye, şəffaf, qeyri-şəffaf və s.) maddələr eyni xassəli bölünməz hissəciklərdən təşkil oluna bilməz. Digər tərəfdən o, materiyada (maddədə) sonsuz sayda hissəciyin olmasını da qəti olaraq rədd edir. O, yazır: “... Cisimlərdə sonsuz sayda aktiv hissəciklərin olması haqda fikrə gəldikdə isə ... isbat etmək olar ki, o, yanlış fikirdir” (II hissə, səh. 43).

 

Beləliklə, Bəhmənyar belə bir elmi nəticəyə gəlir ki, cismi təşkil edən hissəciklər bölünməli və alınan hissəciklər müxtəlif xassəyə malik olmalıdır. Sonralar XX əsrin kəşfləri (atomun Rezerford - Bor modeli) göstərdi ki, atom bölünəndir. O, müsbət yüklənmiş proton və mənfi yüklənmiş  elektronlardan təşkil olunub. Bu elmi kəşflərin nəticəsi Bəhmənyarın hələ XI əsrdə irəli sürdüyü məntiqi fərziyyələr və fikirlərin necə düzgün olduğuna tam mənada sübutdur.

 

Bəhmənyar göstərir ki, mexaniki hərəkət trayektoriyasına görə iki yerə (düzxətli, əyrixətli) və mahiyyətinə görə iki yerə (təbii - yəni təcilsiz, məcburi - yəni təcilli) bölünür.

 

 

“Düzxətli olmayan istənilən hərəkət təbii hərəkət deyildir”

 

 

Bəhmənyar belə bir mühakimə yürüdür ki, düzxətli hərəkət  təbii və məcburi olmaqla iki cür ola bilər. Lakin əyrixətli hərəkət Bəhmənyara görə təbii ola bilməz. O, yazır: “Düzxətli olmayan istənilən hərəkət həmçinin təbii hərəkət deyildir” (III hissə, səh. 19). Halbuki, Aristotel fırlanma hərəkətini (məsələn, planetlərin hərəkətini) “təbii və daimi davam edən hərəkət” adlandırırdı.

 

Elm aləmində məlumdur ki, fırlanma zamanı yaranan mərkəzəqaçma qüvvəsinin analitik ifadəsini ilk dəfə XVII əsrdə Hollandiya alimi Xristian Hügens kəşf etmiş və bu qüvvənin analitik ifadəsi sonralar Nyuton tərəfindən yaradılan planetlərin hərəkət nəzəriyyəsinin əsasını təşkil edərək, bilavasitə qravitasiya sahəsi ilə bağlanmışdır.

 

Nyuton bu qanunu kəşf etməklə, öz dövrünə qədər yunanları Xalley, Babil astroloqlarını, məşhur astronom - heliosentrik sisteminin banisi Kopernik və dahi fizik Qalileo Qalileyi çıxılmaz vəziyyətdə qoyan “Fırlanan ay və planetləri öz orbitində saxlayan qüvvə hansı qüvvədir” sualına birdəfəlik cavab tapmış, yəni ümumdünya cazibə qanununu kəşf etmişdir. Bütün göy cisimləri bir-birini kütlələrinin hasili ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib qüvvə ilə cəzb edir.

 

 

“Fırlanma hərəkətinin yaranması üçün kənar səbəbin olması vacibdir”

 

 

Bu qanuna əsasən İsaak Nyuton Günəş sistemi modelini yaratdı. Məlumdur ki, fırlanma hərəkətinin baş verməsi üçün mütləq qüvvənin varlığı vacibdir. Həmin qüvvə günəş sistemində qravitasiya qüvvəsidir. Bu elmi qanunauyğunluğu hiss edən Bəhmənyar isə hələ XI əsrdə yazırdı: “... Fırlanma hərəkətinin yaranması üçün kənar səbəbin olması vacibdir” (III hissə, səh. 21). Bu, elm aləmində fırlanma hərəkəti haqqında deyilən ilk düzgün elmi fikirdir.

