“Orda da məktəblinin dostları olsaydı...”

Bu dəfə də gözlər onları axtardı. “Orda da məktəblinin dostları olsaydı...” , - deyib, bir məktəblinin intiharının ardından axtardığımız boşluqlar arasında məhz “Məktəblinin dostu” layihəsinə ehtiyac duyulan bir yerdə yoxluğunu gördük. Hansı ki, 2016-2017-ci tədris ilinin ikinci yarısından başlasa da, həmin dərs ilinin ən uğurlu layihəsi oldu. Cəmi 30 məktəbdə pilot olaraq başlayan layihə tezliklə böyük nüfuz qazandı. Əməkdaşları məktəblilərin qəhrəmanlarına, valideynlərin güvən yerinə, məktəbin isə görən gözünə, eşidən qulağına çevrildi. Təcrübəsinə daha bir tədris ili də əlavə olundu. Bu il də onlar eyni temp, dəyişməyən fədakarlıq, daha çevik münasibət nümayiş etdirərək qazandığı nüfuzu artırdı. Nəticədə məktəblərə uşaq gətirən valideynlərin gözü məhz boz geyimli, gülərüz, çevik gənc dostlarını axtardı. Hara getdilərsə, məhz onları soruşdular: “Bu məktəbdə məktəblinin dostu var?”.

 

Bu da bir faktdır ki, artıq məktəblinin dostlarına olan maraq ayrı-ayrı hadisələrin fonunda tələbə çevrilir. Elə 162 nömrəli tam orta məktəbdə VIII sinif şagirdi Elina Hacıyevanın intiharı və bu faktın üzərinə işıq saldığı halların üzə çıxması nəticəsində məktəblinin dostlarının fəaliyyətə başlaması üçün edilən çağırış kimi.

 

Bu çağırışın nəticəsidir ki, “Məktəblinin dostu” layihəsi 162 nömrəli tam orta məktəbdə də fəaliyyətə başladı.

 

 

Məqsəd birdir: təhlükəsiz məktəb, arxayın valideyn

 

 

Məktəblilərin dostları “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində iş başındadırlar. Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə reallaşdırdığı layihə tədris prosesinin sağlam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığının və məmnunluğunun artırılmasına xidmət edir.

 

Əvvəlcə 112 məktəblinin dostu ilə 30 məktəbdə xidmətə başlayıblar. Bu dərs ilindən layihənin tətbiq edildiyi məktəblərin sayı 35-ə, məktəblinin dostlarının sayı isə 139-a çatdırılıb. 20, 200  nömrəli tam orta məktəblər ötən tədris ilindən, 1 nömrəli idman və Vətən liseyləri isə bu ildən “Məktəblinin dostları”nın “siyahı”sına düşüb.

 

Artıq qeyd etdiyimiz kimi, ötən həftə isə “Məktəblinin dostları” daha bir təhsil müəssisəsində, 162 nömrəli tam orta məktəbdə 3 əməkdaşla işə başlayıb.

 

Qeyd edək ki, Azərbaycan təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən “Məktəblinin dostu” layihəsi dünyanın müxtəlif ölkələrində müxtəlif adlarla uğurla sınaqdan çıxarılıb. Burada əsas hədəf məktəb-təhsilalan-valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsilalana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır.

 

 

Gəlişi ilə mühit də dəyişdi, qaydalar da

 

 

Onların məktəbə gəlişi ilə çox şey dəyişib. Hər biri fəaliyyəti ilə məktəbdə təhlükəsiz mühit yaratmağa xidmət edib. Olduqları təhsil müəssisələrində sadəcə mühit deyil, qaydalar da dəyişib. Özü də sadəcə şagirdlər üçün deyil. Bəzən müəllimlər, yeri gələndə valideynlər də onların qaydaları ilə hesablaşmalı olub. Məsələn, məktəblinin dostları sadəcə şagirdlərin deyil, elə məktəb rəhbərliyi və müəllimlərin, hətta valideynlərin belə, məktəb ərazisində siqaret çəkməsinə imkan vermir. Görən kimi irad bildirir və təkrarlanmasına mane olurlar. Odur ki, övladını götürməyə gələn və məktəb ərazisində gözləyən valideynlər də bu qaydalara əməl edirlər.

