Şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi

Hazırda təhsil sahəsində ən geniş tədqiq olunmuş sahə təhsilin məzmunu, ən az tədqiq olunan sahə isə təhsil sisteminin, xüsusilə də təhsilin keyfiyyətinin idarə olunmasıdır. Təhsil müəssisələrində zəruri dəyişikliklər aparmaq üçün hər bir təhsil müəssisəsinin və hər bir şagirdin inkişaf dinamikasının davamlı monitorinqinə ehtiyac var. Müəllimlər şagirdlərin, rəhbərlik isə müəllimlərin və şagirdlərin inkişaf dinamikasının kifayət qədər obyektiv və davamlı qiymətləndirilməsində maraqlı olmalıdırlar. Müasir məktəbdə şagirdlərlə düzgün işin təşkili, sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin daha da inkişaf etdirilməsi hər bir dövrdə olduğu kimi bugünümüzün də aktual məsələlərindəndir.

 

Təhsil naziri Ceyhun Bayramov 16 aprel tarixində paytaxt məktəblərinin direktorları ilə görüşündə qeyd etmişdi: “Hər bir şagirdinizi tanıyın”. Bəs məktəblərdə bu işi necə təşkil etmək olar?

 

İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyində 2018-2019-cu tədris ilindən başlayaraq II-VI sinif şagirdlərinin inkişaf dinamikasını izləmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin layihəsi olan “Şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi kitabçası” tətbiq olunmağa başlanıb. İlkin olaraq, bu layihəmizə Azərbaycan və rus dillərində tədris alan 600 nəfərədək şagird cəlb olunub. Layihənin başlandığı dövrdə müəllimlərin bəziləri tərəddüd etsə də, sonda məqsədimizi düzgün anlayaraq həvəslə bu prosesə qoşulublar.

 

Kitabçada şagirdin soyadı, adı, atasının adı, oxuduğu sinfi, sinif rəhbərinin soyadı, adı, atasının adı, liseydə təhsil almağa başladığı il, şagirdin şəkli, kitabçanın doldurulma qaydaları, layihənin məzmunu, məqsədi və gözlənilən nəticələr yazılıb. İbtidai siniflər üçün nəzərdə tutulmuş kitabça formalarında Ana dili, riyaziyyat, xarici dil, informatika, həyat bilgisi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənləri üzrə müəllimlər öz soyadını, adını, şagirdin KSQ və BSQ-lərini balla və qiymətlə, şagirdin fəaliyyətinin qiymətləndirilməsi sütununda isə sözlə təsvirini yazır, sonda tarixi qeyd edir və imza atır. Kitabçanın sosial fəaliyyəti sütununda sinif rəhbəri və təşkilatçının şagird haqqında məlumatları, psixoloji və sosial durumu sütununda isə psixoloq gündəlik müşahidələri və aparılan sorğuların nəticələrinə əsasən məlumatları qeyd edir. Valideynlər bölməsində bir valideyn və ya hər ikisi övladında baş verən dəyişikliklər, dərsə münasibəti və ailədə özünüidarəsi barədə məlumatları yazır.

 

Hər bir dövrün sonunda valideyn irad və təkliflər bölməsində öz istəklərini, iradlarını, rast gəldiyi müsbət və mənfi halları qeyd edir.

 

V və VI sinif şagirdləri üçün nəzərdə tutulmuş kitabçada isə həmin siniflərdə tədris olunan fənlər haqqında məlumatlar yazılır.

 

Məqsədimiz hər bir şagirdin fəal müşahidələr aparılaraq mütəmadi olaraq diqqət mərkəzində saxlanılması, onun inkişafını təmin edən fərdi tədbirlərin müəyyənləşdirilməsi, valideynin dolğun məlumatlandırılması, onunla faydalı və intensiv əks əlaqənin qurulmasıdır.

 

Şagirdin nailiyyəti olan hissədə fənn üzrə kiçik və böyük summativ qiymətləri, həmçinin başqa qiymətləndirmələr də olarsa, adları göstərilməklə qeyd edilir. Kiçik və böyük summativ qiymətləndirmələri fərqləndirmək üçün böyük summativ  qiymətləri dairəyə alınır (böyük summativ qiymətləndirmə direktor tərəfindən obyektiv aparılır, ciddi təhlil olunur və dinamika izlənilir).

 

Kitabçada ildə 4 dəfə qeydlər aparılır:

 

10 noyabr tarixi ərəfəsində     (15 sentyabr - 10 noyabr aralığı) - I dövr

 

20 yanvar tarixi ərəfəsində     (21 noyabr - 20 yanvar aralığı) - II dövr

 

12 mart tarixi ərəfəsində                  (1fevral - 12 mart aralığı ) - III dövr

 

7 iyun  tarixi ərəfəsində          (27 mart - 7 iyun aralığı) - IV dövr

 

Hər dövrün sonunda cədvəldə adları qeyd edilənlərin hər birinin iştirakı ilə direktor müavininin yanında müzakirələr aparılır və nəticə direktor müavininin sətrində qeyd edilir.

 

Keçən dövr ərzində müəllim, sinif rəhbəri, psixoloq və təşkilatçının iştirakı ilə direktor müavininin yanında hər bir şagirdin ayrılıqda inkişaf dinamikası üç dəfə müzakirə edilib, hər bir şagirdlə bağlı fərdi tədbirlər müəyyənləşdirilib. Qeyd edək ki, tədris ilinin sonunda da  qeyd olunan məsələlər müzakirə olunacaq.