 

Bəhmənyar daha sonra əyrixətli hərəkətin kainatda yeganə hərəkət növü olduğu nəticəsinə gəlməklə, belə bir fərziyyə irəli sürür ki, bu, məkan və zamanın xassəsi ilə bağlıdır. Bəhmənyar yazır: “...Ölçülərin sonlu olması xassəsindən asılı olaraq sənə aydın olmalıdır ki, sonsuzluğa gedən düzxətli hərəkət yoxdur” (III hissə, səh. 25). Bu mühüm elmi mühakimədən zaman və məkanın əyrilik xassəsinə malik olması xüsusiyyəti aydın görünür.

 

İsaak Nyuton cazibə nəzəriyyəsindəki fəza, Evklit xarakteri daşıyır, yəni fəzada mütləq düz xəttin mövcud olduğu qəbul edilir. Lakin XX əsrin əvvəllərində Eynşteyn tərəfindən yaradılan “Ümumi nisbilik nəzəriyyəsi” göstərdi ki, fəza ümumiyyətlə qeyri-Evklit xarakteri daşıyır, yəni fəzada olan bütün xətlər qapalıdır, mütləq düz xətt yoxdur.

 

Ümumi nisbilik nəzəriyyəsində Eynşteyn tənliyi materiyanın paylanması və hərəkəti ilə məkan və zamanın həndəsi xassəsi arasında mövcud olan əlaqəni müəyyən edir - hissəciklər və sahələr məkan - zaman daxilində yerləşərək onları əyir, yəni əyilmiş məkan - zaman ümumi nisbilik nəzəriyyəsinin simvolu hesab olunur.

 

 

Zamandan kənar hərəkət qeyri-mümkündür...

 

 

Yuxarıda qeyd etdiyimiz kimi, Bəhmənyar məkanın əyrilik xassəsini qəbul etdiyinə görə sonsuzluq anlayışını real qəbul etmir. O, yazır: “... Deyilənlərdən aydın olur ki, sonsuzluq yoxluq təbiətinə malikdir” (III hissə, səh. 26).

 

O, daha sonra müəyyən zaman intervalında qüvvənin təsiri ilə hərəkətin yaranma prosesini araşdırır və yuxarıdakı fərziyyəni təsdiq edərək yazır: “... Beləliklə aydın olur ki, məcburi hərəkət üçün heç bir cisim sonsuz intensivlikli qüvvəyə malik deyil, çünki hadisə müəyyən zaman intervalı daxilində baş verməlidir, belə ki, zamandan kənar hərəkət qeyri- mümkündür. Bu halda isə hərəkət zamandan kənar baş verməli idi, çünki qüvvə artdıqca zaman intervalı kiçilir” (III hissə, səh. 29). Bu, o dövrdə deyilən ən qiymətli elmi fikirlərdən biridir.

 

Məlumdur ki, işıq hadisələrinin təbiəti, mahiyyəti və insan gözünün görmə mexanizmi insanları çox qədim zamanlardan maraqlandırıb. Yəni, eradan üç əsr əvvəl yaşamış məşhur yunan riyaziyyatçısı Evklid belə hesab edirdi ki, insanlar əşyaları o zaman görür ki, insan gözündən çıxan “görmə şüaları” cismin üzərinə düşür və ona görə də insan o cisimləri görür. Bu zaman göz elə bil “görmə şüaları” ilə cisimləri axtarır. Platon və Aristotel də bu baxışı, fikri müdafiə edirdilər. Bu baxışa qarşı ilk dəfə qəti çıxış edən Bəhmənyar yazır: “... Bu baxışın səhv olması aydındır. Belə ki, görmə orqanlarından çıxan səlt mühitin yarımdünyanı dolduraraq tərpənməz ulduzlar sferasına çatması və göz qırpımına qədər geri qayıtması, sonra kirpiklər açılan kimi ondan yenidən həmin cismin çıxması mümkün deyil” (III hissə, səh. 133). Görmə prosesi mexanizmini izah edən Bəhmənyar sonra yazır: “...İnsan gözündən görünən cismə çatan səlt maddə çıxmağa aid baxışın yalan olması təsdiq edilir, onda qərara gəlmək olar ki, insan gözü o vaxt görür ki, görülən cisim insan gözündə dəyişikliklər yaratsın. Lakin görülən cismin özünün cismə çata bilmədiyindən edilən dəyişikliklər görmə orqanlarında görülən cismin xəyalının yaranması ilə bağlanmalıdır” (III hissə, səh. 135). Bəhmənyar sonra xəyalın alınmasını “buzabənzər maye” adlandırdığı göz bəbəyi, onun daha sonra verildiyi sinir sistemi ilə əlaqələndirilir. Müasir baxışa görə mexanizm “şüşəyəbənzər maddə” və selikli qişa ilə bağlıdır. Bu baxımdan Bəhmənyarın o zamankı baxışı müasir nəzəriyyəyə çox yaxındır.