 

 

Məktəblinin dostlarının bir günü

 

 

Buna nail olmaq onlar üçün elə də asan başa gəlməyib. Fəaliyyətdə olduqları ilk gündən şagirdlərdən əvvəl məktəbə gəlib, sonuncu şagird məktəbdən çıxanda onların da təhsil müəssisələrindəki işi bitib.

 

Beləliklə, hər gün səhər saat 7.30-dan iş başındadırlar. Hər bir ümumtəhsil məktəbində onlara məxsus bir otaq var. Bu otaqdan bir baxışdaca hər yeri görmək, binanın hər sinfini, hər dəhlizini izləmək mümkündür. Kameralaşmış sistem məktəblinin dostlarına bütövlükdə məktəbə nəinki nəzarət etmək, yaranan hər hansı problemi sonradan araşdırmağa da imkan verir. Ancaq həmin otaqda 40 dəqiqədən çox vaxt keçirməyiblər. Bu, istəsələr belə, mümkün deyil. Niyə?

 

Məktəbdə ən çox açılıb-örtülən də onların qapısıdır. Qapıda ən müxtəlif yaş qruplarından olan şagirdləri görmək isə təəccüb doğurmur. Onlardan hər şey soruşa bilərlər. Bu məsələdə də bəlli bir çərçivə yoxdur. Çətinlik çəkdiyi mövzuda onlardan istiqamət istəyən, çalışmasını yerinə yetirməkdə dostlarının köməyinə güvənən, sinif yoldaşlarının qarşısında ona doğum günü sürprizi edilməsini xahiş edən şagirdləri heç vaxt əliboş qaytarmırlar. Məsələn, Xətai rayonu, NZS qəsəbəsi Zakir Yusifov adına 194 nömrəli tam orta məktəbdə şagirdlərin 3 dostundan biri, Hürü Əliyevanın sözlərinə görə, sürpriz doğum günü təşkil etdikləri uşaqların xoşbəxtliyini heç nə ilə əvəz etmək mümkün deyil: “Onlara hər an dəstək olmağa çalışırıq. Məsələn, qarşımıza tez-tez çıxan problemlərdən biri məktəblilərin, xüsusən, ibtidai sinif şagirdlərinin adaptasiyasıdır. Tutaq ki, şagird əmisinin gəlib onunla dərsdə oturmasını tələb və əks halda dərsdə qalmayacağında israr edir. Belə durumlar tez-tez yaranır”.

 

 

Məktəblinin dostlarının cəmiyyətə qazandırdıqları

 

 

Məktəblinin dostları hər məsələdə gözüaçıqdır. Heç nəyə biganə qalmadıqlarından hər hansı problem olanda hamıdan əvvəl fərqinə varırlar.

 

Odur ki, şagirdlər arasında geniş yayılan zərərli vərdişlərə qarşı mübarizədə ən ardıcıl və qətiyyətli tədbirləri məhz onlar təşkil edirlər.

 

Sadəcə zərərli vərdişlərmi? Əslində, məktəblinin dostları onları həm zərərli vərdişlərdən çəkindirməyə, həm də mövcud çətinliklərinə qarşı mübarizəyə ruhlandırmağa çalışırlar. Məsələn, H.Əliyeva deyir ki, sağlamlıq imkanları məhdud uşaqlarla mütəmadi işləyir, onları cəmiyyətə qazandırmaq üçün əllərindən gələni edirlər. Öz üzərinə düşəni etməklə həmin uşaqların valideynlərinin də həyatını asanlaşdırırlar: “Onlara kömək etməyimiz xahişi ilə valideynlər də bizə tez-tez müraciət edirlər. Həm sağlamlıq imkanları məhdud uşaqları olanlar, həm də övladı zərərli vərdişlərə qurşananlar uşaqları ilə danışmağımızı, xüsusi işləməyimizi istəyirlər bizdən. Bu, həm valideynlərin bizə güvənməyinin, həm də övladlarına təsir gücümüzün olduğunu qəbul etmələrinin təsdiqidir”.

