BDU-nun 100 illik yubileyinə həsr edilən bilik yarışmasının qalibləri mükafatlandırılıb

Bakı Dövlət Universitetində (BDU) Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində universitetin 100 illik yubileyinə həsr olunan bilik yarışmasının mükafatlandırılma mərasimi keçirilib.

 

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə öncə universitetin 100 illik yubileyi münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.

 

BDU-nun rektoru Elçin Babayev bilik yarışmasının əhəmiyyətindən danışıb. O qeyd edib ki, cari ilin fevral-mart aylarında riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə keçirilən bilik yarışmasında məqsəd SABAH qruplarında təhsilin keyfiyyətini artırmaq, həmçinin, elmi potensialı, istedadı, yaradıcı təfəkkürü olan tələbələri sağlam rəqabət şəraitində üzə çıxartmaq və inkişafına təkan verməkdir. Rektor SABAH qrupları layihəsinin kifayət qədər uğur qazandığını vurğulayıb və qalibləri təbrik edib.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov bilik yarışını tələbələrin inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsində və peşəkar kadr kimi yetişməsində mühüm addım kimi dəyərləndirib. Nazir müavini tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi formalaşması, eləcə də sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmaları üçün bilik, bacarıq və müvafiq vərdişlərini daim inkişaf etdirməli olduqlarını bildirib. 

 

Bilik Yarışmasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universieti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universitetinin tələbələri iştirak edib. İştirakçıların sayı ötən illə müqayisədə 40% artıb və ümumilikdə 800-ə yaxın qeydiyyatdan keçən SABAH tələbəsini əhatə edib. Yarışmanın birinci mərhələsində 689, ikinci mərhələsində 161 tələbə iştirak edib, 28 tələbə final mərhələsinə vəsiqə alıb, onlardan hər nominasiya üzrə üç nəfər olmaqla 9 nəfər qalib olub.

 

Sonra qaliblər təltif edilib.

 

Tədbir bilik yarışlarının mahiyyətini və uğurlarını özündə əks etdirən videoçarxın nümayişi ilə başa çatıb.

 



24.04.2019 | 16:30