Get, sən Bakıya qayıdacaqsan...

Elə bir həftədəyik ki, müəllimlər, direktorlar yenə də gündəmdir. Yenə dinləmədən yarğılamalarla üz-üzədir bütöv bir sistem. Dəhşətlisi odur ki, “bir pis varsa, sistemdəki hər kəs pisdir” iddiası ortadadır. Düzü, bəzən axına düşüb gedir adam. Deyirsən yəqin artıq hər yer qara rəngdədir. Ağ gördüyüm də qaradır yəqin, sadəcə, gözlərimə ağ gəlib, görmürəm... Yəni durumun bu qədər qarışıq olduğu yerdə bir işıqlı üz, ağ sima həm də sənə səslənir, danışır. Anlayırsan ki, gözlərin qapalı deyil, görürsən, duyursan, eşidirsən. Hələ işıqlı adamları tükənməyib dünyanın və məmləkətin.

 

Bu gün sizə təqdim etdiyimiz sima təhsil sisteminin işıqlı adamlarından biridir. “Məktəb illəri”ndəki həmsöhbətimiz Binəqədi rayon 313 nömrəli məktəbin direktoru, Respublikanın qabaqcıl təhsil işçisi Zakir Bayramovdur.

 

- Məktəbimiz 2007-ci ildə tikilib. Həmin ildən mən burada rəhbərlik edirəm. Amma ona qədər olandan başla desəniz, 1954-cü il təvəllüdlüyəm, Salyanın Kürsəngi kəndində fəhlə ailəsində doğulmuşam. Kəndimizin məktəbi səkkiz illik idi. 1961-ci ildə birinci sinfə getmişəm. Mənə dərs deyən müəllimlərin hamısı bu gün də yadımdadır. Onların bizə qayğısı, diqqəti, sevgisi bir başqa idi. İbtidai sinif müəllimimiz Hüseynbala müəllim idi. İndi həyatda deyil. Amma çox işıqlı adam idi. Əlimdən tutub yazdırdığı ilk söz “ana” idi.

 

 

Atan gələndə deyəcəm...

 

 

Səkkizinci sinfi bitirəndə bir çoxları davam etmək istəmirdilər. Amma bizim ailədə dedilər, yox, bitirmək lazımdır. Kəndimizdən yuxarıda Yuxarı Xalac kəndinin çox güclü məktəbi var idi. Valideynlərim məsləhət gördü ki, orda təhsilimi davam etdirim. Onlar daha çox və daha yaxşı oxumağı tələb edirdilər. Mən deyə bilmərəm hansının üzərimizdə diqqəti az olub, hansının çox, ikisi də eyni qədər bizimlə maraqlanırdı. Diqqətdən kənarda qalmağımıza imkan vermirdilər. Ümumiyyətlə, elə bil zəmanə o cür idi. Valideynlərin özlərinin ali təhsili olmasa da, uşaqlarına təhsil verməkdə maraqlı idilər. Bütün həyatlarını az qala buna sərf edirdilər.

 

Məndən də hamıdan tələb olunanları istəyirdilər. Oxumalıydım, özü də yaxşı oxumalıydım, başqa yolum yox idi. Amma dəcəl idim, o birilərdən çox dəcəl. Ən qorxduğum hədə isə anamın “atan gələndə deyəcəm”  sözü idi. Anam o sözü dedimi, axan sular dururdu mənim gözümdə. Atam zəhimli kişi idi. Bizi döyməyi olmazdı. Amma anam şikayət edirdisə, sözünü bitirənə qədər diqqətlə üzümüzə baxardı atam, sonra da üzünü çevirib gedərdi. Onun bu jesti bizə bəs idi. Bəlkə ən pis sözdən də ağır idi o baxışlar. Sonra uzun müddət ona yaxınlaşıb nəsə deməyə, yanında danışmağa qorxardıq. Özümüzü yığışdırırdıq. Ailənin təsərrüfat işləri ilə məşğul olmağımızı görəndə atamın xoşuna gəlirdi. Mən də onun gözündə ucalmaq, həm də anama kömək eləmək üçün o işləri ürəkdən görürdüm. Kitabımı da əlimdən yerə qoymurdum. Amma ortancıl qardaşımı keçə bilmirdim. Aramızda ən əla oxuyan o idi. Kimin dərslə bağlı nə problemi olardısa, ona yaxınlaşırdı. Düzünü deyim, bəzən sui-istifadələrim də olurdu. Özüm əziyyət çəkməyim deyə, qardaşımdan dəstək alırdım. Bilmirəm, o, bunu başa düşürdü, ya yox, amma heç zaman kömək etməkdən imtina etmirdi. Hətta başa düşürdüsə belə, yəqin ki, mənim sonbeşikliyimə, dəcəlliyimə görə üzümə vurmurdu. Nə də olsa, uşaq idik, min oyunumuz vardı...