 

 

Məktəblinin dostları dərs vaxtı

 

 

Dərs başlayanda məktəblinin dostlarından biri monitorun arxasına keçir, digərləri isə məktəbin binasını və bütün ərazisini gəzir. Nəticədə kameraların görmədiyi künc-bucaq belə gözlərindən yayınmır. Gizli-gizli siqaret çəkən, dərsdən yayınan, məktəbliyə yaraşmayan niyyətlərə düşən, bir sözlə, zərərli vərdişlərə qurşanan yuxarı sinif şagirdlərinin məktəb ərazisindəki planlarını pozur, onlardan nümunə götürməyə çalışan azyaşlı dəcəlləri pis əməllərindən yayındırırlar.

 

 

Məktəblinin dostunun bir ili

 

 

H.Əliyeva deyir ki, nəinki dərs gününün, hətta dərs ilinin necə keçdiyini hiss etməyiblər. Halbuki başlanğıcda qəbul edilmir, aqressiya, anlaşılmazlıq ilə üzləşirdilər. Amma o günlər geridə qalıb. İndi 1500 nəfər şagirdi olan 194 nömrəli tam orta məktəbin ayrılmaz hissəsinə çevriliblər.

 

Fəaliyyət göstərdikləri bütün məktəblərdə onlar böyük nüfuz qazanıblar. Ötməkdə olan 3 ilə baxanda görünür ki, bunun üçün xeyli səy göstəriblər və hər tədris ilində aşkarlayıb üzə çıxardıqları, bununla da kifayətlənməyib tədbirlər gördükləri faktların böyük bir siyahısı əmələ gəlib. Təkcə 2019-cu il ərzində məktəblinin dostları şagirdlərə 4360 dəfə tibbi yardım göstərib, 9 məktəblini ölümdən qurtarıblar. Məktəblərdə 9 yanğının, 8506 münaqişənin qarşısı alınıb.

 

Layihə ilə əhatə edilmiş məktəblərin 90 faizində siqaret çəkilməsi kəskin azalıb.

 

Rəqəmlərdən göründüyü kimi, məktəblinin dostları şagirdlərin sağlamlığına qarşı o qədər həssas mövqe nümayiş etdirirlər ki, nəticədə il ərzində qeydə alınanlar sırasında üstünlüyü də məhz belə faktlar təşkil edib.

 

Ayrı-ayrı faktlarda məktəblinin dostunun yardımının nədən ibarət olduğuna baxaq. Məsələn, 317 nömrəli tam orta məktəbdə məktəblinin dostları müəllimin dadına yetişib. Belə ki, huşunu itirərək yerə yıxılan müəllim xəsarət alıb. Məktəblinin dostları dərhal ona ilkin tibbi yardım göstərib və təcili yardım xidməti çağırıblar.

 

Ürəyinə inamsızlıq, düşüncələrinə intihar fikri hakim kəsilən məktəbli də onların sayəsində indi həyatdadır. Məktubu intihara cəhddən əvvəl ortaya çıxan və məktəblinin dostlarının müdaxiləsi nəticəsində nəinki həyatda qalan, hətta həyatı dəyişən məktəbliyə kömək etmək üçün məsələyə “Psixoloji mərkəz”in psixoloqları cəlb edilib. Məktub yazaraq halallıq istəyən məktəblinin valideynini də məktəbə çağıraraq şagirdin vəziyyətini birgə dəyərləndiriblər. Məlum olub ki, anası və nənəsi ilə birgə yaşayan şagird hər gün küçədə atası ilə qarşılaşır, amma atası onunla danışmır. Yanından yad bir insan kimi keçib gedir. Anası isə aqressivdir. Onunla kobud rəftar edir. Bütün bunlar uşağın ətraf mühitə qarşı etibarının itməsinə səbəb olub. Buna işarə vuran ilk cümləsi psixoloqların diqqətindən qaçmayıb. Odur ki, valideynlə onun davranışını müzakirə edib, məsləhətlər veriblər. Valideyn uşağa olan münasibətini dəyişdikcə uşağın da ovqatı və rəftarı dəyişməyə başlayıb. Şübhə yoxdur ki, bunu məktəblinin dostları vaxtında müşahidə etməsəydi, həmin şagird artıq həyatda olmayacaqdı.

