"Kitab bilik mənbəyidir" mövzusunda tədbir keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ  Gününə və “Oxu Günü”nə həsr edilmiş "Kitab bilik mənbəyidir" mövzusunda tədbir keçirilib.

 

Kitabxana-İnformasiya Mərkəzinin direktoru vəzifəsini icra edən Zinharə Həsənova bu günün tarixi barədə ətraflı məlumat verib. O bildirib ki, son illər müəllif hüquqları sahəsində ölkəmizin beynəlxalq əlaqələri genişlənib, Azərbaycan yeni konvensiyalara qoşulub və beynəlxalq təşkilatların üzvü olub. Azərbaycanın bugünkü müəllif hüquqları müasir informasiya, ilk növbədə, rəqəmsal texnologiya və multimedia kompüter sisteminə əsaslanır. Bu gün rəqəmsal dünyanın köklü dəyişikliklərinə baxmayaraq, kitab yenə də öz əhəmiyyətini qoruyub saxlayır. Mərkəz direktoru bildirib ki, kitabla ünsiyyətdə olanlar və ülfət bağlayanlar mənəviyyatlarının zənginliyi ilə də digərlərindən seçilirlər. Kitab və mütaliənin insan həyatındakı rolu danılmazdır. Kitab həm də insanın nitqinin və dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. Hər bir alimin, yaradıcı insanın gələcək nailiyyətləri onun kitablar arasında keçirdiyi aramsız araşdırmalarının nəticəsidir. Kitab zaman-zaman hər kəsin dostu olub. Kitabların yaratdığı ünsiyyət, onların bağladığı ülfəti və verdiyi dərsi olduğu kimi dərk etmək gənc nəslin mənəvi borcudur.

 

Kitabxana-İnformasiya Mərkəzinin Biblioqrafiya və informasiya şöbəsinin müdiri Nüşabə Əmirəliyeva bugünkü tədbirin bilik və bacarıqların, fikir və düşüncələrin fövqündə dayanan kitaba, mütaliəyə və oxucuya, müəllifə və onun haqqına olan böyük hörmətə həsr edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

 

Sonra professor Zahid Xəlil öz şeirlərini oxuyub.

 

Dosent Füzuli Əsgərli, Əməkdar mədəniyyət işçisi Qəşəm İsabəyli çıxışlarında gənclərə mütaliə etməyi, biliklərini artırmağı, dünyagörüşlərini genişləndirməyi tövsiyə ediblər.

 

Tədbirdə Filologiya fakültəsinin I tədris ili tələbəsi Leyla Uquzova Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bir parçanı, professor Zahid Xəlilin “Uzun yol” şeirini, III tədris ili tələbəsi Xədicə Mahmudova professor Mahirə Hüseynovanın “Vətəndir” şeirini səsləndiriblər.

 



23.04.2019 | 16:40