 

 

Bəhmənyar günəş şüalarının təbiəti haqqında

 

 

Günəş şüalarının təbiətinə gəldikdə isə, Bəhmənyar onları materiya kimi qəbul etmir və göstərir ki, şüalar materiya olsaydı, günəş qurtarmalı idi. O, yazır:

 

“Əgər günəşdən çıxan şüalar ondan çıxan materiya ilə bağlı olsaydı, o, kiçilməli idi və ya ondan heç nə qalmamalı idi” (III hissə, səh. 85). Bu termonüvə reaksiyasının məlum olmadığı bir dövrdə deyilmiş cəsarətli fikirdir. Ümumiyyətlə isə Bəhmənyar istilik hadisələrinin mahiyyətini dərk edə bilmir və yazır: “Biz həmçinin onu bilmirik ki, nə üçün sürtünmə zamanı bir cisim başqa bir cismi qızdırır?”  (III hissə, səh. 86).

 

Səs hadisələri də alimləri çox qədim zamanlardan maraqlandırmışdır. Səslə ilk təcrübi tədqiqi XVII əsrdə Qalileo Qaliley aparmışdır. Sonrakı tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, səs dalğaları tezliyi 17 hs-lə 20000 hs arasında olan və mühitdə yayılan elastiki rəqslərdir.

 

Səsin yaranma və onun insan tərəfindən eşidilmə mexanizmini araşdıran Bəhmənyar isə hələ XI əsrdə yazırdı: “... Aydındır ki, səs hansı bir şeyin zərbəsi və ya sınması nəticəsində yaranır, lakin istənilən zərbədən və sınmadan səs yaranmır ... Səs zərbənin və ya sınmanın özü deyil, onları insan gözü ilə görür... Havanın və ya suyun rəqsləri qulağa çatdıqda orada olan havanı rəqsə gətirir. Qulağın arxasında isə üzərində səsə həssas olan əsəb pərdəsi - membran yerləşir və onun sayəsində insan səsi eşidir” (III hissə, səh. 131). Aydındır ki, Bəhmənyar ilk növbədə istənilən zərbədən səs yaranmır dedikdə tezliklər intervalını xatırlayırıq. Digər tərəfdən, səsin yalnız mühitdə yayıla bilməsini dahiyanə tərzdə görən Bəhmənyar müasir baxışla uyğun gələn bir elmi nəticəyə gəlir. Səsin vakuumda yayılması barədə Bəhmənyarın xüsusi baxışı var. O, ümumiyyətlə vakuumda hərəkətin, xüsusən məcburi (təcili) hərəkətin mümkünlüyünü inkar edib göstərir ki, cismi məcburi hərəkət etdirmək üçün səbəb, yəni kənar təsir lazımdır. Boşluqda isə kənar cismin olması qeyri-mümkündür. Bəhmənyar bu ideyanı söyləyərkən hələ impulsun saxlanma qanunu məlum deyildi.

 

Bəhmənyarın elmi irsi elə tükənməz xəzinədir ki, o, bizi dünyanın mədəni xalqları arasında alnıaçıq, üzüağ edir.

 

 

Tacəddin VAHİDOV,

ADPU-nun dosenti

 



13.04.2019 | 14:45