 

20 nömrəli məktəb-liseydə “Məktəblinin dostu” layihəsinin fəaliyyətə başladığı ilk dərs ilində bir intihar cəhdinin qarşısı alınıb. Məktəblinin dostu Asya Əbülfəzlinin ayıq-sayıqlığı sayəsində IX sinif şagirdi ölümdən dönüb. Məktəbin sanitar qovşağında qolunu ülgüc ilə kəsən qız şagirdə “Məktəblinin dostları” layihəsinin əməkdaşı ilkin tibbi yardım göstərib. Məsələnin səbəbini araşdırmağa çalışan məktəblinin dostları şagirdin valideynini də məktəbə çağırıblar. Sinif rəhbəri ilə bərabər, valideynlə də söhbət aparıblar. Valideyni qız övladının psixoloji dəstək alması üçün mütəxəssisə müraciət etdiyindən Psixoloji Mərkəzin psixoloqları ilə konsultasiyaya ehtiyac qalmayıb.

 

 

Şagirdlərin təhlükə ilə “rəqs”i

 

 

Məktəblinin dostlarının hədəfində duran “təhlükəsiz məktəb” söz birləşməsi təsadüfən seçilməyib. Bilərəkdən, ya da bilməyərəkdən, qəsdən, ya da qəzadan, diqqətsizlikdən, yaxud biganəlikdən hər gün onlarla, hətta yüzlərlə şagird təhlükə ilə üz-üzə gəlir. Məktəblinin dostlarının qarşısını aldığı hadisələri gözdən keçirdikcə bunu daha yaxşı anlayırsan. Belə hadisələrdən biri 270 nömrəli tam orta məktəbdə qeydə alınıb. Şagirdlərin təhlükəli zarafatı məktəblinin dostlarını ayağa qaldırıb. 8-ci sinif şagirdi R.S.-nın (şərti ad - müəl.) ayaqlarından tutub  pəncərədən aşağı sallayan sinif yoldaşları M.C. və B.X. ona həyəcanlı anlar yaşadıb. Bu, məktəblinin dostu Nübar Xəlilovanın diqqətindən yayınmayıb və o, R.S.-i xilas edərək, dostlarına bunun çox təhlükəli zarafat olduğunu izah etməyə çalışıb. Baş verənlər zarafat olsa da,  ikinci mərtəbədən başıaşağı sallandığı üçün çox qorxan R.S.-ə yardım etmək vəzifəsi də məktəblinin dostlarının boynuna düşüb.

 

Bu cür fakt 5 nömrəli tam orta məktəbdə də təkrarlanıb. Məktəblinin dostları dərhal müdaxilə edərək şagirdi pəncərədən qaldırıb, sakitləşdiriblər. Şagirdlərlə söhbət aparıb və bu haqda direktor müavininə məlumat veriblər. Şagirdlərin valideynləri də məktəbə dəvət olunaraq, məsələni onların iştirakı ilə müzakirə ediblər.

 

Beləliklə, məktəblinin dostları ayıq-sayıqlığı sayəsində ağır bir itkinin təsiri ilə neçə ailəyə, neçə ata-ananın ürəyinə “od düşməsi”nə mane olublar.

 

 

Yanğın var!

 

 

Yanğın var! Hər yanğının ortasında da yanğınsöndürənlərdən əvvəl məktəblinin fədakar dostları. Onlar uşaqları təhlükədən, məktəbi də, yeri gələndə, yanğından mühafizə ediblər. Necə?

