Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub

İsveçdəki Azərbaycan diaspor təşkilatları Stokholmda, Türkiyənin Milli Suverenlik və Uşaq Gününə həsr olunan böyük tədbirdə ölkəmizin musiqi və rəqsləri nümayiş  etdiriblər.

 

İsveç paytaxtının mərkəzində yerləşən “Kunqstredqorden” parkında baş tutan tədbirdə İsveç-Azərbaycan Dərnəyinin üzvləri də çıxış ediblər. Ölkəmiz haqqında  söz açan dərnək üzvüləri Azərbaycanda uşaqların  hüquqlarının qorunmasına daim önəm verildiyini vurğulayıblar.

 

Tədbirdə İsveç-Azərbaycan Birliyinin uşaq rəqs qrupu tərəfindən təqdim olunan “Naz eləmə” və “Nəlbəki” Azərbaycan milli rəqsləri  tamaşaçılarda  xoş ovqat yaradıb. Konsertlə yanaşı müxtəlif türkdilli ölkələrinin nümayəndələrinin qatıldığı tədbirdə  bayram yarmarkası da keçirilib. Yarmarkada, bu ölkələrin diaspor fəalları tədbir iştirakçılarına və qonaqlara öz mədəniyyətini, milli geyimlərini, adət-ənənələrini nümayiş etdiriblər.

 

Builki yarmarkada ölkəmizin mədəniyyətini və adət-ənənələrini Stokholmda yeni fəaliyyətə başlamış “Tumurcuq” Azərbaycan Dram teatrı nümayiş etdirib. Teatrın fəalları və üzvləri qonaqlara Azərbaycanla bağlı müxtəlif maraqlı məlumatlar verib və onları ənənəvi milli şirniyyatlara qonaq ediblər.

 

Sifai SƏFƏROVA

 



23.04.2019 | 17:31