 

 

Çıxdı buz üstə qoçaq...

 

 

Bir məktəb yoldaşım var idi, Hüseyn adlı. Məktəbə həmişə bir gedib gələrdik. Qış aylarında ikimizin də ən sevdiyi bir iş var idi. Yollardakı üstü buz bağlayan xırda gölməçələrin üzərindən sürüşərdik. Bunu hər dəfə etmək üçün evdən bir az tez çıxırdıq ki, “qış oyunumuz” dərsə gecikməklə nəticələnməsin. Çünki bilərdilər və bizi danlayardılar. Nə isə... bir gün oynayanda buzu qırdıq. İkimiz də suyun içinə düşdük. Təsəvvür edin, səhər tezdən iki azyaşlı uşaq buzlu suya yıxılıb, paltarlar suyun içindədir. İkimiz də eyni vaxtda qayıtdıq ki, yox, evə dönmək olmaz, məktəbə... Çünki qızıl qayda var idi ailələrdə o zaman, nə olur olsun, dərsdən qalmaq olmaz, dərs buraxmaq olmaz. Beləcə, suyumuz süzülə-süzülə məktəbə gedəsi olduq. Müəllim sinfə girən kimi uşaqlar dedilər ki, Zakirlə Hüseyn suya düşüb. Müəllim bizi ayağa qaldırdı, vəziyyətlə tanış oldu və direktorun yanına apardı. Direktordan qorxurduq, zəhimli idi, amma humanist adam olduğunu da hamımız bilirdik. Tez evə getməyimizin məsləhət olduğunu bildi.

 

 

Müəllim elə insandır ki...

 

 

Mənim aləmimdə müəllim elə insandır ki, onun sayəsində gələcək qazanırsan. İndi yaşın o dönəmindəyəm, müəllimlərimin xeylisi həyatda yoxdur. Amma həyatda olanda özlərini, dünyasını dəyişəndən sonra da gedib məzarlarını ziyarət elədiklərim olub. Elə indi də həyatda olanlara baş çəkirəm. İsmayıl və Sərəfraz müəllim həyatdadır. Onların dünyasını dəyişəninə də, həyatda olanına da mən həmişə minnətdaram. Bilirsiniz, insan ədalətini və vicdanını itirməyə gərək. Bu gün mən kiməmsə, nə qazanmışamsa, məhz onlardan öyrəndiklərim sayəsindədir.

 

Həmişə atamın bir sözü yadımdadır. Təhsil almaq hələ adam olmaq deyil. Misallar da göstərirdi mənə, deyirdi bax, o filankəsdən savadlısı yoxdur, amma adam deyil. Ya da həyat elə gətirib ki, təhsil ala bilməyi deyə, birini göstərirdi. Deyirdim axı ola bilməz, hamı onu sayır. Deyirdi hə, bala, o İNSANdır, yaxşı insan olduğuna görə hamının hörmətini qazanıb. İnsanlar onu sayır, sevir... Deyirdi, adam olmağı həyatda yaşayıb öyrənmək lazımdır. Bu, mənim qulağımda yaxşı bir sırğa kimi asılıb. Yaxşı adam olmaq üçün çalışmışam. Yəni yaxşı adam nə etməlidirsə, ona etmişəm, indi nə qədər alınıb bilmirəm.

 

 

Üç mükafatçı

 

 

Direktor kimi fəaliyyətdə olduğum vaxtdan bəri atamın tövsiyələrinə əməl eləməyə çalışıram. Səmimi deyirəm, əməl etdiklərim sırasında hələ uduzduğum olmayıb. Bəlkə elə qazandığımız uğurlarda da o qaydaların böyük rolu olub. Bu tədris ilinin başlanğıcında məktəbimizdən üç müəllim təltif edilib.

 

Yeri gəlmişkən, dövlətimizə və cənab Prezident İlham Əliyevə bu etimad üçün minnətdaram.