 

139 nömrəli tam orta məktəbdə ibtidai siniflərin ayaqyolunda çıxan yanğının qarşısını almaq, şagirdləri hadisə yerindən evakuasiya etmək hər cür fövqəladə vəziyyətə hazır olan məktəblinin dostları üçün çətin olmayıb. Layihənin əməkdaşları həm şagirdlərin təhlükəsizliyini təmin edib, həm də yanğının qarşısını alıblar.

 

9 nömrəli tam orta məktəbdə məktəbin qarşısında yerləşən idman meydançasında baş verən yanğına da ilk onlar müdaxilə edib. Yanğının məktəbin binasına keçməyinin qarşısını alıb, hadisə yerinə yanğından mühafizə xidməti çağırıblar.

 

5 nömrəli tam orta məktəbdə istilik sobasının yaratdığı yanğını da elə məktəblinin dostları söndürüb.

 

 

Kənar şəxslərin girişi qadağandır

 

 

Onların ayaq basdığı məktəblərdən kənar şəxslərin ayağı birdəfəlik kəsilib. Səbəbi bəllidir. Kənar şəxslərin təhsil müəssisələrində yaratdığı problemlər məktəblinin dostlarının fəaliyyətə başladığı ilk aylardan onlara da, onların fəaliyyətini yaxından izləyən təhsil ictimaiyyətinə də yaxşı tanışdır. 95 nömrəli tam orta məktəbdə qeydə alınan faktda olduğu kimi, məktəbli üçün kənar şəxslər təhlükə, məktəb üçün isə ağır məsuliyyət deməkdir. Bu faktda məktəblinin dostları 5-ci sinif şagirdi A.İ.-ni soruşanın kimliyi və məqsədini müəyyənləşdirdiyi zaman bu gerçəklik daha aydın formada üzə çıxıb. Məlum olub ki, qız şagirdin ailəsi həmin şəxsə borcludur. Şagirdi axtarmağının səbəbi isə ailəsinin borclu olduğu pulu ondan istəməkdir. Həmin şəxs kənarlaşdırılsa da, məktəbin yaxınlığında gözlədiyi məktəblinin dostlarının diqqətindən yayınmayıb. Odur ki, layihə əməkdaşları şagirdin valideyninə və sinif rəhbərinə bu barədə məlumat veriblər. Şagirdə nəzarət gücləndirilib.

 

Məktəblinin dostu H.Əliyeva deyir: “Heç vaxt uşağı yad, tanımadığımız insanlara vermirik. Valideyndən başqası uşağı aparmağa gələndə mütləq araşdırırıq. Hətta valideynə zəng vurur, gələn şəxs barədə məlumat verir, uşağı həmin şəxsə verməyə icazəsi olduğu təqdirdə bunu edirik”.

 

Beləliklə, onların güclü nəzarəti nəticəsində məktəbə daxil olmaq istəyən kənar şəxslər də niyyətinə çatmadan geri qayıdır.

 

 

Yay məktəbi

 

 “Məktəblinin dostları” yayda da məktəbi şagirdsiz, şagirdi nəzarətsiz qoymur. Müşahidələr göstərir ki, uşaqlar “Məktəblinin dostları”nın təşkil etdiyi yay məktəbinə çox həvəslə qatılırlar. Yayda valideynləri işləyən və bu səbəbdən istirahətə gedə bilməyən məktəblilər çox həvəslə bu layihənin iştirakçısına çevrilirlər. Məsələn, Teymur Bayramov yay məktəbinə artıq 2 dəfə qatılıb və günlərinin çox maraqlı keçdiyini söyləyir: “Hər gün maraqlı oyunlar oynayır, yarışlar keçirirdik. “Su yarışı”, “Tornado”, “Breyn-rinq” bizim ən çox sevdiyimiz və oynadığımız yarışlardır. Yay məktəbində elə bir gün olmadı ki, günümüz maraqsız keçsin”.

