Dillər Universitetində Çin dili günü qeyd olunub

Azərbaycan Dillər Universitetində (ADU) Çin dili gününə həsr olunmuş bayram tədbiri keçirilib.

 

Tədbirin açılışında ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan-Çin dostluq əlaqələrinin inkişafı sahəsində fəaliyyətlərinə həsr olunmuş Çin dilində kitablar, tədris ədəbiyyatı və materialların sərgisi keçirilib.

 

Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışaraq, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış müqavilələrin əhəmiyyətini vurğulayıb. O, qonaqlara ADU-nun Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər - bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib.

 

Azərbaycanlı gənclərin Çin dili və mədəniyyətinə marağının artdığını qeyd edən R. Abbasov ölkəmizdə bu dilin öyrənilməsi üçün nəşr olunan metodik vəsaitlərin, proqramların və ADU tərəfindən hazırlanan ilk milli çin dili dərsliyinin əhəmiyyətini diqqətə çatdırıb.

 

Konfutsi İnstitutunun Çin tərəfindən direktoru  xanım Li Jihua isə Çin dili tarixi haqqında danışıb. O, Çin yazısının banisi, əfsanəvi imperator Xuan Dinin sarayının tarixçisi, köhnə heroqliflərdən sonra piktoqram növlərini hazırlayan Szyan Szenin, bu dilin inkişafına verdiyi töhfələrə toxunub. Xanım Li həmçinin, ADU-da Çin dili tədrisinin metodik xüsusiyyətləri və perspektivləri haqqında məlumat verib.

 

Sonra Konfutsi İnstitutunun əməkdaşları Çin xəttatlığı, kağız kəsimi, Çin şahmatı, düyün vurulması sənəti mövzusunda master-klass keçiriblər. ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Çin mahnıları və rəqsləri ilə çıxış ediblər. Tələbələr məşhur Çin “Tai Chi” gimnastikasının əsas elementlərini də nümayiş etdiriblər.

 

Sonda qonaqlar məşhur Çin çayının dəmlənməsi mərasimində iştirak edərək, dünyanın məşhur yaşıl çayının aroması və dadından zövq alıblar.

 



24.04.2019 | 13:15