 

 

Kişi müəllimlər

 

 

Bir məqama xüsusi toxunmaq istəyirəm. İbtidai sinfə gələn uşaqlara elə qadın müəllimlər dərs desə yaxşıdır. Çünki ilk müəllim təkcə təhsil vermir, həm də uşağa qarşı daha çox həssas olmalıdır. Uşağın gördüyü ilk ictimai adamdır ibtidai sinif müəllimi. Mən arzulayardım ki, ibtidai metodistlərimizin çoxu elə qadınlar olsun. Ancaq yuxarı siniflərdə kişi müəllimlərim çoxluğuna tərəfdaram. Doğrudur, anlaşılandır ki, əməkhaqları o qədər böyük məbləğdə deyil ki, ailə başçısı olan kişi müəllimlər bir iş yeri ilə kifayətlənsinlər. Bəlkə də bu üzdən müxtəlif fənlərin tədrisində də qadın müəllimlər çoxluq təşkil edir. Amma düşünürəm kişi müəllimlərin artmasına ehtiyac da var. Çünki biz məktəblərdə təkcə qızlar oxudub, böyüdüb, yetişdirmirik. Həm də xarakterli oğlanlarımız olsun istəyirik. Xarakterli oğlanların formalaşmasında isə kişi müəllimlərin böyük təsiri olur. Bütün problemlərə baxmayaraq, mən gənc nəsil həmkarlara deyirəm ki, gəlin, qorxmaq, narahat olmağa dəyməz, gəlin, müəllim olun oğlanlar, müəllimlik müqəddəs peşədir. 

 

 

Kimsəyə demədiyim xatirə

 

 

Ali təhsilimi bitirmişdim. O vaxt təyinatların çoxunu rayon kəndlərinə verirdilər. Şəhər də elə bir yer idi ki, hətta rayondan gələnlər də geri getmək istəmirdilər. Təyinat müddətində şəhərdə müxtəlif iş tapıb işləyirdilər. Mən getdim. Pedaqoji İnstitutu bitirib qardaşımgildə bir az gözlədim. Təyinatımın verilməsini və diplomumu gözləyirdim. Könüllü almışdım təyinatımı. Kənd müəllimi kimi işləmək maraqlı idi. Sabirabad rayonuna təyinat aldım. Demişdim Moranlı, Həşimxanlı kimi uzaq kəndlərə də təyin etsələr gedəcəm. Bir yay axşamı idi. Alatavada yaşayırdıq. Mikrorayona gedən yolda köhnə bazar vardı. Gördüm məndən altı-yeddi metr qabaqda bir qara maşın saxladı. Qapısı açıldı, maşından Heydər Əliyev düşdü. Mən onu o vaxta qədər ekrandan görmüşdüm. Gözlərimə inana bilmədim ki, efirdə gördüyüm adam təsadüfən qarşımdadır. Bir dəqiqə içində adamlar onu dairəyə aldılar. Adamlarla söhbət edirdi, mən də heyrətlə baxırdım. Bazar, bazar qiymətləri, adamların dolanışığı ilə maraqlandı. Elə bil məni sezdi. Adamların arasından əlini mənə tərəf yönəltdi və sual verdi ki, sən tələbəsənmi? Dedim bu il bitirmişəm, qardaşımgildə təyinatımı və diplomumu gözləyirəm. Hara təyinat aldığımı soruşdu. Dedim rayona gedəcəm. Güldü, soruşdu ki, bu, özününmü arzundur? Dedim bəli, ucqar bir kənd məktəbində müəllim olmaq istəyirəm. Bir neçə ildən sonra qayıdıb yenə təhsilimi davam etdirmək arzumu da bildirdim. “Oğul, yaxşı fikirdi, get, indi cavanların hamısı butkalarda su satır, amma ən düzgünün sən seçmisən. Get, sən qayıdacaqsan da...”. Mənə ilk xeyir-duanı Heydər Əliyev verdi. Mən o günü heç zaman da unutmuram.

 

Sabirabadın Qaratuğay kəndində 7 il kimya və biologiya fənlərindən dərs dedim. Sonra 1982-ci ildə kəndimizə qayıtdım, ata-anama baxmaq lazım idi. Ailəli idim. Atamgilin evinin yaxınlığında özümə ev tikdim. 1975-ci ildə Bakıya gəldim. Beş il də AMEA-nın Kibernetika İnstitutunda işlədim. Gördüm burda çalışmağın sonu yoxdur. Xətai rayonundakı məktəblərdən birində dərs hissə müdiri kimi fəaliyyətə başladım. 2007-ci ildən isə artıq Binəqədi rayonundakı 313 nömrəli məktəbdə direktor kimi çalışıram.