 

Məlumat üçün qeyd edək ki, yay məktəbi yarım gün olur. Uşaqlar səhər saat 9-da məktəbə gəlir, günorta saat 2-dək çıxıb gedirlər. Artıq məktəblilər arasında təşkil ediləcək yay məktəbinə hazırlaşmağa başlayanlar belə var.

 

 

Şagirdlərə psixoloji dəstək: Psixoloji Mərkəzdə

 

 

Təhlükədən qurtaran, stress yaşayan, yoldaşlarıyla, hətta ailəsi ilə problemi olan uşaqlar qorxu, təşviş hisslərinə qarşı da məktəblinin dostlarından dəstək alırlar. Aralarında ixtisasca psixoloqlar çox olduğundan məktəblilərin iştirakçısı olduğu belə hadisələrdə xüsusi psixoloqlara zərurət yaranmır. Məktəblinin dostları uşaqları hər an müşahidə altında saxlayır, baş verən dəyişikliyi vaxtında sezməyə çalışırlar. Şagirdlərlə səmimi münasibət də onlara bu imkanı yaradır. Dost hesab etdikləri üçün məktəblilərin özü onlara yaxınlaşıb problemlərini danışırlar. Beləliklə, məktəblinin psixoloji problemləri onun dostunun nəzərindən yayınmır. Yaxşı oxuyan şagirdin qiymətlərinin düşməsindən tutmuş hər hansı müşahidə etdikləri qeyri-adi davranışına qədər heç bir problemə biganə qalmırlar. Yəni, məktəblinin ilk psixoloqu, ilk yardım göstərəni elə dostlarıdır.

 

Ancaq məktəblinin dostunun əlindən gəlməyən, gücü çatmayan, səlahiyyəti imkan verməyən problemlər də ortaya çıxır.

 

 

Maraqlıdır, məktəblinin dostlarının məktəbdə qarşılaşdıqları, ancaq öhdəsindən gəlməkdə çətinlik çəkdikləri hansı problemlərdir? Məktəblinin dostu valideyn-uşaq münasibətlərinin pozulması, I sinfə adaptasiya, yeniyetməlik böhranı, şagirdlər və ya ailə tərəfindən şiddət, aqressiya, qorxu və fobiyalar, suisidal fikirlər, idrak prosesinin pozulması, hiperaktivlik, özünəinamsızlıq, inkişafda ləngimə, imtahanqabağı stress, psixoloji travma, özünəxəsarət, özünəqapanma, davranış pozuntusu kimi problemlərlə qarşılaşdıqda məsələyə psixoloqlar qarışır. “Məktəblinin dostu” layihəsinin psixoloqları dərhal məktəbə dəvət edilir.

 

 “Məktəblinin dostu” layihəsi çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin adı tez-tez hallanır. Layihədən danışarkən Mərkəzi kənarda tutmaq, demək olar ki, mümkün olmur. Çünki məktəblinin dostlarının müdaxilə etdiyi hadisələrin böyük əksəriyyətində psixoloji dəstək mütləq təmin edilir. Müraciətlər əsasında psixoloji dəstək, diaqnostika və korreksiya işləri aparılır. Ailə terapiyası, valideynlərlə seminarlar və təlimlər keçirilir.

 

Psixoloji Mərkəzin psixoloqları vəzifələrinin öhdəsindən lazımınca gəlirlər. “Məktəblinin dostu” məktəbə getdiyi gündən bu yana psixoloqların müdaxilə etdiyi və fərdi konsultasiyalara cəlb edilən şagirdlərin sayı mini keçib.

