Britaniyada smartfonların təhvili üçün avtomatlar quraşdırılır

ABŞ ərazisində avtomatları 19 milyondan çox işlənmiş mobil telefonu qəbul edən “Gazelle” şirkəti Böyük Britaniyada ilk avtomatlarını quraşdırıb.

 

www.psm7.com saytının məlumatına görə, Böyük Britaniya sakinləri artıq 18 terminaldan istifadə edə bilərlər. Bu avtomatlar London və Midlendsin supermarket və ticarət mərkəzlərində quraşdırılıb. “Gazelle” gələcəkdə işlənmiş mobil telefonların utilizasiyası üzrə terminallar şəbəkəsinin sayını xeyli artırmağı planlaşdırır.

 

Öz köhnə telefonunu bu kimi avtomatlara təhvil verən britaniyalılar dərhal ödəniş əldə edirlər, həmçinin telefonlarının utilizasiya ediləcəyinə əmin olurlar. Terminal telefonun qiymətini cihazın modelindən, yaddaş tutumundan və ikinci bazarda qiymətindən asılı olaraq müəyyənləşdirir.

 

Bundan əlavə, terminal telefonda cızıq olub-olmadığını yoxlayır, bütün lazımi informasiyanı oxuyur. Tam qiymətləndirmə aparıldıqdan sonra avtomat telefon üçün qiymət təklif edir. Cihazın sahibi qiymətlə razılaşa və ya satışdan imtina edə bilər. Qurğunun sahibi qiymətlə razılaşdığı halda terminal “PayPal” və ya bank köçürməsi vasitəsilə ödəniş variantı təklif edir.



21.04.2019 | 13:34