 

Kitabça hər şagird üçün ayrılıqda tərtib edilir və sinifdəki bütün uşaqların kitabçaları bir qovluqda saxlanılır.

 

Məktəbin psixoloqu, dəvət olunmuş psixoloqlar Gülnarə Abuzərova və Nərgiz Rəsulova valideynlər, müəllimlər və şagirdlərlə görüşlər keçirib, onlarla sorğular aparıblar. Bütün bu sorğuların analizləri həmin kitabçalara əlavə olunub.

 

Apardığımız araşdırmalar nəticəsində məlum olub ki, ölkəmizdə psixoloqlar əksər valideynlər tərəfindən düzgün qəbul olunmur. “Keçib gedər, hələ uşaqdır” məfkurəsilə yaşayan bəzi valideynlər tərəfindən övladı haqqında psixoloqun verdiyi rəylər bəzi hallarda aqressivliklə qarşılanıb. Həmin valideynlər liseyə dəvət olunub, psixoloqların iştirakı ilə müzakirələr aparılıb.

 

Gəldiyimiz nəticə budur ki, “Şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi kitabçası”nın tətbiqi təlim-tərbiyə prosesinin inkişafı və nəzarətin həyata keçirilməsi üçün konkret mexanizm yaradır, şagirdlərin təlim nəticələri yüksəlir, müəllimlər fəallaşır, şagirdi daha dərindən öyrənməyə çalışır, şagirdin fərdi inkişafı konkret məqamlarla diqqət mərkəzində olur. Sinif rəhbəri, psixoloq, təşkilatçı və direktor müavini məktəbdə gedən təlim-tərbiyə prosesinə aktiv qoşulur, idarəetmə çevikləşərək nəticəyönümlü olur. Valideynlər dolğun məlumatlandırılır və sürətli əks əlaqə yaradılır.

 

Kitabçada valideynlər tərəfindən yazılan iradlar və təkliflər də liseydə təlim-tərbiyə prosesinin düzgün həyata keçirilməsinə və gələcək strateji planların qurulmasına kömək edir. Valideynlər tərəfindən qeyd olunmuş haqlı iradlar araşdırılıb və həll olunub, irəli sürülmüş təkliflərin bəziləri həyata keçirilib.

 

Tədris ili başa çatdıqdan sonra kitabça liseyin direktoru tərəfindən imzalanacaq və şagirdin portfoliosunda saxlanılacaq.

 

Müasir dövrdə məktəb qarşısında duran əsas problemlərdən biri də məktəblə valideyn arasında daimi əlaqənin yaradılmamasıdır. İllər keçdikcə valideynlər məkanca məktəbdən daha da uzaqlaşırlar. Valideyn-məktəb əlaqəsi real formadan yaxşı halda virtual formaya keçir və ya ümumiyyətlə, yox olur.  Elə işgüzar valideynlərə rast gəlmək olar ki, onlar, ümumiyyətlə, övladlarının oxuduğu məktəbə baş çəkməyə vaxt tapa bilmirlər. Bu isə həmin valideynin övladının təlim-tərbiyəsinə birbaşa təsir edir. Bəzi hallarda bu sahədə informasiya-kommunikasiya texnologiyaları məktəb və valideynlərin köməyinə gəlir. İnformasiya texnologiyalarının tədris prosesinə tətbiqi məktəbin xarici mühitlə əlaqəsinin formasını dəyişdirərək, müəllim, valideyn və şagird arasında operativ informasiya mübadiləsinin yaradılmasına kömək edə bilər. Bu isə valideynlərin məktəbə gəlmədən internet vasitəsilə övladının təlim müvəffəqiyyətlərini izləməyə kömək edər. Bunları nəzərə alaraq, yaxın vaxtlarda onlayn “Şagirdlərin fərdi inkişaf dinamikasının izlənilməsi kitabçası”nı yaratmağı planlaşdırırıq. Burada məktəbin direktoru, müavinləri, psixoloq və valideynlərin bazası yaradılacaq. Hər bir müəllim bazada qeydiyyatdan keçən zaman onun dərs dediyi siniflər ekrana gələcək və o, həmin sinifdəki şagird üçün öz fikirlərini və qiymətlərini yaza biləcək. Müəllimin işini yüngülləşdirmək üçün şablon rubriklərdən də istifadə etmək olar. Müəllim bu rubrikləri öz fənninə uyğun olaraq bazaya bir dəfə daxil edir və şagird üçün məlumat yazanda hazır siyahıdan seçir. Valideynlər isə əvvəlcədən onlara verilən istifadəçi adı və parolla sistemə daxil olacaq və övladı haqqında məlumatları daxil edəcək. Bazaya daxil olan məlumatlardan müxtəlif statistik məlumatlar almaq olar. Direktor və müavinlər sistemə administrator kimi daxil olaraq siniflər və ayrı-ayrı şagirdlər üçün məlumatlara baxa bilər. Ayrıca olaraq, baza məlumatlarından istifadə edərək ümumi sinfin təlim nəticələrinin dinamikasını izləmək olar. Şagirdin elektron formatda olan bu kitabçası sonda çap olunub şəxsi işində saxlanıla bilər.

 

 

Nasim ABIŞOV,

İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin direktoru, pedaqogika üzrə elmlər doktoru, professor

 



27.04.2019 | 09:30