 

 

On iki günə on yeddi sinif

 

 

Məktəbə müəllimləri özüm toplamalı oldum. Təsəvvür edin, əmrimi verib təyin ediblər, bir məktəbdir, bir mənəm, başqa kimsə yoxdur. Sentyabrın 3-də mənə bildiriblər ki, 15-nə məktəb dərs ilinə tam heyətlə hazır olmalıdır. Məktəbi yığmaq üçün təxminən on iki günüm var. Bacarmayacağımdan narahat olurdum. Bir katib götürdüm ştatla işə. Onunla başladım həm şagird qəbuluna, həm də müəllim seçiminə. 337 şagird üçün müraciət olundu. Bunun ardınca test sualları hazırlatdım ki, işə götürmək üçün müsabiqə keçirim. Çox sürətli müəllim və şagird axını var idi, ədalətli olmaq şərt idi. Bütün fənlər üzrə iki-üç müəllim işə götürdüm. Dərs ilinin başlanğıcına, yəni, on iki günə on yeddi siniflə fəaliyyətə başladıq...

 

...İndi yüz müəllim, iki mindən çox şagirdlə yola davam edirik. Artıq bir neçə ildir respublika üzrə yaxşı məktəblər siyahısına düşə bilmişik.

 

Mühit həmişə vacibdir

 

Düşdüyüm mühit elə idi ki, oxumaqdan başqa yolum yox idi. Qardaşımla bir evdə qalırdıq. Bizi valideynlər işləməyə qoymurdu. Özləri bacardıqları qədər dəstək olurdular ki, fikrimiz ancaq dərsdə, oxumaqda olsun. Üstəlik, təqaüdlərimiz vardı və qardaşım yaxşı tələbə olduğu üçün əlavə təqaüd də alırdı. Bu, bizə yetirdi. Bir də istər-istəməz böyük qardaşımla bir evdə qaldığımız üçün onun çevrəsinin təsirindən kənarda ola bilmirdim. Qardaşım daxil hamısı oxuyan uşaqlar idi. Onların yanında olub oxumamaq, ya da aşağı qiymət almaq mümkün deyildi. İndi onların xeylisi ən müxtəlif vəzifələrdə çalışır. O zamansa oxumayan adama birtəhər baxırdılar, yaxınlarına buraxmazdılar. Necə yəni oxumuram? O üzdən qiymətlərim həmişə yaxşı olub. Yəni ərköyün tələbə, oxumayan uşaq olmamışam. Şagirdin, tələbənin düşdüyü mühiti də həmişə vacib saymışam. İndi də mühit vacib məsələdir. Çalışdığım müəssisədə bunu həmişə nəzərə alıram. Şagirdlərimiz üçün münbit mühit olmalıdır ki, onlar yaxşını aydın seçə bilsinlər.

 

 

Müəllimin arzusu

 

 

Heç yadımdan çıxmaz, bizə ilk dəfə atom kimyasından mühazirə oxunurdu. Mardaxayev soyadlı, milliyyətcə yəhudi müəllimimiz var idi. Mühazirənin ortasında dayanıb auditoriyaya diqqətlə baxdı və dedi ki, hamınız gəncsiniz, diqqətlə sizə baxanda adama elə gəlir, qarşısında coşqun çay var.  Arzu edirəm ki, bu coşqunluq, enerji sizi həmişə yaxşıya sarı aparsın, uşaqlar. Sizin üçün indinin ən yaxşısı, əla təhsil almağa çalışmaqdır. Sonra həyatınızda heç zaman belə fürsətiniz olmayacaq, onda da “kaş ki” deyəcəksiniz...

 

 

SON: Zakir müəllim niyə bu fikirləri söhbətin sonunda səsləndirdi?  Belə sonluq nəyə lazım idi axı?  Anlamaq çətin deyil. Əminəm ki, bu, şagirdlərini “kaş ki”lərdən qorumaq arsuzudur. Daha yaxşı təhsilə, daha yaxşı nəticələrə can atmaları üçün bir çağırışdır. O dedi, mən qələmə aldım, qəzetimiz diqqətinizə çatdırdı bu arzunu. Yenə də son seçim uşaqlarda, şagirdlərdədir. Kaş Zakir müəllim kimi təcrübəli müəllimlərdən bəhrələnməyi lazım bilələr. Sonra həyatda “kaş ki” deməmək üçün...

 

 

Jalə MÜTƏLLİMOVA

 



26.04.2019 | 11:14