 

Psixoloji Mərkəzdə hazırda 2 psixoloq - Mehriban Verdiyeva və Nərmin Abbasova öz məsləhətləri ilə həm məktəblilərin, həm müəllimlərin, həm də onların valideynlərinin xidmətindədirlər. Onlar məktəblinin dostlarının bir çağırışı ilə məktəblərə gedir, şagirdlərin problemlərini dərindən araşdırırlar. Artıq məktəblilərin himayədarına belə çevriliblər. Uşaqlar ata-analarını indi psixoloqları ilə “hədələyirlər”. Valideyninə “Psixoloquma deyəcəm!”, - deyə xəbərdarlıq edirlər. Elə valideynlər də psixoloqların məsləhətlərindən çıxmır, lazım gələrsə, onların təlimatına uyğun hərəkət edirlər. Öz səhvlərini psixoloqa etiraf etməkdən çəkinmirlər. 

 

Qeyd edək ki, Psixoloji Mərkəz Bakı şəhəri 150 nömrəli tam orta məktəbdə yerləşib. “Məktəblinin dostu” layihəsinin ilk günündən fəaliyyətdədir. Məqsəd də budur ki, müxtəlif yaş qrupunda olan şagirdlərə, onların valideynlərinə, həmçinin müəllimlərə ehtiyac olduğu təqdirdə psixoloji dəstək verilsin. Bu dəstək həm məktəbdə, həm də Psixoloji Mərkəzdə göstərilə bilər. Psixoloq Mehriban Verdiyevanın sözlərinə görə, məktəblərdə konsultasiya üçün şərait yaradılsa da, Psixoloji Mərkəz uşaqlar üçün daha maraqlıdır: “Bura gəlməyə həvəs göstərirlər. Xüsusən, bir dəfə gəlib gördükdən sonra daha da həvəslənirlər. Məktəb mühitindən ayrılmaq da onlara yaxşı təsir göstərir. Əlimizin altında hər bir material, diaqnostik vəsaitlər olduğu üçün biz də konsultasiyaların burada  keçirilməsində maraqlıyıq. Bəzi diaqnostik vasitələri götürüb məktəbə getmək çətinlik yaradır”.

 

 

Onlar məktəblilərə gələcək məşğuliyyətlərini müəyyənləşdirməkdə də kömək edirlər

 

Psixoloqlar sadəcə hipeaktiv olduğu, ya da tez-tez məktəbdə dava saldığı, yaxud dərslərə biganə qaldığı üçün məktəblilərin köməyinə getmir. Onlar məktəblilərə gələcək məşğuliyyətlərini müəyyənləşdirməkdə də kömək edirlər. Psixoloji Mərkəzdə 7-8-9-cu sinif şagirdlərinin karyera planlamasından tutmuş nisbətən ağır psixoloji problemlərini aradan qaldırmağa qədər hər məsələdə yardımçı olmağa çalışırlar.

 

Yeri gəlmişkən, Psixoloji Mərkəz fəaliyyətə başladığı ilk gündən məktəblilərin ixtisas seçiminə xüsusi diqqət yetirir. Hətta bu, onların fəaliyyətinin əsas istiqamətlərindəndir. Təkcə bu il peşəyönümü və karyera planlaşdırması ilə bağlı 32 məktəbdə 825 şagirdi əhatə edən davamlı təlim sessiyaları aparılıb. Psixoloqların təlimləri həm diaqnostik, həm də maarifləndirici olub: “Peşələrlə bağlı müzakirələr aparır, meyil və bacarıqlarını müəyyənləşdirən testlərdən keçirir, onlara ümumi məsləhətlər veririk”.

 

Ümumiyətlə, Psixoloji Mərkəzdə çoxsaylı tədbirlər həyata keçirilib. Mərkəzin təşəbbüsü ilə indiyədək 3 müxtəlif formatda karyera planlama təlimləri baş tutub. Əsasən, 7, 8, 9 və 10-cu siniflərin qatıldığı təlimlər həm məktəblərdə, həm də Psixoloji Mərkəzdə təşkil edilib. Əksəriyyətində şagirdlərlə yanaşı, valideynlər də iştirak edib.

 

 

Şagirdlərin asudə vaxtlarının düzgün idarə olunmamasının ağır nəticələri

 

 

Psixoloji Mərkəzdə intihara meyilli uşaqları müəyyən etməyə kömək edən diaqnostik vəsait hazırlanıb. Qrant layihəsi çərçivəsində hazırlanıb ilk dəfə 200 nömrəli məktəb-lisey kompleksində tətbiq edilən vəsait artıq layihənin icra olunduğu bütün məktəblərdə iş zamanı psixoloqların köməyinə gəlir. Psixoloq Mehriban Verdiyeva deyir: “Suisidial fikrin diaqnostikası və korreksiyası” adlı bu layihəni Təhsil Nazirliyinin qrant müsabiqəsinə də təqdim etdik.  Layihənin sonunda diaqnostik vəsait yaratdıq. Bu vəsait intihara meyilli uşaqları müəyyən etməyə kömək edir. Ümumiyyətlə, risk qrupuna daxil olan uşaqlar müəyyən olunur və onlarla fərdi korreksiya işləri aparılır”.

 

Mehriban Verdiyevanın sözlərinə görə, onlar depressiyası olan və təşvişli uşaqlar üzərində  psixoloji təlimlər keçir, onların fərdi inkişafına kömək edəcək söhbətlər aparır, valideynlərlə seminarlar keçirirlər.

 

Beləliklə, “Məktəblinin dostu” layihəsi çərçivəsində 136 məktəblinin dostu və 2 peşəkar psixoloq məktəblərdə uşaqların davranışını izləməklə bir çox ciddi problemləri önləməyə nail olur. Mehriban Verdiyeva hesab edir ki, məktəblərdə psixoloji problemlər daha çox şagirdlərin asudə vaxtlarının düzgün idarə olunmaması nəticəsində müşahidə olunur: “Məktəblərdə uşaqlar özünə bir “qurban” müəyyənləşdirib hər fürsətdə ona qarşı planlar qurur, yaranan boş vaxtdan istifadə edib, güclərini ona yönəldirlər. Bu vəziyyətdə uşaqları idarə etməkdə əsas yük məktəbin və müəllimin üzərinə düşür. Təcrübə göstərir ki, psixoloji problemlər daha çox ailələrdən qaynaqlanır. Valideynlə uşaqların ünsiyyəti düzgün qurulmayanda belə problemlərə səbəb olur. Valideyn uşağı eşitmir, vaxtının olmadığını əsas gətirib onlara vaxt ayırmır, qucaqlamır, öpmür, sevgisini uşaqlarına göstərmir. Yaxud, uşaq dərsdən, imtahandan aşağı qiymət alanda onları danlayır, başını aşağı əydiyini deyir, uşaqlarına görə utandıqlarını göstərməkdən çəkinmirlər. Nəticədə uşaqları ilə aralarında sonradan aşa bilmədikləri uçurum əmələ gəlir”.

 

Bunu nəzərə alan “Məktəblinin dostları” məktəblilərin problemlərinə fərdi qaydada müdaxilə etməklə kifayətlənməyib, onları və valideynlərini maarifləndirmək üçün də əllərindən gələni edirlər. “Məktəblinin dostu” layihəsi çərçivəsində həyata keçirilən tədbirlərin çoxu təhlükəsizlik məqsədi daşısa da, şagirdlərin istedadlarının üzə çıxarılması, intellektual inkişafla bağlı təşəbbüslər, xüsusi günlərə həsr edilmiş birgə (məktəb-şagird-valideyn) tədbirlər, o cümlədən komanda idman oyunlarının təşviqi də az deyil. Təkcə bu il ərzində ümumilikdə 5 kateqoriya üzrə 150-yə yaxın təşəbbüs icra edilib.

 

 

Məktəblinin dostları həmişə hazırdır

 

 

Bir sözlə, məktəblinin dostları hazır vəziyyətdə dayanıblar. Özü də çox iddialıdırlar. Onların olduğu məktəbdə məktəb təhlükəsiz, valideyn arxayındır.

 

Ruhiyyə DAŞSALAHLI

 



26.04.2019 | 09:52